14 fevral 2020 18:04
543

MSK neqativ hallar olan dairələrə qarşı adekvat qərarlar verib

"Mərkəzi Seçki Komissiyası (MSK) məntəqələrdə baş verən seçki pozuntuları barədə qanunvericilik çərçivəsində lazımi addımları atır. Əgər hər hansı məntəqə və yaxud da dairədə qanunvericiliyin tələbləri pozulubsa, həmin aşağı seçki komissiyalarına qarşı MSK-nın 13 fevralda keçirilən iclasında kifayət qədər adekvat qərarlar verilib".

Bunu SİA-ya açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, MSK öz növbəsində pozuntuların baş verildiyi iddia edilən məntəqələrlə bağlı müraciətlərə yenidən baxılması üçün sənədləri müvafiq dairələrə ünvanlayıb: “Buna baxmayaraq, radikallar ölkədəki sabitliyi pozmaq məqsədi ilə Azərbaycanı istəməyən qüvvələrin sifarişləri əsasında onların arzu və istəklərinin reallaşdırılması üçün çalışırlar. Hesab edirəm ki, bu kəslər öz çirkin əməllərini həyata keçirmələri üçün əllərində heç bir dəlil yoxdur. Lazımlı qərarları dövlət və aidiyyəti qurumlar verir”.

Baş redaktor vurğulayıb ki, qanunun tələblərindən kənar hər hansı bir hərəkət edilərsə, onlara aidiyyəti qurumların və hüquq-mühafizə orqanlarının müdaxiləsi hökmən vacibdir: “Kimliyindən, hansı peşə sahibi olmasından, hansı sahədə çalışmasından asılı olmayaraq hər bir vətəndaş qanun qarşısında tam bərabər şəkildə məsuliyyət daşıyır. Əgər kimsə qanunun tələblərinə qarşı çıxacaqsa, həmin şəxs əlbəttə, qanun çərçivəsində cəzalandırılacaq. Bunu heç kəs unutmamalıdır.”