09 fevral 2020 13:09
552

Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan Muxtar Respublikasının yaradılması isə Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsinə çevrilib.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.

Ermənistan Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edib

Akademik vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi inkişaf yolu keçib. Bu yolda hadisələri mürəkkəbləşdirən XIX əsrin 20-ci illərində Azərbaycan torpaqlarına köçürülən, özlərinin dövlətlərini yaratmağa cəhd edən ermənilər olub. Həmin dövrdə ərazi mübahisələri qızışdırılır və bunları ermənilərin xeyrinə həll etmək siyasəti aparılırdı. Azərbaycan Demokratik Respublikası dövründə ölkəmizə qarşı əsassız ərazi iddiaları bolşevik hakimiyyəti dövründə də davam etdirilirdi. Həmin illərdə Azərbaycan ilə Ermənistan arasında mübahisəli ərazilər, əsasən, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ idi.

“Ermənilərin xülyalarının gerçəkləşməsi üçün bir sıra dövlətlər ona siyasi dəstək verməklə yanaşı, iqtisadi və hərbi yardım göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətlə əlaqədar Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Bu vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan əhalisi, yerli ziyalılar, Müsəlman Milli Şurası bütün imkanları və qüvvələri ilə erməni daşnaklarına qarşı inadla mübarizə aparırdılar. Naxçıvanın erməni işğalına düşməsinə imkan vermir, hər vəchlə Azərbaycanın tərkibində qalmağa çalışırdılar”, - deyən İsmayıl Hacıyev qeyd edib ki, 1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra ermənilər Naxçıvanda daha da fəallaşıblar. Rusiya rəhbərləri Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək istəyir və onları şirnikləndirirdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. Ermənistan hökuməti bildirirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz qəzasından və Naxçıvan rayonundan imtina edərsə, o da, öz növbəsində, Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsinə razılıq verər. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov bu təklifi rədd edərək, qədim Azərbaycan torpaqları olan Naxçıvan və Culfa ərazilərinin Azərbaycana birləşdirilməsini təkidlə irəli sürürdü.

Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci il iyulun 28-də Naxçıvan şəhəri tutuldu. İyulun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi.

Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edilirdi

AMEA Naxçıvan Bölməsinin sədri bildirib ki, 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri Nəriman Nərimanova göndərdiyi məktubda yazırdı: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir...” Elə həmin tarixdə Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilirdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də “mübahisəli vilayətlər” elan olunurdu. Bununla Rusiya Ermənistanı Azərbaycan torpaqları hesabına sovetləşdirmək siyasəti yürüdürdü. Nəriman Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirirdi. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında başqa bir müqavilə imzalandı. Bu müqavilədə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edilirdi. Bolşevik Rusiyası bu yolla Ermənistanda sovet hakimiyyəti qurulması üçün zəmin hazırlamaq, ermənilərin rəğbətini qazanmaq istəyirdi.

1920-ci il noyabrın 29-da Ermənistan SSR yaradıldıqdan sonra Azərbaycan ərazisinə iddialar daha da artıb. Lakin Nəriman Nərimanov və onun yaxın silahdaşlarının qəti mövqeyi və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmayıb. 1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistanın daşnak hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən sonradan Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə yolu ilə xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Həmin müqaviləyə əsasən türk generalı Veysəl Ünüvar özünü müvəqqəti fövqəladə komissar elan edib, öz dəstələri ilə Şərur da daxil olmaqla, Ermənistanla sərhəd məntəqələri tutub. 1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyannamə ilə çıxış edərək Naxçıvanın müstəqilliyini tanıdığını elan edib.

Yerli əhali Naxçıvanın ölkəmizin tərkibində qalması üçün inadlı mübarizə aparıb

Həmin dövrdə Naxçıvanda əhalinin narazılığının get-gedə artığını vurğulayan akademik qeyd edib ki, bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinski Naxçıvana göndərilib. Naxçıvanda, Ordubadda, Şərurda və digər bölgələrdə Naxçıvanın Ermənistana verilməsinə qarşı böyük mitinqlər keçirilib. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində müstəqil Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasını tələb edib. 1921-ci ilin yanvar ayında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə daxil olması barədə rəy sorğusu keçirilib. Rəy sorğusu nəticəsində əhalinin 90 faizi Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxıb.

Naxçıvan əhalisinin böyük əksəriyyətinin bir neçə illik inadlı mübarizəsi və rəy sorğusunun nəticəsi Naxçıvanın ərazi statusunu həll edib. Rusiya tərəfi Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq, eləcə də Azərbaycan bolşeviklərinin millətsevər hissəsinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qalıb.

İsmayıl Hacıyev deyib: “Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Behbud ağa Şahtaxtinskinin böyük əməyi olub. Onun RSFSR XKS-nin sədri V.İ.Leninə yazdığı tarixi məktub və teleqramlarda, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilmiş səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi və başqa məsələləri onun diqqətinə çatdırıb, təklif və mülahizələrini bildirib”.

Bu zaman Türkiyədən gələn nümayəndə heyəti ilə də danışıqlar aparılıb. Danışıqlarda bir sıra məsələlərlə yanaşı, Naxçıvan məsələsi də müzakirə olunub. Bu, müzakirələrin həm Siyasi Büroda, həm də Türkiyə-Rusiya danışıqlarında aparılması məsələnin ədalətli həllinə kömək göstərib. 1921-ci il martın 16-da, Naxçıvanla bağlı iki mühüm qərar qəbul olunub. RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təklifini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikasının yaradılması haqqında qərar qəbul edib. Həmin gün Moskva müqaviləsi imzalanıb. Bu müqavilənin üçüncü bəndinə əsasən Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”.

Moskva və Qars müqavilələri ilə Naxçıvanın sərhədləri və statusu konkret müəyyənləşdirilib

Akademik deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının “milli sovet dövlət quruluşu” onun coğrafi və geosiyasi mövqeyi ilə əlaqədar tarixən yaranmış millətlərarası, həmçinin ərazi münasibətləri ilə müəyyən edilib. XX əsrin 20-ci illərində Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələləri nizama salmaq mühüm bir iş kimi qarşıda durub. Bunun üçün yeni bir konfrans çağırmaq və orada bu məsələləri həll etmək lazım idi. Razılığa əsasən belə bir konfrans Qars şəhərində keçirilib. Qars konfransı 1921-ci il sentyabrın 26-da başlayıb, oktyabrın 13-də müqavilə bağlanması ilə sona çatıb. Konfransda Moskva müqaviləsinin maddələri bir daha təsdiq edilib. Bu müqavilə ilə Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilib və bundan sonra həmin məsələyə baxılmayacağı qərarlaşdırılıb.

Beləliklə, RSFSR hökumətinin, ingilislərin və amerikalıların ermənipərəst mövqelərinə, erməni daşnaklarının ciddi cəhdlərinə və silahlı mübarizələrinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyənin prinsipial mövqeyi və Behbud ağa Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb.

1921-ci ilin sonunda Naxçıvanda sovetlərə seçkilər keçirildiyini bildirən AMEA Naxçıvan Bölməsinin sədri qeyd edib ki, 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in Birinci Sovetlər Qurultayı olub. Qurultay diyarda sovet və təsərrüfat quruculuğuna dair mühüm qərarlar qəbul edib. Naxçıvan İnqilab Komitəsi ləğv olunub, Naxçıvan İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komissarları Soveti yaradılıb.

1922-ci il mayın 22-də AK(b)P MK Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konstitusiyasının layihələrinə baxıb. Əsasnamədə deyilirdi: “Naxçıvan diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan edilərək, Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsın”. 1922-ci ilin noyabrında RK(b)P MK Siyasi Bürosu Naxçıvan Muxtar Respublikası yaradılmasının zəruriliyi haqqında qərar qəbul edib.

9 fevralda Naxçıvana muxtariyyət statusu verilib

1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında Dekret verib. Dekretdə deyilirdi:

1. Naxçıvan ölkəsi Azərbaycan SSR-in protektoratlığında Naxçıvan SSR-ə çevrilsin;

2. Naxçıvan SSR haqqında əsasnaməni hazırlamaq üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və A.Axundovdan ibarət komissiya yaradılsın və komissiya bir həftə müddətində həmin layihəni hazırlasın.

Komissiyanın hazırladığı əsasnamə 1924-cü il martın 23-də Azərbaycan MİK tərəfindən təsdiq olunub.

Ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları yenidən baş qaldırıb, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırıb. Lakin 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından, muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas edib.

“Müasir dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dövlət sistemində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasının statusu müasir, yeni şəraitə uyğun olaraq dəqiq şəkildə müəyyən edilib, “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayrılmaz hissəsi” hesab edilib”, - deyən İsmayıl Hacıyev diqqətə çatdırıb ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib, regionu çiçəklənən diyara çevirib.

Naxçıvan Muxtar Respublikası yaradılmasının 96-cı ildönümünü böyük uğurlarla qeyd edir

Akademik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən 95 illik yubileyləri qeyd olunub. Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışlar, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz dirçəliş dövrünü yaşayır. Muxtariyyət statusu qazanmasını və Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümünü böyük nailiyyətlərlə qeyd edir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.