13 yanvar 2020 14:27
227

Kombilərdə qaza 20 faizədək qənaət edin - Türkiyəli mühəndisdən məsləhətlər

Türkiyənin paytaxtı Ankarada təxminən 2 milyon abunəçiyə təbii qaz paylama xidməti göstərən “Başkentgaz” şirkətinin mexanika mühəndisi Taha Kayapınarın sözlərinə görə, sadə üsullardan istifadə etməklə  təbii qaz istehlakına qənaət etmək mümkündür.

O bildirib ki, ilk növbədə təbii qaz avadanlıqları bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən quraşdırılmalıdır. Düzgün quraşdırılmış kombi sayəsində mənzil 15-20 dəqiqədən sonra isinməlidir.  Uzun müddət istiləşmə baş vermirsə, bu,  avadanlıqda və ona əlavə edilmiş qurğularda problemin olduğuna işarədir və mütəxəssis tərəfindən yoxlanılmalıdır.

Kayapınar, eyni zamanda,  kombi filtrlərinin zaman keçdikcə tıxana biləcəyini, baca və ya filtrlərdəki tıxanmaların daha çox təbii qaz istehlakına səbəb olduğunu da vurğulayıb. Bu mənada mühəndis kombilərin qış mövsümündən əvvəl mütəxəssis tərəfindən yoxlanılmasının vacibliyinə diqqət çəkib. Bildirib ki, tıxanıqlılar təmizlənməli və sistemin səmərəli işləməsi təmin edilməlidir. Nəticədə istehlakçıların görəcəkləri sadə, ancaq təsirli tədbirlər təbii qaz istifadəsində 20 faizədək qənaət etməyə imkan verir.

Bundan başqa, kombi evin və ya iş yerinin ölçüsünə görə seçilməlidir. Əgər eyvandadırsa, izolyasiya olunmalı, donma əleyhinə tədbirlər görülməlidir.

Eyni zamanda, ətraf mühitə istilik yayılmasını təmin edən radiatorların üzərinin mebel, pərdə qapadılmamasının, üzərinə çiçək qablarının, geyim və digər əşyaların qoyulmamasının vacibliyini bildirən mütəxəssis istiliyin çıxmaması üçün radiator və divar arasında istilik izolyasiya materialının qoyulmasının gərəkli olduğunu da deyib.

Həmçinin pəncərələrə örtük əlavə etməklə soyuq havanın daxilə, istiliyin xaricə axınının qarşısını almaq olar.

Radiatorlar isə  2 ildə bir dəfə mütəxəssislər tərəfindən təmizlənməlidir.

Bu addımları atmaqla  böyük temperaturda isti suyun radiatora keçməsini azaltmaqla kombinin işini də azaltmaq və həddindən artıq enerji istehlakının qarşısını almaq mümkündür. Kombidə istiliyi 1 dərəcə azaltmaqla enerjiyə 5 faiz qənaət etmək olar.

Türkiyəli mütəxəssis evdən çıxarkən səmərəlilik baxımından kombini sabit temperaturda saxlamaq əvəzinə onu söndürənlərin diqqətinə çatdırıb ki,  belə vəziyyətdə kombi  soyuq məkanı qızdırmaq üçün daha çox işləməli və normadan çox təbii qaz istifadə edir. Təbii qaza qənaət etmək məqsədilə kombini söndürmək əvəzinə aşağı temperaturda işlətmək daha düzgündür.