16 sentyabr 2019 11:29
230

Muxtar respublikadakı muzeylər ötən ay 59 mindən çox ziyarətçi qəbul edib

Bu ilin avqust ayında muxtar respublikanın muzeylərini 22 mindən çoxu əcnəbi vətəndaş olmaqla, 59 mindən çox tamaşaçı ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi ötəm ay da davam etdirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

Muxtar respublikanın əksər kitabxanalarında və klub müəssisələrində kitab müzakirələri, mütaliə və nağıl günləri keçirilib, kitab sərgiləri təşkil olunub, “Yay oxu zalı”nın fəaliyyəti davam etdirilib. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki yaşayış binalarının həyətində keçirilən “Sizi deyib gəlmişəm” adlı kitab sərgiləri maraqla qarşılanıb. Səyyar kitabxana xidmətinin təşkili ilə bağlı aparılmış iş ötən ay da davam etdirilib, 22 nəfərə səyyar kitabxana xidməti göstərilib. Muxtar respublikanın kitabxanalarına 50 adda 59 nüsxə çap məhsulu daxil olub, kitabxanalarda yeni oxucu sayı 258, oxucu gəlişi 3 min 726, kitab verilişi 10 min 475 nüsxə təşkil edib. Virtual oxu üçün elektron kataloqda kitabların sayı 12 min 658-dən 13 min 248-ə çatdırılıb.

Avqust ayında muxtar respublikanın klub müəssisələrində tarixi və əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirilib, Ordubad rayonunun Dırnıs kəndində “Xalq yaradıcılığı günü”, rayon mədəniyyət şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil olunub. Babək rayonunun Yarımca, Ordubad rayonunun Tivi və Şahbuz rayonunun Qızıl Qışlaq kənd mərkəzlərində Azərbaycan filmləri nümayiş etdirilib.