Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) birinci tədris ilinə qəbul olunmuş abituriyentlərin qeydiyyata alınmasının ilkin mərhələsi başa çatıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetdə ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. ADPU-ya 2113 nəfər qəbul olunub. Onlardan 2063-ü qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6 faiz yerinə yetirilib.
Bu il 259 abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6 faizini təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3 faiz) olub. Ötən ildən fərqli olaraq bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
2017-2018-ci tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olanların 50,2 faizi, riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olanların 48 faizi 500 və 500-dən çox bal toplayıb.
Qeyd edək ki, yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195 nəfər, Quba filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2 min 732 nəfər qəbul olunub.
ADPU-nun 5 filialı üzrə qəbul olan 18 nəfər 500-dən çox, bir nəfər isə 600-dən yuxarı bal toplayıb.
2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 18 ixtisas, 19 ixtisaslaşma üzrə 415 plan yeri ayrılıb. Magistraturaya 383 nəfər qəbul olunub. Magistraturaya qəbul 92 faizdən yuxarı olub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.