Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 85-ci iclası keçirilib.
Azərbaycanı iclasda Baş Nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.
İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlıq sahələrini əhatə edən məsələlər daxil edilib.
İclası İqtisadi Şuranın sədri, Özbəkistan Respublikasının Baş Nazirinin müavini – İqtisadiyyat və Sənaye naziri Cəmşid Kuçkarov aparıb.
Tərəflər iclasda Özbəkistanın 2030-cu ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf Strategiyası layihəsinə MDB Hökumət Başçıları Şurasının növbəti iclasında baxılması təşəbbüsünü dəstəkləyiblər.
Şura üzvləri 2030-cu ilədək olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri layihəsini bəyənib, həmçinin 2020-2023-cü illər üçün razılaşdırılmış sosial və demoqrafiya siyasəti Konsepsiyasının icrası üzrə Tədbirlər Planını qəbul ediblər.
Dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə 2021-ci il MDB-də Memarlıq və Şəhərsalma İli elan edilib. İclas iştirakçıları tərəfindən qəbul edilən Tədbirlər Planına müvafiq olaraq, 2021-ci il ərzində memarlıq və şəhərsalma mövzusunda forum və müsabiqələr, sərgilər, tematik elmi-praktik konfranslar, dəyirmi masalar və seminarlar keçirilməsi nəzərdə tutulur.
MDB-nin iştirakçı dövlətlərinin bitkilərin karantini sahəsində kadrların təkmilləşdirilməsi və yenidənhazırlanması üzrə baza təşkilatı haqqında Əsasnaməyə dəyişikliklər bəyənilib. Bundan əlavə, MDB İqtisadi Şurasının üzvlərinə müxtəlif informasiya-analitik və sorğu materialları təqdim edilib.
MDB İqtisadi Şurasının növbəti, 86-cı iclası iyunun 19-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində milli pavilyonlardan birində təşkil olunacaq.
MDB İqtisadi Şurasının iclası başa çatdıqdan sonra nümayəndə heyətləri “MDB+dünya” Beynəlxalq İqtisadi Forumunun işində iştirak ediblər. //AZƏRTAC
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır