Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İki sahil” TV-nin qonağıdır
- Musa müəllim, ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın siyasətini dəstəklədiyini və ölkəsinin etibarlı tərəfdaşı kimi gördüyünü diqqətə çatdırır. Bu barədə sizin də fikirlərinizi almaq istərdik...
- Son illər respublikamızın nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev sahibliyi etməsi onun dünyada getdikcə artan nüfuzunun göstəricisidir. Üç aydan artıqdır ki, dünyada ciddi narahatlıq, təşviş və qorxu yaratmış koronavirus pandemiyası inkişaf etmiş dövlətlərə ağır zərbə vurduğu halda, Azərbaycanın az itki verməklə təhlükəli virusa qarşı ciddi mübarizə aparması beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. Bu, dünyanın supergücə malik dövləti olan ABŞ-ın Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da vurğulanıb.
Məktubda diqqət çəkən digər bir məqam Ağ ev rəhbərinin beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfəsini yüksək qiymətləndirməsidir. Donald Tramp bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi vurğulayır. ABŞ Prezidentinin məktubunda yer alan məqamlardan ən mühümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədardır. Ağ ev rəhbəri ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın münaqişənin sülh yolu ilə həlli üçün bundan sonra da danışıqların aparılmasına dəstək verəcəyini bəyan etməsi problemin həllində maraqlı olmasından xəbər verir. Əslində, bu məqam bütün vasitələrlə danışıqlardan boyun qaçırmaq istəyən təcavüzkar Ermənistana ciddi mesajdır. Trampın bu fikri həm də Ermənistanın danışıqlar formatının dəyişdirilməsinə cəhd etməsinə yönələn cavabdır. Azərbaycan Respublikasının bu günə qədər sərgilədiyi diplomatik mövqe ona gətirib çıxarıb ki, artıq dünyanın əks qütblərini təmsil edən, hətta zaman-zaman hərbi və iqtisadi hegemonluq naminə aqressiv hərbi-siyasi gedişlərdən çəkinməyən ABŞ, Rusiya, Avropa İttifaqı kimi güclər rəsmi Bakını bərabərhüquqlu tərəfdaş kimi qəbul edərək siyasi arenada onunla hesablaşır. Məhz bu meyarlar və beynəlxalq etimad imkan verib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı kimi institutlara sədrlik etsin, habelə qlobal təşəbbüslərdə əsaslı söz sahibi olsun. Azərbaycandan fərqli olaraq bölgənin digər dövləti - Ermənistanın müstəqilliyiformaldır, işğalçı ölkənin suverenliyi ilə bağlı de-fakto fərqli vəziyyət hökm sürür və bu, beynəlxalq arenada hər kəsə aydındır.
- Koronovirusla mübarizədə Azərbaycan mübarizə modelinin uğurlu nəticələri ilə göz qabağındadır. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və öz müsbət nəticələrini göstərməkdədir. Məhz qabaqlayıcı tədbirlərin, atılan sistemli addımların həyata keçirilməsi nəticəsində bu gün uğura nail olmuşuq. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Koronavirus kabusu dünyanın başı üzərini alan gündən Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar nəticəsində respublikamız bu bəladan daha az itki verən dövlətlər sırasındadır. Dövlətimizin başçısı öz humanist siyasətinə sadiq qalaraq ölkəmizlə yanaşı, digər ölkələrə də bu bəladan xilas olunmaq üçün köməyini əsirgəməyib. Bunu Azərbaycan dövlətinin dünyanın bir sıra ölkələrinə humanitar yardım göndərməsi də təsdiqləyir. Belə çətin məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşlərinin keçirilməsi və hər iki tədbirin COVID-19-la mübarizəyə həsr olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans da xüsusi qeyd edilməlidir. Dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərinin təqdir olunması və dövlətimizin başçısının liderlik səylərinin yüksək qiymətləndirilməsi hər birimizdə qürur hissi yaradır.
Xanım Kelli Kramerin “Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini nümayiş etdirdi” - fikrini səsləndirməsi dövlətimizin başçısının siyasi fəaliyyətinə verilən yüksək qiymətdir.
- Pandemiyadan sonrakı dövrün inkişaf modelini necə xarakterizə edərdiniz?
- Pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və postpandemiya dövrünə yaxşı hazırlaşmaq məqsədilə ölkəmizdə qısa və ortamüddətli tədbirlər kompleksini özündə əks etdirən geniş iqtisadi və sosial proqram həyata keçirilir. Ölkə Prezidentinin dövlət büdcəsinə yeni gəlir mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı göstərişinin məqsədi postpandemiya dövründə iqtisadiyyatdakı şəffaflığın gücləndirilməsinə fiskal baxımdan təsirləri və dövlət büdcəsinə daxilolmaları təmin etməkdir. Bu baxımdan, postpandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığın gücləndirilməsi ilə bağlı tədbirlər daha prioritet olacaq. Azərbaycan Respublikasının Prezidenti 2020-ci ili dərinləşdirilmiş islahatlar və islahatların davam etdirilməsi ili kimi qiymətləndirib. Bu o deməkdir ki, biz pandemiyadan sonra da islahatların dərinləşməsini müşahidə edəcəyik. Post-pandemiya dövründə onlayn bazar münasibətlərinin indiyə qədər müşahidə edilməmiş revanşını görəcəyik. Bütün dünyanın həyata keçirdiyi “evdə qal!” kampaniyası distant təhsili, online ticarəti, onlayn idarəetməni aktuallaşdırdı və mümkünlüyünü ortaya qoydu. Artıq yeni bazar və əmək münasibətləri yaranır.
- Son bir neçə aydır ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə məqsədi ilə aparılan islahatların şahidi oluruq. Fikrinizcə, Dövlət Təhlükəsizlik Xidmətinin son uğurlu əməliyyatları digər başçılara və ümumilikdə məmurlara dərs olacaqmı?
- Ölkəmiz pandemiya ilə mübarizə apardığı bir vaxtda vəzifəsindən sui-istifadə edən məmurların aşkarlanması istiqamətində aparılan islahatlar uğurla davam edir. Dövlətimiz korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər görməklə mühüm irəliləyişlərə nail olub. Bu gün Azərbaycanda antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi bu prosesin kampaniya xarakteri daşımadığını göstərir. Sözsüz ki, şəffaflığın qorunmasına nəzarətin gücləndirilməsi, qanunu pozanlara qarşı cəza sisteminin tətbiqi neqativ halların və eyni zamanda, bu sahədə şikayətlərin azalmasına səbəb olur. Beləliklə, göründüyü kimi, korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var. Son zamanlarda müşahidə etdiyimiz hadisələr, əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar cəmiyyətdə mövcud narazılıqların aradan qaldırılması istiqamətində atılan addımlardan biridir. Çirkin əməllər törədən bəzi məmurların cinayət məsuliyyətinə cəlb olunması belə özbaşınalıqlardan əziyyət çəkmiş insanlara ədalətin bərqərar olmasına dair ümid verməklə yanaşı, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasını bir daha nümayiş etdirir. Prezident öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır. Təbii ki, bu çağırışlara riayət edən məmurlarla yanaşı, biz bu gün fərqli mövqe sərgiləyən məmurların da olduğunu görürük. Məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır. Bu sahədə əldə edilmiş uğurlar - dövlət qulluqçularının şəffaf fəaliyyəti vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktlarının da qarşısını alacaq. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olacaq. Atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son olaylar məmurların toxunulmazlıq mifini bir daha darmadağın etdi. İctimaiyyət anladı ki, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq hamı eynidir və hər bir şəxs qanunlara tabe olmalıdır.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”