12 yanvar 2022 13:37
1843

Kamran Əsədov: Müəllim satıcı deyil ki, ondan gəlir vergisi çıxılsın - VİDEO

«Ona görə müəllimləri günahkar bilirik çünki ən çox gözləntilərimiz də onlardandır. Hər şey qarşılıqlı olmalıdır. Mən sənün üçün nələrsə etməliyəm, sən də mənim üçün. Ancaq burada müəllim üçün yaxşılıqlar edən valideynlər olmamalıdır. Müəllimlərin əməkhaqqıları qənaətbəxş olmalıdır ki, valideynlər əlavə məsrəflərlə yüklənməsinlər. Müəllimlər xüsusən də ibtidai sinif müəllimləri sinifdə uşağın çoxluğunu bəhanə edib dərsin səviyyəsini daha da aşağı salırlar ki, valideynlər uşaqlarını həmin müəllimənin yanına hazırlığa aparsınlar. Aydın məsələdir ki, sinifdə uşağın sayının çox olması yolverilməzdir. Xüsusən də pandemiyanın tüğyan etdiyi bir zamanda.»

Bu fikirləri “İkisahil tv”yə müsahibəsində təhsil eksperti Kamran Əsədov bildirib.

K.Əsədov qeyd edib ki, cari ildə təkcə Bakı şəhərində birinci sinifə 48 min uşaq birinci sinifə daxil olub. 320 məktəb üçün 48 min uşaq olduqca çoxdur. Bakıda bir dənə də olsun məktəb tapa bilməzsiniz ki,  sinif uşaqlarının sayı 30 dan aşağı olsun. Bu qədər uşağın adını sadalayıb qurtaranda bir 45 dəqiqə başa çatır. Bu zaman  nə baş verir?  Uşaq dərsdən gələndə valideyn soruşur ki, dərsini  soruşdu səndən müəllim. Uşaq deyir yox. Bütün siniflərin  də valideyn votsap qrupları var. Valideynlər başlayırlar müzakirələrə ki, müəllim uşaqlara yaxşı dərs keçmir. Başa düşürəm müəllimlərin də bəzilərində sui-istifadə halları olur. Özləri şərait yaradırlar ki, uşaqları əlavə hazırlıqlara cəlb etsinlər. Ancaq bunu bütün müəllimlərə şamil etmək olmaz.  Bu gün direktor müavini 600 manat müavinət alır. Bununla da 1500-2000 şağirdin təlim tərbiyəsinə cavabdeh olur. Bu gün müəllimin aldığı əmək haqqının 21 faizi vergiyə çıxır. Müəllim satıcı deyil ki, ondan gəlir vergisi çıxılsın. Hesab edirəm ki, bütün bu neqativləri aradan qaldırmaq üçün aşağıdakı üç səbəbi düzəltmək lazımdır. Birinci, şagird sıxlığını qaydaya salıb, əlavə siniflər artırmaq; İkinci, indiki dərsliklər bərbaddır. Birinci-ikinci sinfin dərslikləri elə bil universitet tələbələri səviyyəsində yazılıb. Dərsliklər uşaqların yaş səviyyəsinə və psixologiyasına aid deyil. İnformasiya yükü çoxdur; Üçüncü qəbul imtahanlarını sadələşdirməliyik.

Qənaətimcə bu kimi neqativ hallar aradan qaldırılsa təhsilimizin inkişafında da bir dönüş yaranar.

Şəmsiyyə Əliqızı, “İki sahil”