15 oktyabr 2020 17:47
4501

Məşhur avtomobil markaları haqqında nələri bilirik?

Avtomobil markaları ilə bağlı ən maraqlı faktları təqdim edirik

«Mercedes-Benz»

1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə "Benz Patent Motor Car" adını vermişdi. Bir neçə ay sonra  Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach  Daymler mühərriki ilə təchiz olunmuş dördtəkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk " Mercedes" Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil  Daymlerin əsas distrübüterlərindən  biri olan Emil Jellinek tərəfindən istismara verilərək nəticə etibarilə Jellinekin qızının şərəfinə "Mercedes" adını almışdır. 1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək " Daimler-Benz AG" brendinin meydana çıxmasına səbəb olmuşdur. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi.

"BMW"

1913-cü ildə Münhen şəhərində Karl Rapp və daxili yanacaq mühərrikinin ixtiraçısı Nikolaus Avqusto Ottonun oğlu Qustav Otto iki kiçik aviamühərrik şirkəti yaradırlar . Birinci Dünya müharibəsi başlayan kimi onlar çoxlu sifarişlər almağa başlayırlar. Bunu görən Rapp və Otto iki şirkəti birləşdirib böyük bir aviamühərrik zavodu yaratmaq qərarına gəlirlər. 1917-ci ilin iyulunda «Bayerische Motoren Werke» (Bavariya mühərrik zavodu) adı altında yeni aviasiya mühərrik zavodu qeydiyyatdan keçir. Beləliklə, Almaniyanı bütün dünyada tanıdan "BMW" şirkətinin əsası qoyulur.

"Hyundai"

Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayesində öndə gedən firmadır. Koreya dilində hyundai müasir  deməkdir. 1974-ci ildə koreyalı Chung Ju Yung və ingiltərəli Corc Turnbull əl-ələ verərək "Hyundai" avtomobilini satışa çıxardılar.

"Kia"

1944-cu ildə müasir Seulun ərazisində yerləşən " Kyungsung Precision Industry" şirkəti  kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə, Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir.

«Mitsubishi»

Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Hər şey 1870-ci illərdə başladı.Gənc sahibkar İvasaki Yataro Tsukomo Şokai adlı kiçik paroxod şirkətinin əsasını qoydu və 1875-ci ildə adı bir neçə dəfə dəyişildikdən sonra o, "Mitsubishi Mail Steamship Company" adlandırılmağa başladı – hazırkı bütün müasir "Mitsubishi" şirkətlərinin əcdadı bu cür yarandı. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.

«Mazda»

Mazdanın əsası Jujiro Matsuda  tərəfindən 1920-ci ildə qoyulmuşdu.  1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət  artıq 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanır. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başlayır. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.

«Jaguar»

İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan «Jaguar»dan alıb. İlk dəfə şirkətin adı «SS Jaguar» adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb.

«Nissan»

1934-cü ildə " Jidosha-Seizo co" və" Nihon Sangyo co" şirkətləri birləşərək məşhur "Nissan"şirkətini yaradırlar.  Eyni ildə şirkət «Nissan Jidosha Kabushiki Gaisha» (Nissan mühərrik şirkəti) adını alır. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başlayır. 60 illiyini qeyd edən şirkətin  1993-cü ildə istehsal etdiyi " Micra Nissan"  ən yaxşı avtomobil adına layiq görülür.

«Jeep»

Hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını cizgi filmindəki (Temel Rəis) «Eugene the Jeep» adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları «Jeep» adlanmağa başlayıb.

"İnfiniti"

"Nissan»ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın markasıdır. Adı ingilis dilində «ucsuz, bucaqsız» mənasını verir.  Şirkət yaxın zaman içərisində qlobal bir marka olma yolunda irəliləmək məqsədi ilə məhsullarını Avropada da satışa təqdim etmək üçün işlər görməkdədir.

«Ferrari»

 Adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən götürüb və 1956-1961-ci illərdə istehsal olmağa başlayıb.

Samirə Tağıyeva, "İki sahil"