24 avqust 2019 15:15
875

Muxtar respublikada turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər görülür

Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar, öz növbəsində, turistlərin sayının artmasına, sənətkarlıq nümunələri və suvenirlər bazarının canlanmasına səbəb olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənətkarlarla keçirilən görüşdə ətraflı danışılıb.

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində görülən işlərin müzakirə olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən dövrdə sənətkarlar tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli arqumentləri özündə əks etdirən sənət sahələri üzrə 13 min manat dəyərində 722 əl işi və sənət əsəri hazırlanıb, satış üçün Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilib.

“Ötən müddətdə bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirilmiş 48 beynəlxalq tədbirdə muxtar respublikadan 256 sahibkarlıq subyektinin 263 nümayəndəsinin iştirakı təmin edilib və muxtar respublikanın turizm potensialı haqqında xarici iş adamlarına və həmin ölkələrin rəsmilərinə məlumat verilib, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılıb”, – deyən Tapdıq Əliyev vurğulayıb ki, kənd turizminin inkişaf etdirilməsində, kənd yerlərində kiçik sahibkarlığın inkişafında ailə təsərrüfatlarının mühüm rolu var. Ötən dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 46 ailə təsərrüfatına 710 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb. Digər tərəfdən “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi belə təsərrüfatların fəaliyyətlərinin stimullaşdırılması ilə yanaşı, muxtar respublikamızda turizm imkanlarının təbliğində də mühüm rol oynayıb.

Diqqətə çatdırılıb ki, sənətkarlar hazırladıqları əl işlərində marketinq sahəsində müasir, innovativ üsulların istifadəsinə xüsusi fikir verməlidirlər. Belə ki, əl işləri turistlər üçün cəlbedici, qiymətləri münasib olmalı, toxunan xalçaların incə və kənarlarının düz olmasına xüsusi diqqət yetirməli, xalçaların üzərində Naxçıvanı tanıdan çeşidli milli ornamentlərdən və digər təsvirlərdən istifadə edilməli, bir sözlə, əl işləri keyfiyyəti və cəlbediciliyi ilə seçilməlidir. Həmin əl işlərinin daha asan hazırlanması məqsədilə sənətkarlar Naxçıvan Biznes Mərkəzinin imkanlarından istifadə edə bilərlər.

Nazir sahibkarlığın inkişafı üçün yaradılmış şəraitə, göstərilən hərtərəfli qayğıya görə muxtar respublika sahibkarları və sənətkarları adından Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə edib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən müxtəlif sənətkarlıq nümunələrinin təşviqi üçün turistlərin məlumatlılığının artırılması ilkin prioritetlərdəndir. Əl işlərinin sərgi-satışının təşkili isə sənətkarlığın inkişafına mühüm töhfədir.

Qeyd edilib ki, sənətkarlarımız hazırladıqları əl işlərinin fotoşəkillərini Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə təqdim etməklə doğma diyarımızın tanıdılması işinə öz töhfələrini verə bilərlər.

Sonra Sahibkarlığın İnkişafı Fondu publik-hüquqi şəxsin idarə heyətinin sədri Seymur Cəfərov və sənətkar Akif Həsənov çıxış ediblər.

Sonda muxtar respublikada fəaliyyət göstərən sənətkarların fikirləri dinlənilib.