22 iyul 2026 18:28
167

Məşğulluq problemlərinin həllinə xidmət edən addımlar davamlıdır

Dövlətimizin başçısı İlham Əliyevin 20 iyul 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” özündə mühüm çağırışları ehtiva edir

Azərbaycan dayanıqlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycanın təkmil inkişaf modeli nümunə göstərilir, öyrənilməsinin vacibliyi vurğulanır.  İqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli istiqamətində atılan addımlar davamlıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək iqtisadi artımın enerji sektorundan asılılığının minimuma endirilməsini əsas hədəf kimi qarşıya qoydu. İqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Bugünədək ölkə iqtisadiyyatına 350 milyard dollara yaxın investisiya qoyulub ki, bunun  200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Bölgələrin  malik olduğu iqtisadi  imkanlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Regional inkişaf proqramları icra edildi. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Azərbaycan brendi olan və artıq dünya ölkələrinin maraq göstərdiyi «ASAN xidmət», DOST, özünüməşğulluq proqramının tərkib hissəsini təşkil edən Ailə Biznesinə Asan Dəstək (ABAD)  kimi layihələrin  qabaqcıl təcrübə beynəlxalq səviyyədə  öyrənilməsi, yayılması ölkəmizdə aparılan sosial islahatlara verilən dəyərdir.  Son illərdə ölkəmizdə sosial sahədə həyata keçirilən  və beynəlxalq səviyyədə  olunan təşəbbüslərin nəticəsidir ki, Azərbaycan “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə qoşularaq, 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) və müvafiq hədəflərin icrasına sadiqliyini rəsmən təsdiq etmişdir. Ölkəmiz bu məqsədlərə çatmaq üçün iqtisadi, sosial və ekoloji aspektləri özündə birləşdirən milli prioritetlər müəyyənləşdirmişdir «Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək» söyləyən Prezident İlham Əliyevin diqqət yetirdiyi əhalinin məşğulluq səviyyəsinin artırılması   beynəlxalq əhəmiyyətli  aktual problemdir.

Sosial layihələrin tətbiqi ilə   Azərbaycanda qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi,  iş yerlərinin yaradılması, insanların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi  islahatların əsas hədəflərindəndir.    2019-2025-ci illərdə Bakıda və respublikanın rayonlarında    mühüm keyfiyyət dəyişikliyi üçün imkanları artıran 31 DOST mərkəzinin yaradılması, müasir texnologiyaların tətbiqi ilə əmək, sosial müdafiə, məşğulluq xidmətlərinin  əhatə dairəsi genişlənəcək,  əhaliyə göstərilən  səyyar xidmətlərin sayı artırılacaq. Yeni layihə olsa da əhalinin  daha çox maraq göstərdiyi ABAD proqramına qoşulan ailələrin sayı artır. Xüsusilə bölgələrdə yaşayan insanların, evdar qadınların, gənclərin əməyindən səmərəli istifadə imkanlarını reallaşdırır.  Əsas  odur ki, vətəndaş daha rahat yaşasın, öz maddi vəziyyətini yaxşılaşdırsın. ABAD mərkəzlərinin yaradılması, proqrama qoşulanların sayının artması aztəminatlı ailələrə dəstəkdir.  Hazırda “ABAD”çıların istehsal etdikləri məhsullar  respublika daxilində satılmaqla, bəzi xarici ölkələrə də  ixrac edilir.  Əhalinin məşğulluq probleminə kompleks yanaşmanın nəticəsidir ki, «ASAN xidmət» və  DOST  mərkəzlərinin coğrafiyası genişləndirilir, xidmətlərin sayı artırılır.  Minlərlə gəncin Azərbaycanın intellektual məhsulu, milli brendi olan «ASAN xidmət»də çalışıb  təcrübə qazanması  gənclərin məşğulluq səviyyəsinin artırılmasına şərait yaradan  potensial imkandır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında mühüm yer tutan  «Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən” çağırışı   ölkəmizdə  insan amilinə göstərilən diqqət və  verilən dəyərdir.

Artıq 6 ilə yaxındır ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlərdə əsas diqqət göstərilən məsələlərdən biri təbii ki, azad edilmiş ərazilərimizə qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsidir. Bu torpaqların malik olduğu imkanlar nəzərə alınaraq mühüm addımlar atılır, özünüməşğulluq proqramının icrasına imkanlar yaradılır. “Azərbaycan 2030: social-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  əksini tapan əsas hədəflərdən biri təbii ki, məşğulluq probleminin həllidir. Milli Prioritetlərdə qeyd edilir ki, milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf yolunun ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək. Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir. Bu çağırış da səsləndirilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. O da qeyd edilir ki, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.

Dövlət başçısı İlham Əliyevin 20 iyul 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən   “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” da bu hədəflərə xidmət edir. Sözügedən Tədbirlər Planının prioritet istiqamətlərinə nəzər salaq. Məqsəd məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasıdır.  Tədbirlər Planında 6 əsas istiqamət öz əksini tapıb.

Daim çıxışlarında «Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək” söyləyən cənab İlham Əliyev onu da əlavə edir ki, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər.

Əhalinin sürətli artımı bu sahənin daim diqqətdə saxlanılmasını tələb edir. Demoqrafik inkişafın dövlət  siyasətinin prioriteti olmasını   2025-ci ilədək olan dövr üçün əhali və demoqrafik inkişaf üzrə  Dövlət Proqramının qəbulu da təsdiqləyir.  BMT-nin Fəaliyyət Proqramına uyğun olaraq ölkəmizdə vətəndaşların ailə planlaşdırılması və reproduktiv sağlamlıq,  əhalinin ümumi inkişafı, gender bərabərliyi ilə bağlı həyata keçirilən  islahatlar barədə  maarifləndirilmənin aparılmasının təməlində də  məşğulluq problemlərinin həlli  dayanır. Ən çox tələb olunan sahələrdə  yeni iş yerlərinin açılması məşğulluq siyasətinin həllini sürətləndirir, bu məsələ daimi proses kimi  diqqətdə saxlanılır.   Adətən  aqrar sahədə özünüməşğulluq  həmişə daha çox hiss olunur.

Beynəlxalq maliyyə təşkilatlarının hesabatları da təsdiqləyir ki, Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasındadır. Yeni  iş yerlərində özünüməşğulluğun payı artmaqdadır. «ABAD» layihəsi, bu istiqamətdə yaradılan mərkəzlər sahibkarları,  kənd təsərrüfatı məhsullarını emal edən müəssisələri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın  hazır vəziyyətə gətirilməsinə yardım göstərir.  Nəticə isə uğurludur.

Ümumiyyətlə, günümüzün əsas çağırışı olan, işsizlik, məşğulluq problemlərinin həllinə xidmət edən tədbirlər davamlılığı ilə diqqətdədir. Məqsəd  ölkənin  sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

Qısa təhlil bu qənaətə gəlməyə əsas verir ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir. Şübhə yoxdur ki, cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” müasir dövrün çağırışları əsasında müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək.

Yeganə Əliyeva, “İki sahil”