Bir çox insanın bildiyi kimi, minimalizm az şeyə sahib olmaq deyil, bir həyat fəlsəfəsidir. Minimalizm əslində xoşbəxtliyin ardınca getmə şansına sahib olan bir düşüncədir. Daha çoxuna sahib olmaq istəyi daha yaxşı olmaq mənasına gəlmir.
Ətrafınızdakı əşyalar gərəksiz görünməyə başladıqda minimalizm dövrəyə girir. Elə bir dövrdəyik ki, daha xoşbəxt olmaq üçün daha çox şey almağa yönləndirilirik. Lakin minimalist həyat tərzinə sahib olduqdan sonra bu, elə olmur. Tez-tez dəyişən trendlərə geyimlərinizi və tərzinizi uyğunlaşdırmaq əvəzinə, öz tərzinizi tapıb sadəcə ona pul xərcləyirsiniz.
Cəmiyyət bir çox mövzularda nə qədər şeyə sahib olduğunuz və o şeyin nə qədər bahalı olmasına məna yükləyir. Yəni bir fərd olaraq hədəflərimizi tamamlamaq əvəzinə, nə qədər pulumuzun olmasına və nə qədər şeyə sahib olmağımıza fokuslanırıq.
Az ilə daha xoşbəxt ola bilərsiniz
Dəqiqələr içərisində yığışıb bir yerə gedə bilmək, yaşadığınız məkana bağlı olmamaq insana azadlıq bəxş edir. Beləliklə, daha çox səyahət edib, daha çox təcrübə qazanmaq şansı əldə edə bilərsiniz.
Bəs bütün bunlardan sonra minimalist olmaq üçün nə edəcəyinizi bilirsiniz? Sizin üçün bir neçə ipucları:
1. Pul və vaxt sərf etdiyiniz şeyləri nəzərdən keçirin. Özünüzə, “Bu xərclərdən vaz keçmə şansım varmı?” deyə sual verin.
2. Sizi gərginləşdirən səbəbləri aydınlaşdırın. Gərginliyinizi artıran, sizi gözləntidə qoyan, səbir edə bilmədiyiniz şeylər nədir? Bu şeyləri azalda bilərsinizmi? Həyatınızda sizi gərginləşdirən şeyləri həll edərək və ya gərginlikləri birbaşa uzaqlaşdıra bilərsiniz.
3. Sizə zərər verən münasibətə davam etməyin. Qurduğumuz münasibətlərin 10 %-i sağlam, qalan 90%-i isə yorucudur. Sizə yaxşı təsir etməyən münasibətləri tapın və o insanlarla əlaqəni kəsin və ya azaldın.
4. Bir şey alarkən çoxyönlü olmasına diqqət edin. Məsələn, bir saat alırsınızsa, bu saat bütün paltarlarınıza uyğunlaşa bilən formada və tərzdə ola bilər. Aldığınız kofta bütün şalvarlarınıza uyğun ola bilər. Beləliklə, həm daha az şey almış olacaqsınız, həm daha az pul xərcləyəcəksiniz. Həm də paltar seçərkən daha az gərginlik yaşayacaq və rahat hiss edəcəksiniz.
5. Telefonunuzdakı gərəksiz tətbiqetmələri silin, işlətdiyiniz tətbiqlərdən vacib olmayanların bildirişlərini səssizə alın.
6. Başladığınız şeyi bitirin. Məsələn, eyni anda bir neçə kitab oxumayın. Əlinizə aldığınız bir kitabı bitirin, sonra digərlərinə başlayın.
Röya Rasimqızı, "İki sahil"