14 yanvar 2020 12:23
669

Kori Buker prezidentlik mübarizəsini dayandırıb?

2020-ci ildə ABŞ prezidentliyinə namizədlərin mübarizəsində iştirak edən ilk demokratlardan biri – Nyu-Cersi ştatından senator Kori Buker seçkiqabağı kampaniyasını başa çatdırdığını elan edib.

Buker bu barədə bəyanatını seçkiqabağı kampaniyanın saytında yerləşdirib. O qeyd edib ki, prezidentlik uğrunda mübarizədən çıxmasının əsas səbəbi maliyyə vəsaitinin çatışmamasıdır. Senator bəyan edib ki, maliyyə ianələrinin qalan məbləği kampaniyanın əməkdaşlarına məvacib kimi ödəniləcək.

Buker prezidentlik uğrunda mübarizədən çıxmasını Demokratlar partiyasının debatlarının yeddinci raundundan bir gün əvvəl, habelə Nyu-Hempşir və Ayova ştatlarında ilkin seçkilərdən bir neçə həftə əvvəl elan edib.

Xatırladaq ki, Nyu-Arkın keçmiş meri olan Buker seçkiqabağı kampaniyaya keçən il fevral ayında başlayıb. O, prezident vəzifəsinə iddia edən yeddinci demokrat idi. Bukerin kampaniyası 2019-cu ilin dördüncü rübündə 6,6 milyon dollar vəsait toplayıb. Bu, Berni Sandersin və keçmiş vitse-prezident Co Baydenin seçkiqabağı kampaniyaları nəticəsində toplanmış ianələrlə müqayisədə (müvafiq surətdə 35 milyon və 23 milyon dollar) xeyli azdır. //AZƏRTAC