14 yanvar 2021 18:25
1319

“Metan Rəhbər Prinsipləri” Beynəlxalq Təşəbbüsünün rəhbər heyətinin illik hesabat görüşü keçirilib

Azərbaycan Respublikası metan qazının atmosferə atılmasını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq niyyətini geniş beynəlxalq ictimaiyyətə göstərib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin təhlükəsizliyi və resurslardan səmərəli istifadə edilməsi, karbon emissiyası intensivliyinin azaldılması və bölgənin davamlı inkişafının təmin edilməsi istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir. SOCAR Xəzər regionuna, ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün digər aparıcı neft-qaz şirkətləri ilə birgə proaktiv addımları atmaqda davam edir. Bu siyasətin davamı olaraq, SOCAR bir sıra beynəlxalq təşəbbüslərdə uğurla iştirak edir və həmçinin, “Metan Rəhbər Prinsipləri” təşəbbüsünə də öz əvəzsiz töhfəsini verir.

“İki sahil” xəbər verir ki, 14 yanvar 2021-ci il tarixində “Metan Rəhbər Prinsipləri” üzrə iştirakçı şirkətlərin rəhbər heyətinin geniş formatda onlayn görüşü keçirilib.

Görüşə regionda enerji sektorunda mühüm yer tutan SOCAR ilə yanaşı BP, Shell, Chevron, Equinor, Rosneft, Gazprom, Exxon Mobile, Eni kimi digər nəhəng neft-qaz şirkətlərinin, habelə Dünya Bankının, Beynəlxalq Enerji Agentliyinin, Ətraf Mühitin Mühafizə Fondunun və digər nüfuzlu beynəlxalq təşkilatların da yüksək vəzifəli nümayəndələri qoşulublar.

Tədbirdə SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə təmsil edib. Görüş zamanı 2020-ci ildə metan qazının azaldılması istiqamətində üzv şirkətlər tərəfindən görülən işlər və əldə edilən nəticələr müzakirə olunub. Cari ildə və gələcəkdə həyata keçiriləcək tədbirlər, habelə, bu istiqamətdə işlərin uğurla davam etdirilməsi məqsədilə tətbiq ediləcək qabaqcıl həll yollarından danışılıb.

Metan qazının atmosferə emissiyasının minimuma endirilməsi üzrə neft-qaz sahəsində fəaliyyət göstərən digər şirkətlərin, həmçinin beynəlxalq nüfuzlu dövlət, elmi-tədqiqat institutlarının da bu işlərə cəlb olunması haqqında qərar qəbul olunub. Tədbirdə çıxış edən iştirakçılar yerinə yetirilən və planlaşdırılan işlərin region üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb və fəaliyyətin daha effektiv qurulması məqsədilə işlərin daha da sürətləndirilməsi fikrini müsbət qarşılayıblar.