04 noyabr 2019 20:19
111

Makao Qran-Prisi iştirakçılarının yekun siyahısı açıqlanıb

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 3 yarışlarının növbəti, F3 Dünya Kuboku statusuna bu il sahib olan 66-cı Makao Qran-Prisi iştirakçılarının yekun siyahısını dərc edib.

AZƏRTAC xəbər verir ki, əvvəlki siyahı ilə müqayisədə bəzi dəyişikliklər edilib.

Belə ki, yürüşdə Formula 3-ün ötənilki çempionatının liderlərindən biri Cehan Daruvala iştirak etməyəcək. Hindistanlı dizində aparılmış əməliyyatdan sonra bərpa olunur və “SJM Theodore Racing by Prema”nın heyətində onu gənc danimarkalı Frederik Vesti əvəz edəcək.

Sofiya Flerşlə yanaşı, siyahıya Riçard Fershor, Arcun Maini, Enaam Əhməd, Leonardo Pulçini və Alessio Lorandi əlavə edilib. Bütün bu pilotlar Avropada kiçik yürüş seriyalarında çıxışları ilə yaxşı tanınırlar.

Yeri gəlmişkən, ilk dəfə olaraq, Makao Qran-Prisi tarixində yaponiyalı və yerli pilotlar demək olar ki, çıxış etməyəcəklər. Adətən onlar start siyahısının müəyyən hissəsini, bəzən hətta çox hissəsini təşkil edirdilər. Bu dəfə iştirakçılar arasında Makaonun yalnız bir təmsilçisi – Hon Çio Leonq və yalnız bir yaponiyalı - Formula 3 çempionatından gələn Yuki Sunoda var.

Bunun iki səbəbi var: birincisi, indiki Formula 3 çempionatında istifadə olunan avtomobillərdən Asiyada yoxdur. Bu səbəbdən müraciət vərəqində bir dənə də olsun yerli komanda qərarlaşmayıb. İkincisi, Dünya Kuboku statusu və superlisenziyaya əlavə xallar yürüşə avropalı pilotların və komandaların marağını əhəmiyyətli dərəcədə artırıb.

Makao Qran-Prisi yarışları noyabrın 14-17-də keçiriləcək.