24 iyun 2020 09:47
1183

“Mənim yuxum çin olacaq”

Uzun illər doğulduğu torpaqlardan ayrı qalan və belə bir kövrək yaşda “İnanıram ki, o yurda dönəcəyik” deyərək ümidinə söykənib gözlərini dilsiz-ağızsız yollara dikən Allah bəndəsi nə şairdi, nə yazıçı, nə rəssam, nə də ki, bəstəkar. Onun tale yolu dağlardan başlayıb. Gördüyü ilk dəniz Göyçə gölü olub, çünki göyçəlilər kimi, Qaraqoyunlular da Göyçə gölünə dəniz deyirdilər. 

Maraqlı müsahibdir. Görüşəndə “Yaş əllini keçdimi insanın dağdan bağa  enən vaxtıdır”,-deyib söhbətimizə könül körpüsü saldı. O, danışdıqca mənə elə gəldi ki, tariximizlə bağlı bildiklərim bilmədiklərimin yanında bir zərrədir.

Yaddaşı çox güclüdür. Qaraqoyunlu mahalının kəndlərini bircə-bircə saydıqca rənginin dəyişdiyini, səsinin, əllərinin titrədiyini gördüm.

“Cənab polkovnik-leytenant, gənc nəsil bu gün Ermənistan adlanan tarixi torpaqlarımız haqqında məlumatlı olmalıdır. Bizdən sonra gələnlər bilməlidirlər ki, Qaraqaya, Yanıxpəyə, Çaykənd, Haqqıxlı, Polad, Mürteil, Sala, Dəryavad, Əmirxeyir, Gölkənd, Qaratorpaq, Cıvıxlı, Çubuxlu kimi  doğma el, oba, yer, yurd adlarının haylarla heç bir əlaqəsi yoxdur. Bu tarixi toponimlər ulu türk babalarımızdan bizə miras qalıb. Bu gün ikili standartların “at oynatdığı” dünyada ağa qara demək olar, amma torpağın yaddaşını silmək mümkün deyil”.

O, tarixçi də deyil. Amma tariximizi çoxlarından yaxşı bilir və bu gün Vətən tarixini yazanlar zaman gələcək onun adını dərsliklərə salacaqlar ki, bizlər və bizdən sonra gələnlər Vətənimizin bütün sərvətlərindən daha qiymətli olan belə istedadlı, zəhmətsevər, torpaqcanlı insanlarını tanıyaq. Tanımasaq, tanıtmasaq gec olacaq...

İyun ayının 22-də Tofiq Məhəmmədovun 70 yaşı tamam olur. Bu adda, bu soyadda Azərbaycanda onlarla, yüzlərlə şəxs var. Ancaq neftçi Tofiq deyəndə isə barəsində fikir söyləmək istəyənlərin, onu özünün müəllimi hesab edənlərin sayının təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da yüzlər, minlər olmasını təsəvvür etdinizmi? Qara ilə üz ağartmaq hər oğula nəsib olmur. Bəlkə də ilk baxışdan nə demək istədiyimi anlamaq çətin gələr. Elə fikrimin açmasını da özüm deyim: Tofiq müəllim neftçidir, “qara qızıl”ımızı yerin altından çıxarıb üzümüzü, günümüzü, güzaranımızı ağ edənlərdəndir. 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik təcrübəsi və  qarabilək, qara polad üzlü oğulların gecəli-gündüzlü zəhməti, gərgin əməyi sayəsində  Azərbaycan nefti dünya bazarına debüt etdi. Həmin tarixdən bütün Qafqazda Azərbaycan nefti sabitliyin təməl daşı, qarantı oldu...

          Mətləbdən uzaqlaşmayıb ömrünün yarım əsrə yaxın bir dönəmini neft sənayemizin inkişafına həsr edən, sözün əsl manasında, bu tarixi şəxsiyyətlə sizləri yaxından tanış etmək istəyirəm.

Tofiq Həzrətqulu oğlu Məhəmmədov 1950-ci ildə indiki Ermənistanın Qaraqoyunlu mahalının Əmirxeyr kəndində dünyaya göz açıb. Əmirxeyir kənd məktəbi 8 illik olduğundan 10 illiyi Gölkənddə bitirib. 1967-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olub. Uca zirvələrdən, yalçın qayalardan, sərin yaylaqlardan, buz bulaqlardan uzaq düşən dağlar oğlunun şəhərə uyğunlaşması çox zaman almasa da, qardaşı ilə kirayədə qaldığı doqquz kvadratlıq otağa kitabları sığsa da ürəyi, ruhu sığmayıb. Bu yerdə onun çətinliklərdən necə sıyrıldığını, sıxıntılarını, xatırladıqca kövrəldiyi xatirələrini  yazının ruhuna uyğun bir yarpaqlıq şeirlə ifadə etsəm yerinə düşər.

 

Yolum uzaq düşdü, kəsə olmadı,

İçi qızıl dolu kisəm olmadı.

Kürək söykəməyə kimsəm olmadı,

Sakitcə özümü qısılanda mən...

 

Atasının, anasının “A bala, oxuyub böyük adam ol ki, ağ günə çıxasan” sözünü yadına salanda doğulduğu Əmirxeyir kəndindən, Qafqazın ürəyi Bakıdan çox-çox uzaqlarda işləyəndə mazutlu əllərinə baxıb sonralar xeyli gülmüşdü. O mazutlu əlləri, amma işıqlı ürəyi, öyrənmək həvəsi onu vəzifə pillələrində ucaltmışdı.

Qruplarındakı 27 tələbədən diplom müdafiəsində 9-u qalmışdı. Diplom rəhbəri, akademik Şəfayət Mehdiyev ona “Mən inanıram ki, dağlar oğlu neçə-neçə dənizləri fəth eləyəcək və yaxşı neftçi olcaq” demişdi. Bax elə bu sözlər onun ilk dayağı olmuşdu. Əla qiymətlərlə məzun olduğuna görə Tofiq Məhəmmədovu aspirantiuraya dəvət etmişdilər. O, isə həqiqəti dilinə gətirmişdi: “Guzaranımı yaxşılaşdırmaq, valideynlərimə, böyük ailəmizə kömək etmək üçün işləməliyəm” deyərək təyinatla qardaş Özbəkistanda əmək fəaliyyətinə Neft-Qaz Axtarışı Birliyində operator kimi başlamışdı. Öz “mən”inə hörmətlə yanaşması, bilik və bacarığı ilə kollektivin dərin rəğbət və hörmətini qazanan Tofiq Məhəmmədov qısa vaxtda sahə rəisi vəzifəsinədək yüksəlmişdi. Özbəkistanda bir çox neft yataqlarının tapılmasında və işlənməsində böyük əmək sərf etmişdi və buna görə Özbəkistanın orden və medalları ilə təltif olunmuşdu.

O, 1979-cu ildə Özbəkistanın Neft-Qaz Axtarışı Birliyinin kəşfiyyat ekspedisiyasının rəhbəri vəzifəsinə dəvət alsa da, bundan imtina edərək Azərbaycana qayıdır. Qaz Sənaye Nazirliyində işləyir.

Yeraltı qaz anbarları mövzusunda “Qazprom”un pavilyonunda etdiyi çıxış diqqət çəkir. Kim olduğunu, harada işlədiyini soruşurlar. Beləcə, yollarında “yaşıl” işıq yanır...

Polşada işləyib geri qayıtdıqdan sonra yüksək ixtisaslı və təcrübəli kadr olduğunu nəzərə alaraq, 1988-ci ildə Vyetnam Sosialist Respublikasına göndərmək barədə qərar qəbul edilir. “Vietsovpetro” neft şirkətində Tofiq müəllim neftçi kimi deyil, həm də SSRİ-nin təmsilçisi kimi fəaliyyət göstərirdi. Bakıdan olması vyetnamlıların ona olan rəğbətini artırmışdı. Çünki Vyetnamın neft-qaz sənayesində çalışanların, yüksək vəzifə tutanların əksəriyyəti Azərbaycan Neft-Kimya İnstitutunun yetirmələri idi. Cənubi Çin dənizində bir sıra neft-qaz yataqlarının istismarındakı fəaliyyətinə görə T.Məhəmmədov 1991-ci ildə Vyetnamın “Dostluq” medalı ilə təltif edilmişdir. 2001-ci ildə “Xalqlar Dostluğu”, 2007-ci ildə isə Vyetnam Sosialist Respublikasının “Əmək ordeni” verilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi’’ medalına layiq görülmüşdür.

“Bu xəbəri eşidəndə həm sevindim, həm də qürur hissi keçirdim. Bu keçən illər ərzində “qara qızıl”ımız həm mənim, həm də xalqımızın üzünü ağartdı. Ona görə də aldığım mükafatın sevincini yaşamaqla bərabər, mənə göstərilən etimadın məsuliyyətini də hiss edirəm. Hesab edirəm ki, bu uğur həm də uzun müddətdir çalışdığım “SOCAR-AQŞ” kollektivinin də uğurudur.”

Böyük oğlu Faiq Məhəmmədov daxili işlər orqanlarında xidmət edir, polis polkovnik-leytenantıdır. Ortancıl oğlu Kənan Azərbaycan Respublikası Prezidentinin Administrasıyasında çalışır. Kiçik oğlu Kamran isə onun yolunu davam etdirir. Tofiq müəllim həm də 8 nəvənin babasıdır. Ocağı həmişə qonaqlı-qaralıdır. Deyir ki, Allah ömür versə, tale biz deyəni desə Bakıda qarşıladığım qonaqlarımı Qaraqoyunluda, doğma kəndim Əmirxeyirdə qarşılmağı da hazıram. İnanıram ki, yurd həsrətliləri dönsə Daşbulağın, Simitli bulağın, Əhmədcan bulağının, Banu bulağının və Ayğır bulağının bizsiz soğulmuş, kor qalmış gözləri yenidən açılacaq və bu gəlişə, bu dönüşə sevinəcəklər.

Və mən yazımın başlığını əbəs yerə “Mənim yuxum çin olacaq” qoymadım. Yurd nisgilli, Vətən həsrətli Tofiq müəllim bu günlərdə gördüyü, dupduru yuxusunu qoy özü sizə danışsın: “Evimizdə, Əmixeyirdə bağımızın içindəyəm. Gördüm ki, uzun, sarı bir kişi var. Dedim ermənisən, dedi hə. Dedim ki, erməni, bu bağı da mən salmışam, bu evi də mən tikmişəm. Dedim bu gecə mən bu evdə qalacam. Corablarımı çıxarıb bağın içi ilə, yaşıl otların üstü ilə gəzdim. Evdə heç nə dəyişməmişdi. Nəyi necə qoymuşduqsa yerində idi. Bir gecəlik yuxuda evimdə qonaq qaldım. Yuxudan səhər oyananda erməniyə dedim ki, qoyma bu əkdiyim ağaclar qurusun. Mən bura gələcəm. Yuxuda çayı keçəndə ayıldım...”

Hafiz Təmirov,

polis polkovnik-leytenantı

P.S. Su aydınlıqdır, Tofiq müəllim. Bu gün milyonların qəlbində o yurdlara dönmək arzusu və inamı var. O torpaqlar əzəli sahiblərini-bizləri gözləyir. Sizə dərin hörmət və ehtiramla, 70-dən sonrakı yaxın illərdə Qaraqoyunluda görüşmək ümidi ilə Dağ İlməzlili