28 yanvar 2020 16:58
1717

Müşfiq Məmmədli Hacı Zeynalabdin qəsəbəsində seçicilərlə görüşüb - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədli Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüş keçirib.

H.Zeynalabdin qəsəbəsində əvvəlcə 1 saylı binanın həyətində yerləşən xeyir-şər evində seçicilərlə görüşən Müşfiq Məmmədli daha sonra Şirvan yaşayış massivinin sakinlərinin problemlərini dinləyib.

Görüşlərdə çıxış edən namizədin vəkilləri M. Məmmədli haqqında seçicilərə geniş məlumat veriblər.

Deputatlığa namizəd M.Məmmədli seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə ətraflı məlumat verib. O, çıxışında əldə edilən uğurlarla yanaşı bir sıra problemlərin də olduğunu və çatışmazlıqların aradan qaldırılacağı istiqamətində böyük səylə çalışacağını seçicilərin diqqətinə çatdırıb.

Diskussiya şəraitində keçən görüşdə deputatlığa namizəd seçicilərin suallarını cavablandırıb. M.Məmmədli bununla yanaşı, qəsəbə ərazisində fəaliyyət göstərən idman zalının mövcud şəraiti ilə də tanış olub.

Görüş iştirakçıları isə seçicilərin 9 fevral parlament seçkilərində YAP-ın namizədi Müşfiq Məmmədliyə səs verəcəklərini bildirib və onun qalib gələcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq Xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.

Qeyd edək ki, M.Məmmədli 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində "Səhiyyə təşkilatlarının menecmenti" ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür. Ailəlidir, 3 övladı var.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt – Xızı seçki dairəsindən deputatlığa namizədidir.

Orxan Vahidoğlu, “İki sahil”