19 avqust 2019 18:00
318

Kərimli-Qəmbər deyişməsi yeni «formatda»

    Bu gün müxalif düşərgədə cərəyan edən  proseslərə diqqət yetirsək, yenə də eyni abı-havanın hökm sürdüyünü aydın  görmək mümkündür. Özlərini «birləşmiş müxalifətin lideri» kimi  təqdim etmək uğrunda mübarizənin əsas oyunçuları yenə də Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərdir. İ.Qəmbərin yenidən partiyaya rəhbərlikdə bulunması düşərgədə çaxnaşmanın, ən əsası  özlərini «ana müxalifət» kimi ictimai fikrə sırımağa çalışan ünsürlərin deyişməsinin dərinləşməsində katalizator rolunu oynayır. İ.Qəmbərə qarşı  əks cəbhədə dayananların ssenaristləri  isə Əli Kərimli və Arif Hacılıdır. Necə deyərlər, sən savaşa, mən tamaşa.

    Sual olunur: bu ünsürlər «birləşmiş müxalifət» dedikdə hansı birliyi nəzərə tuturlar? Düşərgədə cərəyan edən prosesləri izlədikcə ancaq bu olaylar diqqəti çəkir ki, deyişmələr yeni «formatdadır». Yəni, məqsəd, məram, oyunçular  eyni,  cızılan ssenarilərin tərkibi  bir az fərqlidir. Əsas olan budur ki, Ə.Kərimli və İ.Qəmbər bütün fəaliyyətləri boyu bir-birlərini rəqib kimi qəbul etmiş, ətraflarına  topladıqları «cırtdan partiyalar»dan  öz məqsədlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə səy göstərmişlər. Hər ikisi üçün şəxsi ambisiyalar öndə dayandığından onları birləşdirən yeganə amil ölkənin əleyhinə təbliğat aparmaları, ermənilərlə və ermənipərəst dairələrlə işbirliyində olmalarıdır.  Xarici antiazərbaycan qüvvələr üçün «mənbə» rolunu oynayan bu ünsürlər   aldıqdarı pulların qarşılığında ölkəmizi onların maraqlarına uyğun şəkildə təqdim edir, onları kənardan  izləyən hər kəs Azərbaycan deyil, Ermənistan vətəndaşı olduqlarına şübhə etmirlər. Çünki məqsədləri, məramları ancaq və ancaq uğurlarımıza qara eynəkdən baxmaq, xarici himayədarlarının çaldıqları havaya uyğun oynayaraq lazım olan məbləği əldə etməkdir.  Bütün fəaliyyətləri boyu «düşmən dəyirmanına su tökməklə» məşğul olan əli kərimlilər, isa qəmbərlər, arif hacılılar  üçün  vətəndaşlıq təəssübkeşliyi arxa plandadır. Məhz bu «fəaliyyətlərinin» nəticəsidir ki, «qazandıqları» pullarla ailələrinin  yüksək səviyyədə yaşayışını təmin edirlər. Amma unudurlar ki, Vətənini, xalqını şəxsi ambisiyalarına qurban vermək, bir sözlə,Vətənə xəyanət heç kəsə başucalığı gətirməz. Ə.Kərimlinin «Ruslan Bəşirli məktəbi» onun necə vətənpərvər olmasının  açıqlamalarındandır. Uşaq qatillərinin əməllərinə göz yumub, məqam yetişəndə hətta erməniləri müdafiə etməkdən çəkinməyən əli kərimlilərin, isa qəmbərlərin işbirliklərinə işıq salan xeyli sayda faktlar sadalamaq olar. Ermənilərlə qurulan işbirliyinin əsas oyunçularından olan R.Bəşirli tərəfindən  dəstəkçilərinə torpaqlarımız 2 min dollara vəd edilmişdisə, bu, artıq onların «Vətən sevgisi»nin, həmçinin maddi durumlarını hansı yollarla zənginləşdirdiklərinin göstəricisidir.  Əli Kərimlinin oğlunun xaricdəki «qəhrəmanlıqları» artıq hər kəsə məlumdur. Atasının ən çirkin yollarla əldə etdiyi vəsaitlər ona qınaq obyektinə səbəb olan həyatı seçməsində stimulverici amil rolunu oynayır. Amma elə ki, rəhbərlik etdikləri partiyaların maliyyələşməsi məsələləri gündəmə gətirilir, daş atıb başlarını  tuturlar ki, üzvlük haqqı hesabına dolanır, yaxud uşaqlarının xaricdən onlara göndərdikləri pullar  köməklərinə  gəlir. Yalansa doğrü olsun. «Bir həsirdən, bir də ki Məmmədnəsirdən»  idarət olan bir partiyanın üzvlük haqqı hesabına dolanmaqdan danışması nə dərəcədə real ola bilər, bu artıq ictimaiyyətin müzakirəsinə verilir. Araşdırmalar, həmçinin bu və ya digər müxalif düşərgənin təmsiçilərinin mətbuata müsahibələri bu kimi məqamlara  aydınlıq gətirir.      

     Bir müddət öncə ADP sədri Sərdar Cəlaloğlunun müsahibəsində yer alan fikirlərə diqqəti yönəldib şərh vermədən onların kimliyinin, yalan üzərində qurulan həyatlarının bir dəqiqəlik bələdçisinə çevriləcəyik.  Bir oğlunun Norveç, bir oğlu və qızının isə  İngiltərə vətəndaşı olduğunu bildirən S.Cəlaloğlu uşaqlarının xaricə getmək səbəblərini belə  açıqlayıb: “O vaxt Avropa Şurasının Azərbaycan üzrə nümayəndəsi mənə bildirdi ki, uşaqlarınızı aparaq xaricə, mən də etiraz eləmədim.”

   Sadəcə bunu demək istərdik ki,   Avropa Şurasının Azərbaycan üzrə nümayəndəsi  xaricə aparmağa uşaq tapmadımı? Sərdar Cəlaloğlu görünür “yalançını mənzilindək qovarlar” deyimini unudub.  Rəhbərlik etdiyi partiyasının haradan maliyyələşməsinə  gəldikdə isə bildirir:  “Biz əvvəlki kimi fəaliyyət göstərmirik. Binanın bütün xərclərini “Hüriyyət” qəzeti öz üzərinə götürüb. Hazırda elə də xərc tələb edən iş görmürük. Müavinlərimin ailələri işləyir, özləri pensiya alır. Hərdən pul lazım olanda oğlanlarımdan alıram.»

    Təkcə bu  faktı qeyd etməyimiz kifayətdir ki, müxalif düşərgənin təmsilçilərinin iç üzləri, əməlləri ictimaiyyətə bəlli olsun. Maliyyələşmələri qaranlıq olan partiyaların, yaxud onların rəhbərlərinin şəffaf fəaliyyətdən danışmaları gülüncdür. Məhz bu gizli, qaranlıq məqamların zənginliyidir ki, əli kərimlilər, arif hacılılar, isa qəmbərlər  bu gün  bir-birlərinin ünvanına yağdıracaqları  ittihamların çoxluğundan   siyahı tərtib etmək haqqında  baş sındırırlar.

Yeganə Əliyeva,

“İki sahil”