Noyabrın 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes-inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi” mövzusunda bir sıra dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes-inkubatorların və onların rezidentlərinin, bu sahə üzrə ixtisaslaşmış ekspertlərin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün aparılan islahatlardan, həmçinin bu tədbirlər çərçivəsində biznes-inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş və görüləcək işlər haqqında məlumat verib.
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov çıxış edərək, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes-inkubatorların fəaliyyəti, təşəbbüskar gənclərin iştirakı ilə həyata keçirilən tədbirlər və yeni imkanlardan danışıb.
Avropa Komissiyasının Azərbaycan Respublikasında “Regionların inkişafına dəstək Qrant Proqramı” ilə bağlı həyata keçirilən layihənin ekspertləri “Sahibkarlığın İnkişafı proqramları – biznes-inkubatorlar: imkanlar, problemlər və vəzifələr” mövzusunda təqdimatla çıxış edib, biznes-inkubatorların inkişafı, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda bu sahədə aparılmış təhlillərin nəticələri barədə məlumat veriblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov nazirlik tərəfindən həyata keçirilən innovasiya müsabiqəsinin şərtləri və tələbləri, nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov startap layihələrinin dəstəklənməsi ilə bağlı təbdir iştirakçılarını məlumatlandırıblar.
Sonra ölkədə fəaliyyət göstərən biznes-inkubatorların idarəedicilərinin, rezidentlərinin, ölkədə fəaliyyət göstərən startapların fikirləri dinlənilib, müzakirələr aparılıb və biznes-inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyində bu sahə üzrə peşəkar mütəxəssislərin və fəal inkubator idarəedicilərinin də təmsil olunduğu komissiya yaradılması qərara alınıb.