“Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyev 2019-cu ili əhalinin sosial müdafiəsinin gücləndirilməsi ili elan edib. Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Ötən 16 ildə uğurla aparılan sosial-iqtisadi islahatların, Dövlət proqramlarının, Fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. Dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələr bir sıra sosial proqramları təxirə salsalar da ölkəmizdə bütün sosial proqramlar uğurla icra etdirilir”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva İkisahil. TV-yə açıqlamasında bildirdi.
Jalə Əliyeva qeyd etdi ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Ölkə başçısının uğurlu siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. 2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə ardıcıl addımlar atılır. Təkcə minimum əməkhaqqının artırılması 600 min Azərbaycan vətəndaşının güzəranını əhəmiyyətli dərəcədə yüksəldəcək.
Jalə Əliyeva bildirdi ki, Prezidentin maaş artımı ilə bağlı imzaladığı sosial islahat paketi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu, böyük bir qrup əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Jalə Əliyeva, həmçinin sosial-iqtisadi inkişafın turizmin inkişafına böyük təkan verdiyini xüsusi olaraq qeyd etdi. Bildirdi ki, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən, gəlirli sahələrindən biri sayılır. 2002-ci ildən etibarən paytaxtımızda Azərbaycan Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətin turizm sənayesinin inkişafına necə böyük əhəmiyyət verməsini sübut edir. Bundan əlavə, indiyədək Azərbaycanın turizm potensialının zənginliyindən, bu sahənin imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın bir sıra böyük şəhərlərində-İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilib. Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.
Göründüyü kimi, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili durur.
Şəmsiyyə Əliqızı,
“İki sahil”