Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan edilib: “Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsidir. Ölkə ictimaiyyəti "Nəsimi ili" çərçivəsində milli-mənəvi dəyərlər silsiləsinin Nəsimi irsini bütün platformalarda müzakirə edir və geniş səpkidə tədbirlər reallaşır.”
Müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Münsiflər heyətinin iştirakı ilə iştirakçılar dinlənilib. Səsləndirilən əsərlərdə İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından olduğu bir daha öz ifadəsini tapıb. İmadəddin Nəsiminin ana dilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.
Münsiflər heyətinin üzvləri rayon Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin direktoru Nəsibə Hidayətova, Kürdəmir Regional Mədəniyyət İdarəsi N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru Sevinc Həsənova, şəhər 3 saylı tam orta məktəbinin müəllimi Günəş Xudiyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nazim Çıraqov, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin müdiri Yaqut Əşrəfova, YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Bağman kənd tam orta məktəbinin müəllimi Xalid Bayramov iştirakçılar haqqında fikirlərini bildiriblər.
Münsiflər heyətinin qərarı ilə şəhər 3 saylı tam orta məktəbinin şagirdi Sahilə Abdullayeva birinci, 1 saylı tam orta məktəbin şagirdi Təranə Heydərova ikinci, Atakişili kənd tam orta məktəbinin şagirdi Natəvan Kərimova üçüncü yerə layiq görülüblər. Həmçinin onlar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Qaliblər YAP Kürdəmir rayon təşkilatı tərəfindən Fəxri fərman və və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Orxan Vahidoğlu, “İki sahil”