21 fevral 2020 19:15
1141

Müəmmalı əsgər ölümləri Paşinyanı çıxılmaz vəziyyətə salıb

Ermənistan ordusunda bir-birinin ardınca faciəvi hadisələr baş verir. Son günlər hərbi qulluqçuların ölümü və xəsarət alması ilə nəticələnən hadisələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Onların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər. Erməni mətbuatının əsas gündəm mövzularından biri də baş nazir Nikol Paşinyana ünvanlandırılan ittihamlar və əsgər ölümlərinin siyasi səbəblərinin olmasına dair iddialardır.

Məsələ ondadır ki, cari ilin əvvəlindən, yəni cəmi ay yarım ərzində Ermənistan ordusunda 13 ölüm hadisəsi qeydə alınıb. Özü də bu hadisələrin heç birinin Azərbaycanla münaqişəyə aidiyyatı yoxdur. Erməni əsgərləri sadəcə, ordudakı “dedovşina”nın, yəni nizamnamədən kənar münasibətlərin, özbaşınalıqların qurbanı olublar. Rəsmi məlumata görə, guya 13 ölümdən 4-ü bədbəxt hadisə, 4-ü də hərbi xidmətlə əlaqəsi olmayan səbəblərdən baş verib. 5 ölüm hadisəsilə bağlı isə istintaq araşdırması aparılır.

Lakin erməni cəmiyyətində rəsmi məlumatlara inanan azdır. Əsgər ölümlərinin çoxluğu müxtəlif səbəblərlə izah edilir. Maraqlıdır ki, burada “dedovşina” ilə yanaşı, əsgər ölümlərinin siyasi səbəblərlə bağlı olduğunu da iddia edənlər var. Məsələ ondadır ki, ən çox ölüm hadisələri işğal olunmuş Qarabağ ərazisindəki hərbi birləşmələrdə qulluq edən Ermənistandan gələn əsgərlər, hərbi qulluqçular arasında müşahidə olunur. Hökumətə yaxın olan bəzi mənbələr bu hadisələrin “Qarabağ klanının” Paşinyana qarşı təxribat törədilməsi, onun hökumətinə etimadsızlıq mühitinin yaradılması məqsədilə təşkil olunduğu ehtimalını irəli sürməyə başlayıblar.

“Yeri gəlmişkən, orduda baş verən hadisələrdən sonra müdafiə naziri David Tonoyan nazir müavinlərindən birinə hərbi hissələrdə yoxlamalar aparmağı tapşırıb. Lakin Müdafiə Nazirliyi ilə Baş Qərargah arasındakı münasibətlər gərginləşdiyindən proses bir qədər səngiyib. Bu şəraitdə, Qaş Qərargahdan hər hansı bir nümayəndəni tapmaq çətindir ki, Müdafiə Nazirliyi ilə əməkdaşlıq həyata keçirə bilsin”,- deyə nəşr yazıb.

Əslində, doğrudan da son əsgər ölümləri Paşinyanın onsuz da getdikcə zəifləyən mövqelərini, reytinqini daha da aşağı salıb. Mətbuatda və cəmiyyətdə onu dövləti və ordunu idarə edə bilməməkdə ittiham edənlərin sayı sürətlə çoxalır. Xüsusilə ordudakı vəziyyətin acınacaqlı olduğunu önə çəkənlər bunun ölkədəki cəzasızlıq mühiti və hakimiyyət uğrunda siyasi çəkişmələrlə bağlı olduğunu bildirirlər. “Sputnik Armeniya” portalının bu məsələ ilə bağlı İrəvan əhalisi arasında apardığı son sorğu zamanı respondentlərdən biri deyib ki, Ermənistan ordusu erməni cəmiyyətinin güzgüsüdür: “Küçədə nə baş verirsə, Ermənistan ordusunda da həmin şeylər baş verir” deyən respondent həm cəmiyyətdə, həm də ordudakı vəziyyətdən hamının narahat olduğunu bildirib.

Bu arada çoxsaylı təzyiqlər və ittihamlarla üz-üzə qalan Paşinyan öz sosial şəbəkə səhifəsində həmişəki populist açıqlamaları ilə vəziyyəti sakitləşdirməyə, erməniləri arxayın salmağa çalışıb. Mənasız şüarlarla zəngin olan həmin paylaşımlarında hökumət başçısı əksinə, ötən il əsgər ölümü statistikasında azalma olduğunu bildirib. Onun “2019-cu ildə əsgər ölümlərində tarixi minimum əldə edilib. Biz bu dinamikanı saxlamalıyıq” açıqlaması isə cəmiyyətdə əlavə qıcıq yaradıb. Müxalifət və bir çox müstəqil ekspertlər onu əsgər həyatına, insan taleyinə statistik məlumat kimi yanaşmaqda, mənəviyyatsızlıqda ittiham ediblər. Həmçinin etirazların ötən ilin nəticələri deyil, bu ilin əvvəlindən keçən qısa müddətdə baş verən ölüm hadisələrilə bağlı olduğu önə çəkilib.

Xatırladaq ki, baş verən ölüm hadisələrinin böyük əksəriyyəti intihar kimi xarakterizə olunur. Lakin əsgər yaxınları bu hadisələrin qəstdən törədilərək, intihar adı verildiyi, yaxud da bilərəkdən, məqsədli şəkildə əsgərlərin intihar həddinə çatdırıldığı qənaətindədirlər. Son belə hadisələrdən birində əsgərin yaxınları onun cənazəsini götürərək, piyada İrəvana yürüş etməyə başlamışdılar. Yalnız şəxsən müdafiə naziri əsgərin valideynlərilə görüşüb, onlardan xahiş etdikdən sonra yürüş dayandırılmışdı.

Sevinc Azadi, “İki sahil”