Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə danışıqları üzrə nümayəndəsi Kim Myonq-gil KXDR ilə ABŞ arasında danışıqların davamının rəsmi Vaşinqtondan asılı olduğunu bildirib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR rəsmisi tərəflərin ötən həftə İsveçdə keçirilən və nəticəsiz başa çatan işçi səviyyədə danışıqlarını jurnalistlərə şərh edərkən belə deyib: “Danışıqların bundan sonrakı taleyi ABŞ-dan asılıdır. Ona görə də bu barədə Birləşmiş Ştatlardan soruşmaq lazımdır. Əgər ABŞ yaxşı hazırlaşmasa, kim bilir, necə dəhşətli insidentlər ola bilər. Gəlin gedişatı gözləyək”.
ABŞ-ın bəyan etdiyi kimi iki həftədən sonra yenidən belə bir görüşün mümkünlüyü barədə sualı cavablandıran Kim Myonq-gil buna şübhə ilə yanaşdığını deyib: “Rəsmi Vaşinqton yeni təkliflər irəli sürə bilməyib, bu baxımdan Birləşmiş Ştatların belə bir qısa müddətdə yeni görüşə hazır olacağına inanmıram”.
KXDR rəsmisi Stokholm görüşünün ABŞ-ın danışıqlara yeni təkliflərlə gəlməməsi səbəbindən nəticəsiz başa çatdığını deyib.
ABŞ tərəfi isə görüşdə yaxşı müzakirələrin aparıldığını, İsveç hökumətinin iki həftə sonra tərəflər arasında daha bir görüşün keçirilməsi təklifini rəsmi Vaşinqtonun qəbul etdiyini bildirib.
Qeyd edək ki, ötən həftə İsveçin paytaxtı Stokholm yaxınlığında ABŞ və KXDR arasında nüvə silahsızlaşdırılması ilə bağlı işçi səviyyədə danışıqlar keçirilib. Bu, ötən ilin fevralında Vyetnamda ABŞ və KXDR liderlərinin görüşündən sonra nüvə danışıqlarında yaranmış uzun fasilədən sonra tərəflər arasında ilk görüş olub.