19 aprel 2019 11:12
2367

Müəllim ömrü

Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər.

Haqqında qürurla, fəxrlə danışmaq istədiyimiz sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş ata, çox səmimi iş yoldaşı, dürüst, mədəni, saf əqidə sahibi, tanınmış alim, kimya elmləri doktoru, professor, elmi fəaliyyəti katalizi və neftin, qazın kimyası və emalı texnologiyası sahələrini özündə birləşdirən Əməkdar müəllim Keykavus Yusif oğlu Əcəmovdur.

K.Y.Əcəmov 14 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub.

Keykavus Əcəmov 1959-cu ildə Bakıda 101 saylı məktəbi bitirmiş və həmin ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1965-ci ildə oranı “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir.

1966-1969-cu illərdə K.Y.Əcəmov M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunun aspirantı olmuş, 1969-cu ildə “Amonyakın iştirakı ilə butilenlərin oksigenli dehidrogenləşməsi prosesi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək SSRİ Nazirlər Soveti yanında AAK-ın qərarı ilə 1969-cu ildə Fiziki kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. K.Y.Əcəmov yuxarıda adı çəkilən institutda 1968-1972-ci illərdə “Fiziki kimya” kafedrasında assistent, sonra baş müəllim, 1972-1982-ci illərdə dosent vəzifələrində çalışmışdır.

Bu illərdə o, dünyada tanınmış SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun laboratoriya rəhbəri, professor O.V.Krılov və L.Y.Marqolis, Wisconsin-Milwaukee (USA) Universitetinin professoru W.Kelks ilə birlikdə elmi işlər aparmışdır. Onların birlikdə apardıqları elmi işlərin nəticələri bir sıra elmi jurnallarda çap olunmuşdur.

K.Y.Əcəmov 1972-ci ildə Novosibirsk şəhəri Kataliz İnstitutuna ezamiyyətə göndərilir. Burada o, kataliz sahəsində dünya miqyaslı alim, akademik Q.K.Boreskovla sıx elmi əməkdaşlıq yaradır. Həmin ildə o, Ukrayna MEA Fiziki Kimya İnstitutu ilə birgə elmi fəaliyyətə başlayır. Ukraynanın Milli Elmlər Akademiyasının müxbir üzvü Y.B.Qoroxovatski ilə sıx elmi əməkdaşlıq edir. Bu üç elmi ocaq ilə əməkdaşlıq nəticəsində molibdatların fiziki-kimyəvi xassələri ilə olefinlərin oksigenli birləşmələrə çevrilməsi arasında qanunauyğunluqlar müəyyən olunmuş və bu da kataliz sahəsini zənginləşdirmişdir.

1972-ci ildən başlayaraq SSRİ-də keçirilən Oksigenli kataliz konfransının və sonradan 1999, 2001 və 2004-cü ildə keçirilən Zərif üzvi kimya və kataliz Beynəlxalq konfransının fəal iştirakçılarından və təşkilatçılarından biri olmuşdur.

1973-cü ildə ilk dəfə olaraq kataliz sahəsində SSRİ-Amerika arasında əməkdaşlıq proqramına K.Y.Əcəmovun elmi istiqaməti - “Molibdatların fiziki-kimyəvi və katalitik xassələri” daxil olunmuşdur. Həmin ildən başlayaraq, o, kataliz sahəsində bütün mötəbər konfransların iştirakçısı olur.

1973-cü ildə K.Y.Əcəmovun rəhbərliyi ilə “Propilenin Co-Mo-O katalizatoru üzərində çevrilməsinin tədqiqi” mövzusunda ilk namizədlik dissertasiyası müdafiə edilmişdir.

1976-cı ildə Polşanın Krakov şəhərində Kataliz İnstitutunda ezamiyyətdə olduğu zaman K.Əcəmovun və professor E.Haberin arasında yaranan dostluq böyük elmi istiqamətin yaranmasına səbəb olmuşdur. Professor E.Haber (1982-1986-cı illərdə Ümumdünya Kataliz Komitəsinin prezidenti) dəfələrlə Bakıda K.Y.Əcəmovun yaxından iştirakı ilə təşkil olunmuş Beynəlxalq Oksigenli kataliz konfransında məruzələrlə çıxış etmişdir.

Molibdatların sistematik tədqiqinin nəticəsi olaraq Rusiya (S.L.Kiperman), İtaliya (F.Trifiro), İspaniya (V.Korberan), Portuqaliya (M.Portele) alimləri ilə birlikdə K. Əcəmova PROJECT “İNTAS-96-1117” proqramının qrantı verilmişdir.

1982-1987-ci illərdə K.Y.Əcəmov  Azərbaycan Neft və Kimya İnstitutunun Kimya texnologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

1989-cu ildən Neftin, qazın kimyası və emalı texnologiyası kafedrasının müdiri keçməsi ilə əlaqədar olaraq professor K.Y.Əcəmov Azərbaycanın neft emalında katalitik proseslər sahəsində elmi tədqiqatlar aparmağa başlamışdır.

Eyni zamanda, K.Y.Əcəmov 1989-cu ildən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun “Neft emalında kataliz” laboratoriyasının müdiri təyin olunmuşdur.

“Kinetika və kataliz” dərsliyinin müəllifidir. O,  500-dən çox çap edilmiş elmi əsərin, o cümlədən 45 ixtira və patentin, 32 kitabın müəllifidir.

Professor K.Y.Əcəmov respublikamızda və onun əhatəsindən kənarda keçirilən beynəlxalq konfranslarda və simpoziumlarda fəal iştirak edir.

Onun rəhbərliyi altında aparılmış tədqiqatların nəticələri dövri elmi ədəbiyyatda mütəmadi dərc olunur.

Onu da qeyd etmək lazımdır ki, 2016-cı ildə professor Keykavus Əcəmovun rəhbərliyi altında elmi-tədqiqat qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş “Karbohidrogen xammalının oksidləşdirici katalitik krekinqi (oksikrekinq)” layihəsi ilə qalib olub.

Professor K.Y.Əcəmov elmi kadrların hazırlanmasında da böyük işlər görür. Onun rəhbərliyi altında 35 elmlər namizədi, 4 fəlsəfə elmləri doktoru və 5 elmlər doktoru hazırlanıb.

Onun tələbələrinin bir çoxu xarici ölkələrdə yaşayırlar. Onların arasında ABŞ, Misir, Sudan, Nigeriya, Pakistan, Suriya, Mərakeş, Yəmən, Madaqaskar, İordaniya, Livan və s. xarici dövlətlərin vətəndaşları da vardır. Onlarla tez-tez əlaqə yaradır, işləri, yaşayış tərzləri ilə maraqlanır.

Dövlətimiz tərəfindən xalqın bütün ziyalılarına, mədəniyyət işçilərinə, həkimlərinə, hər bir vətəndaşına dəyər verilir. Keykavus Əcəmov 1991-ci ildə SSRİ “Fəxri neft kimyaçısı”, 2000-ci ildə “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüşdür. Amerikanın Kimya Mühəndislər İnstitutunun fəxri üzvü, Beynəlxalq Eko-Energetika Akademiyasının həqiqi üzvüdür.

1995-2000-ci  və 2005-ci ildən bu günə kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın ekspertidir.

K.Y.Əcəmov 2010-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının professorudur.

Professor Keykavus Əcəmovun bu uğurları ADNSU-nun uğurlarıdır. Ona elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, işlərində müvəffəqiyyətlər, cansağlığı və uzun ömür arzulayırıq.

Elvira Hüseynova,
Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının dosenti

Bahar Babayeva,
ADNSU Azİİ Elektron kitab evinin kitabxanaçısı