26 iyun 2020 16:22
229

Musa Quliyev: Koronavirusla mübarizədə məsuliyyət və nəzarət güclənməlidir

“Ölkəmizdə mart ayının əvvəllərindən başlayaraq koronavirus pandemiyası ilə çoxşaxəli mübarizə aparılır. Martın 24-dən başlayan karantin rejimi bütün aprel ayı boyunca davam etdi və çox uğurlu nəticələr əldə etdik. Təəsüflər olsun ki, mayın əvvəllərindən tətbiq olunan yumşalmalar arzuladığımız effekti vermədi, əksinə vəziyyətin daha ciddi xarakter aldığını hər birimiz həyacanla izləməkdəyik. Koronavirusla mübarizədə təbliğat və maariflənmə işi ilə yanaşı nəzarət və cərimə mexanizmi də ciddi tətbiq edilməli, epidemiyanın yayılması səviyyəsinə uyğun olaraq tənzimlənməlidir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, müşahidələr göstətir ki, son həftələr koronavirusa inanmayanların, "virus yoxdur" deyənlərin sayı xeyli azalsa da, karantin rejiminə əməl etməyənlərin, xüsusi ilə tibbi maska taxmayanların sayı azalmır, əksinə bəlkə də məsuliyyətsiz və biganə insanların sayı artır. Bu məsuliyyətsizliyin bir səbəbi hökumətin gördüyü tədbirlərdən arxayınlıq hissidirsə, digər səbəblər şəxsi məsuliyyətsizlik, intizamsızlıq və ictimai borcun layiqincə dərk edilməməsi, digər tərəfdən nəzarətin, o cümlədən, ictimai nəzarətin lazımınca təşkil edilməməsidir.
“Görülən işlər, aparılan tədbirlər, həkimlərin, polislərin, sosial təminat işçilərinin böyük zəhməti və fədakarlıqları, özlərinin və ailə üzvlərinin həyatlarını risk altında qoyaraq aylardır ki, koronavirusla mübarizə aparan bu qəhrəman insanların əməyi qarşısında hər birimiz hörmət və ehtiram göstərməklə yanaşı, özümüzə də sual verməliyik: pandemiya ilə mübarizədə mən nə etmişəm? Bu sualın çox cavabı ola bilər, amma bütün cavablar bir cavabdan başlayır: qaydalara və tələblərə doğru- düzgün əməl etməkdən! Tələblər isə çox sadədir, əziyyət və xərc tələb etmir: karantin rejiminə əməl etmək, sosial məsafəni gözləmək və dezinfeksiya edici vasitələrdən istifadə etmək. Yoluxmamaq, yoluxdurmamaq!”-deyən, M.Quliyev qeyd edib ki, qorxduqlarımız, qorunduqlarımız başımıza gəlməkdədir, artıq xəstəxanalarda yerlər çox məhduddur, simtomsuz yoluxanlar və yüngül xəstələr evdə ambulator müalicə almaq məcburiyyətindədirlər, yoluxanların ümümi sayı 15000 nəfəri haqlamaqdadır, gündəlik yoluxanların sayı 500- ün üzərindədir! Tibb personalı nə qədər fədakarlıq göstərsə də, bu sayda xəstəyə xidmət etmək fiziki olaraq onların imkanı xaricindədir.
Komitə sədri daha sonra deyib: Nəzərdə tutulan 7000 çarpayı fondunun, o cümlədən hər biri 200 çarpayı olmaqla 10 modul xəstəxananın imkanları az qala həndəsi silsilə ilə artan yoluxmaları qarşılamaq gücündə deyildir. Çox ciddi, qəti tədbirlər görməsək, fəlakət qapınının ağzındadır!
Nə etməli? Karantin rejimi davam etməli və daha da ciddiləşdirilməli, ictimai nəqliyyat və metroda gediş- gəliş qaydaları sərtləşdirilməli, bir nəfər də olsun maskasız şəxs ictimai nəqliyyata götürülməməli, həm maskasız şəxs həm də sürücü inzibati məsuliyyətə cəlb olunmalıdır! Karantin dövründə qaydaları pozmağa, fərdi qoruyucu vasitələrdən istifadə etməməyə, o cümlədən, qapalı məkanlarda və təlimatda nəzərdə tutulan digər yerlərdə maska taxmamağa görə cərimələr müəyyən olunmuşdur. Lakin ötən dövrün təcrübəsi göstərir ki, cərimələrin məbləği təsirli nətiçələr üçün yetərli deyildir. Eyni zamanda aşağı məbləğdə cərimələr inzibati xətanın ağırlığına adekvat deyildur. Artıq dünyada koronavirusa görə karantin rejiminin və maskadan istifadənin pozulması həm də, cəmiyyətə hörmətsizlik və qəsd kimi də qiymətləndirilir.
Karantin rejiminin pozulmasına, o cümlədən, qapalı məkanlarda maskadan istifadə olunmamasına görə cərimələrin məbləği xeyli artırılmalıdır. Əlbəttə, cərimə məbləğinin artırılması vətəndaşı cəzalandırmaq məqsədi daşımır, əksinə, onun sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir. Analoji qaydalar digər ölkələrdə, o cümlədən, qonşularımız Türkiyədə, Rusiyada və Gürcüstanda da tətbiq edilmiş və müsbət nəticə vermişdir. Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa görə cərimələrin məbləği 370- 3000 lirə arasında dəyişir, Gürcüstanda karantin rejiminin pozulmasına görə fiziki şəxslər 2 min lari ( 670 dollar) , hüquqi şəxslər 10 min lari (3300 dollar) cərimə olunur, Rusiyada karantin rejiminin pozulmasına görə fiziki şəxslər 15 mindən 40 min rubla qədər (214 və 570 dollar), hüquqi şəxslər 150 min-500 min rubl (2152 və 7150 dollar), maska taxmamağa görə fiziki şəxslər 5000 rubl (120 manat) məbləğində cərimə olunurlar.
Heç şübhəsiz ki, koronavirusla mübarizədə təşkilati- institusional tədbirlərlə yanaşı, vətəndaş məsuliyyətini artıran cərimə və nəzarət tədbirlərinin gücləndirilməsinin də əhəmiyyəti böyükdür.
Digər vacib bir məsələ ictimai nəzarətin gücləndirilməsidir. Heç şübhədiz ki, polis on milyon əhaliyə həmişə və hər yerdə nəzarət edə bilməz. Nəzarəti vətəndaşlar etməlidir; əvvəl özünə, sonra bir- birinə! Hesab edirəm ki, həmişə olduğu kimi, bu məsələdə də Yeni Azərbaycan Partiyası öz avanqard rolunu göstərəcəkdir, partiyamızin gənclər təşkilatı drujinalar təşkil edib qapalı məkanlarda və ictimai nəqliyyatda maska rejimini nəzarətdə saxlaya, öz nümunəsi ilə digər ictimai- siyasi təşkilatları və vətəndaş cəmiyyəti üzvlərini də bu könüllü hərəkata dəvət edə bilər!
Digər bir təklifim içtimai qınaqla bağlıdır. Televiziyalar, o cümlədən, internet televiziyaları karantin rejimini pozanlar, maskasız gəzənlər haqqında gündəlik süjetlər hazırlasın, efirə versin,
sosial mediada koronavirusla mübarizə işinə zərər verən, " koronavirus yoxdur"- deyərək əks - təbliğat aparıb insanları çaşdıranlar, eləcə də, karantin və maska rejimini təkrar pozanlar məhkəmə qərarı ilə qanunla müəyyən edilən müddətlərə koronavirusla mübarizə üçün ayrılan xəstəxanalarda sanitar xidməti işlərinə cəlb edilsinlər.
Koronavirus pandemiyası ilə bağlı dünyada, eləcə də, ölkəmizdəki prosesləri və vəziyyəti yaxından izləyən bir həkim kimi bu məqalə ilə bir daha vətəndaşlarımıza müraciət etmək isyəyirəm: Vəziyyət kifayət qədər ciddidir, gücümüzü bir yerə qoymalıyıq, hökumətin gördüyü tədbirlərə dəstək verməliyik. Əks halda fəlakətdən heç birimiz qaçıb qurtara bilməyəcəyik.