Son zamanlar daxili işlər orqanları əməkdaşları tərəfindən keçirilən tədbirlərdə qadın narkotacirlərin tutulması çox ağrılıdır. Müqəddəslik rəmzi kimi yaranışla yaşıd olan varlığın bizi sonugörünməz bəlalarla üzbəüz qoyan, millətin genefondunu məhvə sürükləyən çirkin əməllərə əl ataraq gəlir əldə etməsi Ana adının böyüklüyünə kölgə salır. Bəzilərinin onların bu yola düşmə “səbəbləri”nə ortada dəlil və sübütlar olduğu halda belə “aydınlq gətirmələri”, “humanist yanaşma” nümayiş etdirərək cəzadan azad edilmələri üçün sosial şəbəkələr üzərindən vəkillik etmələri qanunun geriyə addım atmasına heç bir hüquqi əsas vermir.
O da anadır. Bəs nə üçün əli “ölümlə” oynayır? Nə üçün qəlbindəki şəfqətin, mərhəmətin yerini övladı yaşındakıları vaxtsız ölümlərə sürükləyən pis əməllər tutub? Əlbəttə, bu suallara cavab tapmaq elə də çətin deyil. Çünki o, onu əhatə edən mühitin onu uçurumun kəndarında buraxacağını gözləri önünə gətirməyib. Bir sözlə, bu “ana”lar maariflənməyib.
Bu gün narkotiklərlə qətiyyətli mübarizə aparmaqla yanaşı, daxili işlər orqanları əməkdaşları qarşısında duran ən ümdə tələb maarifləndirmədir. DİN rəhbərliyinin göstərişi ilə paytaxtda və yerlərdə digər hüquq-mühafizə və bu işə birbaşa aidiyyəti qurumlarla birlikdə maaifləndirmə tədbirləri həyata keçirilir. Narkotikin, zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyanın fəsadları barədə məlumat əldə edən şagirdlər həm də evdə vaxtilə bunlardan məlumatsız olan valideynlərini də maarifləndirirlər.
Polis, valideyn və məktəb həmrəyliyi millətin gələcəyinin ümid yeri olan məktəbi özünə hədəf seçənlərdən qoruyan əsas gücdür. Təcrübə göstərir ki, bəzi işbazlar diqqət çəkmədən asan gəlir əldə etmək üçün narkotik vasitələri müxtəlif formada dizayn edilmiş həblər şəklində gənclərə əvvəlcə pulsuz verməklə, sonradan isə onları özlərindən asılı salaraq potensial cinayətkara, manqurta çevirirlər. Zombiləşmiş təfəkkürlə gələcəyi düşünmək mümkün deyil. Və əlbəttə ki, “anaların” əli ilə gənclərə “ölüm” satanlar vicdan hissini çoxdan unudublar.
Yeri gəlmişkən, ötən il qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Şəxsiyyətin deqradasiyası və aşınması problemi ilə üzbəüz qalan gəncliklə sabahın şəxsiyyət problemini çözmək olmaz və narkotik vasitə aludəçiliyinə sağlamlığını və gələcəyini qurban vermiş gənc əsgər kimi Vətənin keşiyində bir an belə dayana bilməz. Müasir dünyamızda sağlam və kamil insan modeli yaratmaq uğrunda mübarizə cəmiyyətdə mənəvi “bağların” qırılmasının qarşısını almağa yönəlsə də təəssüflər olsun ki, son iki əsrdə insanlığın məhvinə yol açan real təhlükənin-narkomaniyanın dünyanı hörümçək toru kimi sarmasının qarşısını almaqda böyük güclər, beynəlxalq təşkilatlar acizdirlər. Bu gün narkomaniya sözü dilimizin lüğət tərkibində özünə yer edib və az qala ümumişlək sözə çevirilib.
Bu gün cəmiyyətdə zərərli vərdişlərin təbliğində və onlarla mübarizədə KİV-in rolu danılmazdır. Bəs bu gün narkomaniya ilə mübarizədə KİV-lərdə aparılan təbliğat effektini verirmi, o cəmiyyətin istəkləri ilə üst-üstə düşürmü? Etiraf edək ki, bəla ilə mübarizə üçün təklif cəmiyyətdən, sabahımızı düşünən insanlardan gəlsə də onunla mübarizədə daha kəskin qətiyyət nümayiş etdirən hüquq-mühafizə orqanları, eləcə də Azərbaycan Polisidir. Narkomaniya ilə mübarizədə keçirdikləri tədbirlərə KİV-ləri dəvət edən daxili işlər orqanları ilə bağlı apardığımız araşdırma qənaətbəxş hesab oluna bilər. Paytaxtın rayon Polis şöbələri DİN-in mətbuat xidməti vasitəsilə KİV-lərlə daha sıx şəkildə əlaqə saxlayır, onların dəstəyindən yararlanırlar.
“Narkomaniya ilə mübarizə tədbirləri ilə bağlı polisin keçirdiyi uğurlu əməliyyat və maarifləndirmə tədbirlərinə dair Daxili İşlər Nazirliyinin mətbu orqanı “Mübariz keşikdə”, Bakı Şəhər Baş Polis İdarəsinin “Polis”, DİN Daxili Qoşunlar Baş İdarəsinin “Əsgər” və Polis Akademiyasının “Polis Akademiyası” qəzetlərində, o cümlədən “Asayişin keşiyində” jurnalında məqalələr dərc edilir.
Məlumat üçün bildirək ki, DİN Mətbuat Xidmətinin regional qrupları da yerlərdə narkotiklərlə mübarizə üzrə keçirilən tədbirlərin mətbuata ötürülməsində çox fəal şəkildə iştirak edirlər. Belə ki, narkotiklər, zərərli vərdişlərlə bağlı Bərdə regional qrupundan 67, Şirvandan 64, Gəncədən 47, Şəkidən 44, Lənkərandan 38, Qubadan 28 tədbir KİV-lər vasitəsilə işıqlandırılıb. DİN-in rəsmi “Facebook”, “İnstagram”, “Twitter” və “Youtube” səhifələrində daxili işlər orqanlarının cinayətkarlıqla, o cümlədən narkomaniya ilə mübarizə tədbirləri hər gün mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılır.
Əgər cəmiyyəti, xüsusən də gəncləri narkomaniyadan və digər zərərli vərdişlərdən qorumaq istəyiriksə, valideynlərin, xüsusən də anaların maariflənməsini diqqətdə saxlamalıyıq.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı