26 iyul 2020 15:42
514

Marneuli şəhərində Azərbaycana dəstək aksiyası keçirilib

Gürcüstanın Marneuli şəhərində “İşğala son!” şüarı altında Azərbaycana dəstək aksiya keçirilib.

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) ilə “Borçalı irəli” İctimai Birliyinin birgə təşkil etdiyi aksiyanın iştirakçıları əllərində Azərbaycan və Gürcüstan bayraqlarını, “Qarabağ Azərbaycandır!”, “Hamımız İlqarıq”, “Ermənistan, işğala son qoy” plakatları tutaraq Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə edən şüarlar səsləndiriblər.

Aksiyanın təşkilatçıları GAHA-nın sədri Əli Bədirov, “Borçalı irəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları çıxış edərək ermənilərin son vaxtlar Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri vandalizm və terror aktlarını kəskin qınayıblar.

İştirakçılar Gürcüstan ərazilərinin işğal altında saxlanılmasını da qınayıb, regionda sülhə nail olmaq üçün vandalizm və işğala son qoyulmasını tələb ediblər.

Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində törətdiyi silahlı qarşıdurma bölgədə sülhə ciddi təhdiddir.