13 yanvar 2020 20:46
1360

Könüllülük həyatı gözəlləşdirən xeyirxah missiyadır

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər İli” elan etməsi ölkə vətəndaşlarının  hər birini cəmiyyətimizə xeyirxah və təmənnasız xidmət göstərməyə səfərbər edir. Bu, olduqca qiymətli çağırışdır. Bu şağırış ilk növbədə soydaşlarımızın birliyini və həmrəyliyini daha möhkəmləndirəcək və həyatımızın bütün sahələrinin daha da tərəqqisinə xidmət edəcəkdir. Artıq yüz minlərlə soydaşımız dövlət başçısının bu çağırışını alqışlayaraq qoşulacaqlarını bildiriblər.

Əslində hər bir insan öz həyatının könüllüsüdür. Təbii ki, insan özü üçün nələrisə etdikdə qarşılığında özündən mənfəət gözləmir, özünün inkişafını və yaxud öz arzusunu, məqsədini həyata keçirmək üçün bunu edir. Lakin hər hansı bir sahədə könüllü fəaliyyətlə məşğul olmağın insanın özü üçün könüllü nələrisə etməkdən ayrı bir fərqi var. O da etdiyi işin özü üçün yox, digərləri üçün nəzərdə tutulması və əldə etdiyinin özü ulə bərabər digərlərinə də xeyirli olmasıdır.

Uzaq keçmişə nəzər salsaq görərik ki, hətta ibtidai insanlar könüllülüyün ilk forması olaraq bir-birlərini vəhşi heyvanlardan qorumaq və qida əldə etmək üçün özlərini  təhlükəyə belə atıblar. Sonralar həyat mürəkkəbləşdikcə, tarix boyu yeni ictimai münasibətlər yarandıqca könüllülüyün sferaları da genişlənib.

Könüllü olmağın üstünlüklərindən çox danışmaq olar. Lakin əgər siz öz gələcəyinizi, gələcək karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə o zaman ilk olaraq hansısa humanitar , beynəlxalq təşkilatda və yaxud sizin karyera üçün seçdiyiniz sahə üzrə  təşkilatlarda könüllü olaraq fəaliyyət göstərəməyə başlayın. Çünki gələcəkdə bu, sizə çox böyük avantajdır. Hətta bəlkə də vəzifənizin, təhsilinizin sizə verə bilmədiyi yüksəkliyi hər hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz verəcəkdir ki, bu avantajın xeyirini həyatınız boyu hər zaman görəcəksiniz.

Bu yazdıqlarımdan sonra yadıma bir deyim düşdü. Hər zaman insanlar deyirlər ki, “kim nə əməl edirsə, onun qarşılığını görür”, yəni sadə el dilində desək, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Başqa sözlə, siz könüllü olaraq, sidq ürəklə, heç bir mənfəət gözləmədən gördüyünüz işin nəinki bir dəfə, hətta dəfələrlə, həyatınız boyu qarşılığını görəcəksiniz.

Biz Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadəni, Gəray Əsədovu, İsrafil Məmmədovu və onlar kimi başqalarını niyə unutmuruq? Niyə istər qəlbimizdə, istərsə də şəhərlərimizdə, rayonlarımızda heykəllərini ucaldırıq? Şair və yazıçılarımız onların həyat və qəhrəmanlıqları barədə povestlər, romanlar yazırlar, kinossenaristlər filmlər çəkirlər. Ona görə ki, onlar öz canlarını bizim azadlığımız, rahat yaşamağımız yolunda könüllü olaraq qurban veriblər. Biz onların hamısını sevirik, ruhlarını minnətdarlıqla, qədirbilənliklə yad edirik, qəhrəmanlıqlarını gələcək nəsillərimizə aşılayırıq. Bir sözlə,  könüllülər sırasında  olmaq böyük şərəfdir.

Vəli İlyasov, “İki sahil”