18 oktyabr 2025 21:01
126

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin “Müasir Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda tələbələrlə görüşü təşkil olunub.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, görüş Ulu Öndər Heydər Əliyevin irsinin təbliği və gənc nəsillərə daha dərindən çatdırılması məqsədilə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev təşkil olunan görüşün həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, 18 oktyabr Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqilliyin bərpasından sonra keçilən yolun təhlili baxımından da mühüm bir mərhələdir. Bununla yanaşı, Anar Nağıyev çıxışında, həmçinin 17 oktyabr tarixinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, 2020-ci ilin məhz bu günü Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad edib və həmin tarixin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 17 oktyabr “Füzuli şəhəri günü” elan olunub. Rektor bu qərarın həm tarixi ədalətin bərpası, həm də şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıb.

A.Nağıyev çıxışında tədbirin mövzusunun mahiyyətinə toxunaraq bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi və memarı, Ulu Öndər Heydər Əliyevin irsi bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Gənc nəslin bu irsi dərindən öyrənməsi və mənimsəməsi istiqamətində universitetin qarşıya qoyduğu vəzifələrdən danışan rektor bu baxımdan Dilarə Seyidzadə ilə keçirilən görüşləri xüsusi əhəmiyyətli adlandırıb.

A. Nağıyev çıxışının davamında Dilarə Seyidzadənin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək onun yalnız alim və dövlət xadimi kimi deyil, həm də Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, liderlik xüsusiyyətlərinin və dövlətçilik fəlsəfəsinin canlı şahidi kimi fəaliyyətinin xüsusi qeyd olunmalı olduğunu bildirib. O vurğulayıb ki, Milli Elmlər Akademiyasının professoru Dilarə Seyidzadə ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən, zəngin təcrübəyə malik ziyalılarımızdandır. Həmçinin rektor qeyd edib ki, Dilarə xanım universitetin təşəbbüslərinə daim açıqdır, tələbələrlə, pedaqoji heyətlə keçirilən görüşlərdə müntəzəm iştirak edir və öz dəyərli fikirlərini bölüşür. O bildirib ki, D. Seyidzadənin Heydər Əliyevlə uzun illər davam edən fəaliyyəti və həmin dövrdə şahidi olduğu hadisələr və dövlət quruculuğu prosesi ilə bağlı təcrübələri gənc nəslin formalaşmasında əvəzsiz əhəmiyyət daşıyır.

Çıxış edən Prezidentin sabiq köməkçisi Dilarə Seyidzadə universitetin elm və təhsil mühitindəki rolunu yüksək qiymətləndirərək qeyd edib ki, BSU həmişə dəyərli ziyalıların yetişdiyi, elmin və biliklərin formalaşdığı önəmli bir ocaq kimi fərqlənib. D. Seyidzadə çıxışı zamanı tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq “Bu tədbir mənim üçün olduqca vacibdir. Mən hər zaman bildirirəm ki, tarix elə bir sahədir ki, onu faktlarla danışmaq lazımdır. Tarixi danmaq mümkün deyil, çünki hər bir dövrün hadisələri və reallıqları gələcək nəsillərə də eyni obyektivliklə çatdırılmalıdır,” – deyə bildirib.

Professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə tanışlığından və onunla keçirdiyi görüşlərdən bəhs edib. O Ulu Öndərin dərin zəkası, insani münasibətləri və yüksək siyasi mədəniyyəti ilə hər kəsdə güclü təəssürat yaratdığını qeyd edib. D.Seyidzadə Ulu Öndərin xüsusilə ziyalılarla və gənclərlə ünsiyyətdə səmimi, eyni zamanda prinsipial mövqe sərgilədiyini vurğulayıb. Professor qeyd edib ki, bu xatirələr yalnız şəxsi təcrübə deyil, həm də bir dövrün tarixi yaddaşıdır və gənclər üçün mühüm örnək ola bilər.

Daha sonra görüş interaktiv şəkildə davam edib, tələbələr və professor-müəllim heyəti professor Dilarə Seyidzadəyə suallar ünvanlayaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.