31 may 2018 00:56
2881

Bu günə qədər tapılmayan 7 XƏZİNƏ

Bu günə qədər dünyada tapılmayan, amma haqqında danışılan xəzinələr çoxdur. Bu xəzinələr ya torpağın altında, ya qədim məbədlərdə, ya cəngəlliklərdə, ya da suyun altındadır. Hər dəfinənin öz tarixi var və onu tapmaq hər bir insanın arzusudur.

“Ölkə.Az” oxucularına bu gün bu günə qədər də axtarılan və tapılmayan 7 dəfinənin siyahısını təqdim edir.

Montesumanın qızılları

Dəyəri: 10-15 milyard dollar

Tarixçəsi: 1519-ci ildə asteklərin paytaxtı Tenoçtitlanda imperator II Montesumanın hökmranlığı idi. İspan səyyah Ernan Kortes onun görüşünə gəlir.

Qızıldan gözü qamaşan tamahkar ispanlar şəhəri terrora məruz qoyurlar. Imperator isə həbsə atılır. İspanlar şərt qoyurlar: “Montesumanın qaldığı otağı qızılla doldurun, hökmdarınızı buraxaq”.

Amma hindular tələbi vaxtında yerinə yetirə bilmədilər və otağın üçdə iki hissəsini doldurdular. Kortes imperatoru edam etdi. Bu isə yerli sakinlərin üsyanına səbəb oldu. Bir il sonra Kortes güclü ordu ilə şəhəırə qayıtdı və ərazini işğal etdi. Amma dəfinəni tapa bilmədi. Hindular bu vaxta qədər dəfinəni başqa yerdə gizlətmişdilər.  Bu günə qədər də bu qızılların yeri bilinmir.

Limanın xəzinəsi

Dəyəri: 200 milyon dollar

Tarixçəsi: İnklərin imperiyasını işğal edən ispanlar çoxu qızıl ələ keçirmişdilər. Bu qızılın böyük hissəsi Perunun paytaxtı Limada saxlanılırdı. 1820-ci ildə Limada üsyan qalxdı. Sərvəti qorumaq istəyən britaniyalı kapitan Uilyam Tompson qızılı gəmiyə yükləyib aparmağı əmr edir. Amma Tompson fikrini dəyişir və ispan mühafizəçiləri öldürərək xəzinəni özünə götürür. Sonradan gəmi ələ keçirilir, bütün komanda edam edilir. Tompson isə xəzinəni Kokos adasında gizlətdiyini bildirir. Gəmi sahilə çıxanda Tompson cəngəlliyə qaçdı və onu heç kəs bir də görmədi.

Malay Pələnginin anbarı

Qiyməti: 40 milyard dollar

Tarixçəsi: İkinci dünya müharibəsinin ortalarınmda Yaponiyada “Qızıl zanbaq” təşkilatı var idi. Bu təşkilat bütün Cənub-Şərqi Asiyanın qızılını və qiymətli artefaktlarını toplamalı idi. Əldə edilən pul yapon ordusunun maliyyələşməsinə getməli idi. Əldə edilən sərvət Filippin cəngəlliklərindəki anbarda gizlədilirdi. General Yamasita isə buranı qoruyurdu. Ona Malay Pələngi adını vermişdilər.

Amma xəzinəni Yaponiyaya daşımağa macal tapmadan müharibə başa çatdı. Yamasita xəzinəni 170 hissəyə ayırıb gizlətməyi əmr etdi. Qızılın əsas hissəsi Filippinin insan ayağı dəyməyən rayonlarındakı xüsusi şaxtalarda gizlədildi. Bu işdə iştirak edən fəhlələr və hərbi əsirlər öldürüldü. Tezliklə general da qətlə yetirildi.

Bu hadisə əfsanə olaraq da qala bilərdi. Amma 1971-ci ildə dəfinə ovçusu Rocelio Roksas Baqio şəhəri yaxınlığındakı cəngəllikdə xəzinə tapır.

Rocelionun qrupu bir qutu qızıl külçə və 1000 kq çəkisi olan Buddanın qızıl heykəlini əldə edir. Geri qayıdan dəfinə ovçuları həbs edilir. Qızıl isə dövlət büdcəsinə köçürülür. Tezliklə Rocelio dünyasını dəyişdi və xəzinənin yerini heç kəsə deyə bilmədi.

Ölü dənizin sərvəti

Dəyəri: 1.2 milyard dollar

Tarixçəsi: 1947-ci ildən 1956-cı ilə qədər Kumran mağaralarında 900 ədəd qədim yəhudi manuskripti tapılır. Bu manuskriptlər nazik mis lövhələrə yazılmışdı. Manuskriptlərə əsasən, İsrail ətrafındakı 64 yerdə dəyəri 1.2 milyard dollar olan xəzinə gizlədilib.

Yazı qədim ivrit dilində yazıldığı üçün təlimatı heç kəs başa düşmürdü. Bundan başqa yazıda elə sözlər var idi ki, linqvistlər onu tərcümə edə bilmirdilər. Eyni zamanda mətndə elə qədim yerlərin adı çəkilir ki, onu tapmaq mümkün deyil.

Bu günə qədər də alimlər mətnləri aça bilmirlər.

Kəhrəba Otaq

Dəyəri: 200 milyon dollar

Tarixçəsi: Kəhrəba Otağı dünyanın səkkizinci möcüzəsi sayırlar. 1716-cı ildə Prussiya kralı I Fridrix Vilhelm tərəfindən Rusiya çarı I Pyotra hədiyyə edilib.

Bu otaq uzun müddət sarayda saxlanılıb. İkinci dünya müharibəsi zamanı otaq sökülərək almanlar tərəfindən ələ keçirilib və Almaniyaya göndərilib.

Almaniyadakı Keniqsberq qəsrində Kəhrəba Otaq yenidən quraşdırılıb. Qızıl ordu şəhərə yaxınlaşanda otağı söküb qutulara yığaraq naməlum istiqamətdə aparıblar. 2000-ci ildə otağın bəzi fraqmentləri tapıldı. Digər hissələrin harada olduğunu heç kəs bilmir.

Xəzinə sahili

Dəyəri: 2 milyard dollar

Tarixçəsi: Floridada bir çimərliyi qeyri-rəsmi olaraq xəzinə sahili adlandırırlar. Bunun səbəbi isə bəzi hallarda dalğaların sahilə qızıl sikkələrin vurduğudur. Bu fenomenin qəribə tarixçəsi var.

1750-ci ildə Kuba koloniyalarında bir neçə il ərzində yığılan qızılın yükləndiyi ispan donanması batır. 11 qaleon mirvari, zümrüd, qızıl və gümüş suyun dibinə gedir. Xəzinə Kubadan İspaniyaya aparılmalı idi.

Gəmi kapitanı isə səhvə yol verərək fırtınalar mövsümündə yola çıxır. Nəticədə Florida yaxınlığındakı qayalar gəmini parçalayır. Xəzinənin yarısını xilas etmək mümkün olur. Digər yarısı isə quma qarşılır. O vaxtdan etibarən ara-sıra sahilə xəzinənin qalıqlarını dalğalar vurub çıxarır.

2013-cü ilin sentyabrında sahildə gəzən bir ailə 300 min dollar dəyəri olan boyunbağı tapıb.

Nasistlərin qızılları

Dəyəri: 1-2 milyard dollar

Tarixçəsi: Müharibənin son aylarında Almaniya məğlubiyyətlə üz-üzə idi. Nasistlər müharibə dövrü ələ keçirilmiş qəniməti gizlətmək qərarına gəliblər. Bu xəzinənin hara yoxa çıxması barədə iki məşhur əfsanə var.

Birinci əfsanəyə əsasən, yükü qızıl və qiymətli əşyalar olan 150 metr uzunluqda zirehli qatar olub. Qatarın mövcudluğu fotolarla və sənədlərlə sübut edilib. Ehtimal edilir ki, qatar yeraltı yollardakı yüzlərlə tunelin birindədir. Geri çəkilən almanlar şaxtaların çoxunu partlatdığı üçün qatarın harada olduğunu heç kəs bilmir.

İkinci əfsanə göl ilə bağlıdır. 1944-cü ildə almanlar sənədləri, qızılı və qiymətli əşyaları bu gölə atıblar. 2003-cü ildə dalğıclardan biri Bavariyadakı Kimza gölündə nasistlərə məxsus qızıl tapıb.

İkinci göl isə Toplisdir. Burada Reyxsbankın bir neçə milyardlıq qızılı var. 1959-cu ildə dalğıclar bu göldən saxta valyuta ilə dolu konteynerlər çıxardılar. Konteynerlər iri ölkələrin iqtisadiyyatını məhv etmək üçün hazırlanan planın bir hissəsi idi.