10 fevral 2020 19:48
708

Könüllülük gənclərin karyerasına yol açır

Könüllülük hərəkatı dünyanın bir çox ölkələrində geniş yayılıb. Belə ki, bu hərəkatın nüvəsində dayanan əsas amillərdən biri də həmin prosesdə  gənclərin iştirak etmələridir. Gənclərin fəaliyyəti belə hərəkatların öz əhatə dairəsinin genişləndirilməsinə  töhfələrini verir. Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də bu mənaları ehtiva edir. Xatırladaq ki,  həmin qərar  əvvəlki illərdə ölkəmizdə mövcud olan könüllülər hərəkatının yüksək fəallığının nəticəsidir. Ölkəmizdə keçirilən bütün mötəbər idman, incəsənət, mədəniyyət və s. tədbirlərində - Eurovision mahnı müsabiqəsində, I Avropa Oyunlarında, Formula 1 yarışlarında, IV İslam Həmrəyliyi Oyunlarında və s. kimi irimiqyaslı beynəlxalq tədbirlərdə, “ASAN xidmət”, DOST və digər xidmət sahələrində könüllülər mühüm işlər aparıb, bu tədbirlərin ən yüksək səviyyədə keçirilməsində xüsusi fəallıq göstəriblər.  Eyni zamanda, könüllülərin mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədəki iştirakları həm də belə deməyə əsas verir ki, bu hərəkat qarşıda daha nəhəng layihələrdə iştirak etməyə layiq olduğunu sübut edib.

Söz yox ki, bunların hər birində iştirak edən gənclərimiz  öz perspektivlərini açır, gələcəklərini müəyyən edirlər.

Təəssüf ki, bu gün bəzi “ağzıgöyçəklər”  könüllülük hərəkatını “pulsuz işləmək” adı ilə cəmiyyətdə mənfiləşdirməyə cəhd göstərir və bununla  hərəkatın fəaliyyətinə kölgə salmağa çalışırlar.  Düzdür, könüllülük deyərkən, biz əsasən öz istəyi, şəxsi seçimi əsasında, əvəzi ödənilməyən fəaliyyət növünü nəzərdə tuturuq. Amma burada  mühüm faktor var ki, həmin amil  özündə bir çox digər nüansları ehtiva etməkdədir. Məsələn,  ahıllara qayğı, hansısa bir sahənin gerilikdən çıxarılması, yaşıllıqlar salınması, təbiətin mühafizə edilməsi üçün keçirilən kampaniyalar, tarixi irsin qorunması və tanınması məqsədilə gerçəkləşdirilən işlər, ölkəmizin xaricdə tanıdılması yönündə reallaşdırılan planlar və s. Bütün bunların hər birində iştirak edən gənclərimiz əsasən öz perspektivlərini açır, qabiliyyətlərini üzə çıxarır, gələcəklərini müəyyən edir, uğurlu seçimləri ilə gələcəyin münbit kadr potensialına çevrilir, sağlam həyat tərzi ilə inkişaf edirlər. Ən əsası isə ailə, ölkə və dövlət üçün əsl vətəndaşa çevrilirlər.

Prezident İlham Əliyevin bu qərarı həm də onu sübuta yetirdi ki, onun ətrafında nəhəng gənclik ordusu birləşib və bu ordu dövlətimizin inkişafında, tərəqqisində öz dəyərli fəaliyyətləri ilə fərqlənir. Həmçinin dövlət başçımızın apardığı çoxşaxəli islahatların bir istiqaməti də gənclər siyasəti strategiyasıdır ki, bu strategiya özündə əhəmiyyətli məqamları əks etrirməkdədir. Təbii ki, bu məqamların hər birində dövləti sevmək, onun üçün hətta lazım gələndə təmənnasız  xidmət göstərmək arzusu əsas istiqamətdir. Könüllülər hərəkatının ən ali göstəricisi də elə budur.  Gənclərimizin böyük əksəriyyəti  bu hərəkatda əvəzsiz, təmənnasız, maddi marağı olmadan iştirak etmək arzusundadır. Fərəhli haldır  ki, bu gün könüllülər hərəkatında iştirak edən gənc nəslin nümayəndələri uğura gedən yolun məhz bu prinsipdən keçdiyini anlayırlar. “Könüllülər ili” gənc nəslin əməli fəaliyyətini, nəyə qabil olduğunu və əsl gücünü ortaya qoyacaq. Belə demək olarsa, könüllülük həm də həyatın bir sınağıdır, bu sınaqdan üzüağ çıxanlar isə şübhəsiz ki, gələcəyin layiqli vətəndaşları olacaqlar.

Vəli İlyasov, “İki sahil”