Koronavirus pandemiyasının yayıldığı ilk günlərdən ölkəmiz bu bəla ilə mübarizə istiqamətində bir sıra mühüm addımlar atdı. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə COVID-19-la bağlı müsbət dinamika müşahidə olunmaqdadır. Mütəxəssislərin fikrincə, bu prosesdə yeni modul tipli xəstəxanaların yaradılması da mühüm rol oynayır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 29-da Qobustan, İsmayıllı, Şəki və Qəbələ rayonlarına səfərləri çərçivəsində 4 modul tipli xəstəxana da vətəndaşlarımızın istifadəsinə verildi.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırda ölkəmiz bütün imkanlarını yeni növ koronavirusla mübarizəyə istiqamətləndirib: “Məsələn, ölkəmizdə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil edildi və bu sahədə olan çatışmazlıqlar aradan qaldırıldı. Qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatları ölkəyə gətirildi. Ən müasir ECMO cihazlarının sayı artırıldı. Şübhəsiz, pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında düzgün diaqnostika vacib amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda ən müasir standartlara cavab verən 30-a yaxın laboratoriya təşkil olundu. Bu da bizə imkan verir ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 700 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə ölkəmiz dünyada öncül yerdədir. Halbuki cari ilin fevral ayında cəmi 6 laboratoriya mövcud idi. Belə laboratoriyaların sayının 44-ə çatdırılması gündəmdədir. Digər tərəfdən, indi respublikamızın 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı ölkə başçısının sərəncamları ilə son dövrlərdə inşa edilmişdir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, artıq qısa zaman kəsiyində quraşdırılan modul tipli xəstəxana komplekslərinin sayı 10-a çatıb. Onların 7-si bölgələrimizin payına düşür. Zənnimcə, modul tipli xəstəxanalar koronavirusla mübarizədə önəmli faktorlardan biridir”.
Deputatın fikrincə, bu layihələr həm də bölgələrin sosial- iqtisadi inkişafına öz töhfəsini verir: “Bir məsələni də vurğulamaq istərdim. Bölgələrə növbəti səfərləri ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, ən çətin günlərdə xalqın yanındadır. Həm də bir daha sübut etdi ki, hətta COVID-19 kimi qorxulu pandemiya ölkəmizdə sosial sahədə həyata keçirilən layihələri təxirə salmaqda acizdir.”
Müsahibimiz, həmçinin vurğuladı ki, dövlətimizin başçısı iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirmişdir ki, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bütün bunlar isə o deməkdir ki, ölkəmizdə vətəndaşlarımızın sağlamlıqlarının qorunması dövlət başçısının həyat keçirdiyi siyasətin əsasını təşkil edir. Daha doğrusu, vətəndaşların sağlamlığının qorunması dövlət siyasətinin tərkib hissəsidir. Bu məqamda cənab Prezidentin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Əsas məqsəd insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır”.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, regionun lider dövləti olan Azərbaycanda qlobal böhranın aradan qaldırılması istiqamətində görülən işlər koronavirus pandemiyasının nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təminatına yönəlib. Bu isə o deməkdir ki, bu gün Azərbaycan hakimiyyəti üçün vətəndaşın sağlamlığının qorunmasından yüksək vəzifə yoxdur.”
Qvami Məhəbbətoğlu, “İki sahil”