14 iyun 2019 14:14
99

Litvada yaşayan azərbaycanlılarla görüş keçirilib

Baltikyanı ölkələrə səfər edən Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Litvada bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Vilnüs Universiteti ilə tanış olan Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev ali təhsil ocağının rəhbərliyi ilə görüşüb.

Qonaqlara universitetin tarixi, strukturu, müəllim-tələbə heyəti barədə məlumat verildikdən sonra onlar burada fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olublar. Tanışlıq zamanı gələcəkdə daha çox soydaşımızın bu tədris ocağında təhsil almasına dair fikir mübadiləsi aparılıb, auditoriyaya kitablar hədiyyə olunub.

Daha sonra komitə sədri bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüşüb. Altmış nəfərə yaxın soydaşımızın qatıldığı tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan diasporu və Diaspor Komitəsinin fəaliyyəti ilə bağlı infoqrafik videoçarx nümayiş etdirilib.

Səfir Tamerlan Qarayev çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək bu sahədə canlanma olduğunu diqqətə çatdırıb. O, Litvadan 2 nəfərin Diaspor Gənclərinin II Yay Düşərgəsinə seçildiyini qeyd edib.

Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dostluğa söykəndiyini xatırladan Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, soydaşlarımız diaspor hərəkatının gücləndirilməsi, birgə fəaliyyətin təmin olunması naminə müxtəlif ölkələrdə Koordinasiya şuraları təsis edirlər. Bu, birgə fəaliyyət üçün çox vacibdir. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası da buna nümunədir. Artıq Şuranın əlaqələndiriciləri də seçilib.