29 iyul 2020 12:30
216

Naxçıvan Muxtar Respublikası: infrastrukturlar, innovasiyalı inkişaf və perspektivlər

Ölkəmizin  davamlı sosial iqtisadi yüksəlişinin təmin edilməsi innovasiya fəaliyyəti və innovasiya proseslərinin idarə edilməsinin müasir tələblərə uyğun təşkili və mütəmadi təkmilləşdirilməsi ilə sıx əlaqədardır. Belə ki, ictimai, iqtisadi və sosial həyatda innovasiya fəaliyyəti və innovativ proseslərin nəticələrindən istifadə edilməsi  ölkənin perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsinə, eləcə də intelektual potensialın üzə çıxarılmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə, innovasiyalı iqtisadiyyatın qurulması və rəqabət qabiliyyətli, elmtutumlu məhsul istehsalının təmin edilməsinə öz müsbət təsirini göstərir.

Müasir dövrdə beynəlxalq aləmdə gedən iqtisadi inkişaf prosesləri, sosial-iqtisadi inkişaf, cəmiyyətin demokratikləşməsi, ictimai və idarə prosessləri arasında əsas təsir amili kimi innovasiya amilləri xüsusi əhəmiyyət kəsb edir.

Müasir dövrdə Azərbaycan Respublikasının dövlət siyasətinin vacib prioritetlərindən biri iqtisadiyyatın innovasiya iqtisadiyyatına yönəldilməsidir. Bunun bazasını isə yüksək biliyə əsaslanan sahələrin və elmtutumlu texnologiyaların inkişaf etdirilməsi təşkil edir. İqtisadi inkişafın innovasiya modelinin başlıca istiqamətləri “Azərbaycan 2020-gələcəyə baxış” inkişaf konsepsiyasında öz əksini tapmışdır. Konsepsiyada iqtisadiyyatın texnoloji cəhətdən müasirləşdirilməsi elmi və elmi-texniki fəaliyyətin nəticələrinin keyfiyyətli artımı hesabına innovasiya inkişaf yoluna keçirilməsi, innovasiya fəaliyyətinin səmərəsini artırmaq kimi vacib məsələlər ön plana çəkilmişdir.

İnnovasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, özəl sektorun inkişaf etdirilməsi, elektron avadanlıqların və proqram təminatı məhsullarının istehsalının ölkədə, xüsusən də regionlarda təşkili istiqamətində mühüm addımlar atılmışdır.

Muxtar Respublikamızda sosial-iqtisadi inkişaf səviyyəsinin davamlı olaraq yüksəlişi yeni imkanlar yaradıb. Kreativ əmək və innovasiyalardan səmərəli istifadə etməklə cəmiyyət həyatının bütün sahələri sürətlə yenilənib.

Muxtar Respublikada iqtisadi və sosial sahələrdə innovasiyaların tətbiqinə hələ yeni əsrin əvvəllərindən başlanıb. İnnovasiyalar daha təkmil texnoloji proses yaradılması, bazara yeni məhsul çıxarılması, həmçinin sosial xidmətlərə yeni tərzdə yanaşma ilə ifadə olunur. Bütün sahələrdə innovasiyaların artan sürətlə tətbiq olunması muxtar respublikanın sosial iqtisadi inkişafının müasir mənzərəsini yaradıb.

İqtisadiyyatımızın sahə strukturunda mütərəqqi dəyişikliklər, ənənəvi sahələrlə yanaşı texnoloji və elmtutumlu yeni sahələrin meydana gəlməsi, yeni məhsulların istehsalı, mövcud məhsulların yeni növ və modifikasiyalarda bazara çıxarılması ilbəil daha geniş miqyas alıb.

Bunun nəticəsidir ki, muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar Respublikada müxtəlif yarmarkaların və festivallarlın təşkili yerli məhsulların tanıdılmasına, ailə təsərrüfatlarında əmtəəlik istehsal və bazar təcrübəsinin inkişafına xidmət edən təşkilati innovasiyalardır.

Elm və təhsil müəssisələrində yaradılan informasiya-kommunikasiya infrastrukturunun interaktiv təhsil sisteminə qoşulması kadr hazırlığında yeni dövrün əsasını qoyub.

Muxtar Respublikada innovasiyaların stimullaşdırılması istiqamətində xeyli əvvəl başlayan və hazırda yeni müstəvidə davam etdirilən məqsədyönlü tədbirlər innovativ inkişafın yeni mərhələyə yüksəlməsinə təkan vermişdir.

Muxtar Respublikasının informasiya-rabitə sistemi tamamilə yeni nəsil texnologiyalar əsasında qurulub, ”Elektron hökümət” portalı vasitəsilə əhaliyə 300-ə yaxın elektron xidmətin göstərilməsi təmin edilib. Enerji təsərrüfatı smart texnologiyaların tətbiqi mərhələsinə yüksəlib. İstifadəyə verilmiş günəş elektrik stansiyaları ən qabaqcıl innovasiya nümunəsidir.

Sosial-iqtisadi, texniki və intelektual potensialın möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması istiqamətində aparılmış irimiqyaslı, kompleks və sistemli işlər innovasiyaların genişlənməsi üçün möhkəm baza yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında”  2019-cu il 3 aprel tarixli Sərəncamı görülmüş işlərin davamı olaraq yüksək ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılmaı istiqamətində yeni vəzifələr müəyyənləşdirir. İrəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın  aktiv subyektlərinə çevrilməsini tələb edir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsi, elmi araşdırmaların aparılması kimi ənənəvi istiqamətlərlə yanaşı, ali məktəblər innovativ ideyaların generasiyası funksiyasını da yerinə yetirməlidirlər.

Yeni ideyaların yaradılması və startaplara çevrilməsi istiqamətində aktiv şəkildə fəaliyyət göstərmək üçün təhsil müəssisələrinin geniş maddi-texniki bazası və böyük elmi potensial mövcuddur. Təhsildə və texnologiyalarda olan ən son nailiyyətlər auditoriyalarda tətbiq olunur. Bu potensialdan səmərəli istifadə etməklə ali məktəblərdə innovasiya mühitinin inkişafı kreativ düşüncəli yeni nəslin formalaşmasına ciddi təsir göstərməkdədir.

Gənc nəslin startap layihələrinin hazırlanmasına səfərbər edilməsi gələcək mühəndislər, menecerlər, sahibkarlar ordusunun formalaşmasına aparan ən optimal vasitədir.

Bu gün biliktutumlu iqtisadiyyatın formalaşmasında İKT sektorunun xüsusi rolu var. Belə ki, Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması layihəsi çərçivəsində elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilin idarəetmə modellərini özündə birləşdirən Elektron Universitet formalaşmışdır.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın  və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı çox sürətlə inkişaf edir. Aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaradır. Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsində sənaye və kənd təsərrüfatı sahələri xüsusi əhəmiyyət kəsb edir. 

Bu gün iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa xüsusi diqqət yetirilir. Regional dövlət proqramlarının icrası digər regionlarda olduğu kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında da mühüm mərhələdir. Burada genişmiqyaslı infrastruktur layihələr gerçəkləşdirilib, iqtisadiyyatın bütün sahələri üzrə islahatlar aparılıb və yeni təsərrüfat sistemi formalaşdırılıb. Rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, bunun nəticəsində yeni iş yerləri yaradılıb.

Sənaye məhəllələri dünya praktikasında uğurla tətbiq olunan və fəaliyyətindən çox sayda müsbət nəticələr gözlənilən bir ərazidir. Belə ərazilər regiona əsas müxtəlif növ sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri olan bütün infrastruktur xərcləri kiçik və ortaölçülü sahibkarlar tərəfindən yaradılan adi sənaye müəssisələrinin xərcləri ilə müqayisədə əhəmiyyətli dərəcədə az olur. Belə ərazilərdə istehsalın təşkilinin daha səmərəli olması və rəqabətqabiliyyətli məhsul istehsalı üçün minimum resursların mövcudluğunu nəzərə alaraq, ölkəmizdə sənaye məhəllələrinin yaradılması, idarəedilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi məsələlərin tənzimlənməsi üzrə qanunvericilik bazası yaradılmışdır. Çünki dövlətimiz həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsi kimi regionların tarazlı inkişafına nail olmaq, yerli resursları iqtisadi dövriyəyə cəlb etməklə yeni istehsal sahələri üzrə əmək vərdişləri və təcrübə formalaşdırmaqda davamlılığı təmin etməyi qarşıya məqsəd qoyub.

Daha çox startap layihələr üzrə işləyən müəssisələrin yerləşdiyi belə ərazilərdə innovasiyaların tətbiqi və ixracyönümlü əmtəələrin çeşidinin artırılması əsas biznes hədəfi kimi qarşıya qoyulub.

Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini verməkdədir. İqtisadi inkişafın mühüm göstəricisi olan ÜDM tərkibində sənayenin ilk yeri tutması da bunu bir daha sübut edir. Belə ki, muxtar respublikada 2020-ci ilin yanvar-aprel aylarında 743 milyon 26 min 800 manatlıq ÜDM istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çoxdur. Hər bir nəfərə düşən ÜDM həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 1615,3 manat olmuşdur. Muxtar respublikada yaranan ÜDM-un tərkibində əsas yeri sənaye sahəsi tutur. Sənaye üzrə 337 milyon 363 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur. Vəsait qoyuluşları çərçivəsində 2020-ci ili9n yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 290 milyon 340 min 100 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricisindən 0,8% çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 274 milyon 817 min 700 manat və ya 94,7% tikinti-quraşdırma işlərinin payına düşür.     

Muxtar Respublikada sənaye sahəsi ilə yanaşı kənd təsərrüfatı sahəsi də yüksək səviyyədə inkişaf etməkdədir. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verib, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Bu isə təşəbbüskarlığın artması, fərdi təsərrüfatçılığın inkişafı deməkdir.

Muxtar respublika iqtisadiyyatında fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Ailə üzvlərinin birgə əməyinə əsaslanan belə təsərrüfat formaları Naxçıvanda min illər ərzində yaranmış, böyük yol keçərək hazırki inkişaf səviyyəsinə çatmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi burada müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açdı. Belə ki, hazırda muxtar respublikada 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur. Heç şübhəsiz ki, ailə təsərrüfatlarının sayı daha da artacaq, yeni yaradılan ailə təsərrüfatları doğma diyarımızın iqtisadiyyatına öz töhfəsini verəcək.  

Aparılan təhlillər onu deməyə əsas verir ki,  bu gün muxtar respublikada həyata keçirilən düşünülmüş uğurlu siyasət, qəbul olunmuş dövlət proqramlarının, azad rəqabət mühitinin yaradılmasından irəli gəlir. Bütün Naxçıvanın uğurlu sosial-iqtisadi tərəqqisi nəticəsində mümkün olmuşdur.

Məhsəti Əsgərova,
Naxçıvan Dövlət Universitetinin
“İqtisadiyyat” fakultəsinin müəllimi