30 iyul 2020 17:44
1312

Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək

Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı  İlham Əliyevin çağırışına səs verən on minlərlə  vətəndaş  
respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müvafiq formada qeydiyyata alınıblar

 

    Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamında əksini tapan bu fikirləri bir daha xatırlatmaq istərdik:  Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər.

    Bu gün günümüzdə hansı sahəyə müraciət etsək, öncə dünyanı silkələyən koronavirus infeksiyasının fəsadlarından və hər bir ölkəyə, vətəndaşa çağırışlarından bəhs etməli oluruq. Çünki vətəndaş amilinin öndə dayandığı  siyasətin uğurlarından danışırıqsa, təbii ki,  sağlamlağımızın, təhlükəsizliyimizin prioritetliyi özünü qabarıq şəkildə büruzə verir.

  Bu gün bütün dünya koronavirus infeksiyasına qarşı mübarizədə, vətəndaşları  əvvəlkindən artıq birlik, həmrəylik nümayiş etdirməkdə,  bu bəlaya ümumi yanaşma prinsiplərindən biri kimi “Evdə qal sağlam ol çağırışı! ” öz əhatə dairəsinin genişliyi ilə diqqət çəkməkdədir. Ölkəmizdə maarifləndirici cağırışlara hər addımda rast gəlinir. Ən əsası bu işdə  könüllülərimizin rolu inkaredilməzdir. Koronavirus xəstələrinin müalicəsində könüllülərin əməyindən və onların fəaliyyətinin dövlət tərəfindən yüksək dəyərləndirilməsindən bəhs etmişik.  Ölkəmizdə illərlə könüllülük hərəkatının daha da genişləndirilməsi, müxtəlif sahələri əhatə etməsi istiqamətində atılan addımlar bu gün öz bəhrəsini verir. Bu günümüzün reallıqlarından bir daha  aydın olur ki,  könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Bu hərəkatın əsas aparıcı qüvvələri olan gənclərimiz  fəallıqlarını daha da artırır, üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün daha ciddi səylə çalışırlar.

      Koronavirusla mübarizəyə başlandığı gündən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri ilə birgə  ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının könüllülərinin  yaşı 65-dən yuxarı olan tənha insanlara yardımları, onlara sosial xidmətlər göstərmələri də bu tərkibdəndir.   Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına  öz müsbət təsirini göstərir. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Bu qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan böyük qələbə, uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür.  

    Bugünümüzün reallıqları, həmçinin bu faktı  təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafında kompleks tədbirlərin həyata keçirilməsi əsasdır. Dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı ilə ayrı-ayrı sahələrin inkişafına xidmət edən Dövlət proqramlarının təsdiqlənməsi və uğurlu icrası, eyni zamanda, hər bir ilin bir sahənin adı ilə bağlanaraq bu istiqamətdə lazım olan addımların atılması hərtərəfli inkişafa geniş yol açır.  Ölkə Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “ Nəsimi ili”, 2020-ci ilin isə “Könüllülər ili” elan edilməsi də səbəbsiz deyil. Tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq məğlubedilməzdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərimizin tariximizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı daha dərindən öyrənmələri bütün dövrlər üçün aktualdır ki, bu da könüllülük hərəkatının daha da genişlənməsində stimulverici amil rolunu oynayır. “Könüllülər ili”  məhz  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə elan edilib.

    Dövlətimizin başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun bu il keçirilən ənənəvi iclasında səsləndirilən  «Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» sualına cavabını yada salmaq istərdik.  Ölkə Prezidenti qeyd etmişdir ki,  biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdə,  startap biznesindədir. Nəhəng könüllülər hərəkatına başlanılıb  və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib.  «Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  onları həyat qane etmir,  hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir.  Azərbaycanda  həmişə sözümüzə əməl edirik: «Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.»

     Azərbaycan dünyada iqtisadi möcüzələr ölkəsi, demokratik dəyərləri dünəninin, bugününün və gələcəyinin əsası kimi qəbul edən,  ən əsası müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikulturalizmi həyat tərzinə çevirən ölkə, etibarlı tərəfdaş  kimi tanınır və nüfuz qazanıbsa, təbii ki, bu, düzgün qurulan və gələcəyə hesablanmış siyasətin nəticəsidir.  Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki,  hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir.  Ölkə Prezidentinin «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır», «Xalq görülən işlərdən razı olarsa, onda mən də razı qalaram», «Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır» kimi tezisləri  vətəndaş amilinə verilən önəmin təsdiqidir. Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» vədini vermiş və son 16 ildən artıq dövrdə  bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan  Azərbaycan  adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli” ölkələr» kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı  hesabatına əsasən isə  «orta insan inkişafı” ölkələri» qrupunu tərk edərək, «yüksələn insan inkişafı” ölkələri» qrupunda yer almışdır. Bu reallıq da daim önə çəkilir  ki, neftlə zəngin çox ölkələr var. Lakin onlarda bu resurs heç də inkişafa, tərəqqiyə yol açmır. İnsanlar arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi, ən əsası ədalət prinsipinin, şəffaflığın yüksək səviyyədə qorunması bu kimi fərqlərin baş verməməsinə səbəb olmuşdur. Bu, dövlətin ali məqsədində insan amilinə verilən önəmin bariz nümunəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orda ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Vətəndaş məsuliyyətini artırmaqla,  Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə,  ölkəmizin inkişafına, bugünkü gündə yaranmış vəziyyətdən çıxmaq üçün təsdiqlənən Tədbirlər Planının uğurlu icrasına, karantin rejiminin  qaydalarına əməl etməliyik.

      Uğurlarımıza qısa baxış  gələcəklə bağlı nikbin proqnozlara  əsas verir. Bu gün dünyada  koronavirus infeksiyasının fəsadlarının dərinləşməsinə baxmayaraq, ölkəmizdə heç bir sahədə, o cümlədən təhsildə durğunluq müşahidə olunmur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm əhalinin sağlamlığı təmin edilir, həm də digər sahələrin inkişafına, xüsusilə sahibkarlara dəstək göstərilir. Ölkə iqtisadiyyatının inkişafında yeni texnologiyaların rolunu nəzərə alsaq, karantin dövründə  təhsil  müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, distant təhsilə önəm verilməsi diqqətdən kənarda qalmadı. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və sair kimi amillərin aid olduğunu da önə çəksək, bu gün Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını deyə bilərik. Əsas olan budur ki, gənclərimiz bu şəraitdən maksimum istifadə etsin, bilik və bacarıqlarını ortaya qoysun,  təhsilin-elmin-iqtisadiyyatın vəhdətinin yaradılmasına öz töhfələrini versinlər.

   Dövlətimizin başçısı İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, könüllülər hərəkatı “ASAN xidmət” dən başlayıb:  "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün "ASAN xidmət" bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. "ASAN xidmət" yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır".  Ölkə Prezidenti bölgələrə səfəri zamanı coğrafiyasını genişləndirən «ASAN xidmət», «ASAN Həyat» komplekslərinin açılışında könüllülərlə görüşür, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların idarəçilikdə irəli çəkilmələrinə diqqəti yönəldərək bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalıdırlar. Bu günlərdə cənab İlham Əliyevin Balakən rayonuna səfəri zamanı Balakən regional  «ASAN xidmət»  mərkəzinin açılışından sonra könüllülərlə görüşü də bu tərkibdəndir.

 Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan Ordusunun cavabı bütün gənclərimizdə, vətəndaşlarımızda vətənpərvərlik hissini daha da alovlandırdı. Bu  əhval-ruhiyyə istər onların orduya dəstək adı altında keçirdikləri yürüşlərdə, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq  çoxsaylı müraciətlərində öz əksini tapdı. Bu gün də müraciətlər  davam edir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin çağırışına səs verən  55 mindən artıq  vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

      Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri  təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha diqqəti gənlərimizin vətənpərvərlik  ruhunda formalaşmasına yönəldərək bildirmişdir ki, əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir: «Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.»

  Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı vurğulayır ki,  çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdır. Onlar  öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir: «Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır.»  Ölkə Prezidenti İlham Əliyevin bu tezisləri  ulu öndər Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" çağırışının davamı kimi dəyərləndirilir.

Göründüyü kimi, könüllülük hərəkatının əhatə dairəsi genişlənsə də ümumi  məqsəd gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, Vətənə bağlılıqlarıdır. Ölkəmizdə könüllülük yeni mərhələyə qədəm qoyub və böyük potensiala malikdir.

 Yeganə Əliyeva, “İki sahil”