11 oktyabr 2019 19:23
1196

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Buna görə də qabaqcıl dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini artırırlar.

Bu bəşəri bəla ilə mübarizə hər zaman Azərbaycan üçün də aktual ictimai və sosial məsələ olmuşdur. Ölkəmizdə bununla bağlı müvafiq dövlət proqramları çərçivəsində ardıcıl siyasət, zəruri tədbirlər, o cümlədən maarifləndirmə işi həyata keçirilnnmişdir. Hələ müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq Fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Ötən müddətdə həyata keçirilən üç proqram (2000-2006, 2007-2012 və 2013-2018-ci illər) və bu il qəbul olunaraq icrası davam edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu sahədə dövlətin müxtəlif qurumlarının və ictimai təşkilatların qarşılıqlı fəaliyyətinə zəmin yaradıb.

Dövlət tərəfindən həyata keçirilən bütün bu tədbirlər, qəbul olunan müvafiq proqramlar  Xızı rayonunda da öz əksini tapır. Belə ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya və Müsadirə edilmiş narkotik vasitələrin və onların prekursorlarının məhvetmə komissiyası yaradılmış, hər bir komissiya üzvünün mobil və iş telefonları rayonun mətbu orqanı olan “Xızı” qəzetində dərc edilərək əhalinin nəzərinə çatdırılmış, müraciət edən hər bir vətəndaşa  komissiya üzvləri ilə əlaqə saxlamaq üçün lazımi şərait  yaradılmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası  rayon Polis və Təhsil şöbələri, rayon Mərkəzi Xəstəxanası, Gənclər və idman idarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi ilə birgə əlaqəli iş quraraq narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. 

Xızı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə keçirilmiş səyyar görüşlərdə digər məsələlərlə yanaşı, narkomanlığa qarşı mübarizə ilə bağlı söhbətlər aparılır, narkomanlığın ailələrə vurduğu və gələcəkdə  vura biləcəyi maddi və mənəvi zərərdən danışılır, narkomaniyaya qarşı mübarizənin təkcə hüquq-mühafizə orqanlarının, digər aidiyyəti dövlət idarə və təşkilatların deyil, hər bir sağlam düşüncəli insanın vətəndaşlıq borcu olduğu  vurğulanır.

Gənclər arasında asudə vaxtın daha səmərəli təşkil edilməsi üçün intellektual və idman yarışları, rəsm və inşa-yazı müsabiqələri təşkil edilir. Keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri ilə yanaşı din xadimləri də iştirak edir.

Hər il 26 iyun - Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində “Ağ ölümə-narkomaniyaya “yox” deyək”, “Narkomaniya və QİÇS-ə qarşı mübarizənin yolları və maarifləndirmə” , “Narkomaniya-XXI əsrin bəlası” mövzularında silsilə tədbirlər keçirilir.

Rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkotik xassəli bitkilərin kultivasiyasına və yabanı halda bitməsinə qarşı mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi daim diqqətdə saxlanılır. Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən kompleks işlər həyata keçirilir.

Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq.

Jalə Süleymanova,

Xızı Rayon İcra Hakimiyyəti başçısının
müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri