SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) tərkibində fəaliyyət göstərən Kompleks Mühəndisi Axtarış İstehsalat Bölümü (KMAİB) geoloji kəşfiyyat, mühəndisi-geoloji qazma, naviqasiya və topogeodeziya ekspedisiyalarından ibarətdir.
KMAİB tərəfindən mühəndisi-geoloji qazma, fasiləsiz seysmoakustik profilləmə (FSAP), batimetriya, sonar planalma, çoxşüalı exolotla dəniz dibinin 3 ölçüdə öyrənilməsi (Multibeam), uzaqdan idarə olunan sualtı video çəkiliş (ROV), struktur-xəritəalma, tematik, topoqrafik, naviqasiya təminatı və s. işləri yerinə yetirilir.
2016-cı il üçün təsdiq olunmuş proqram və sifarişlər əsasında KMAİB tərəfindən cari ilin 9 ayı ərzində 9858 metr mühəndisi-geoloji qazma (6131metr dənizdə və 3727 metr quruda), 1305.6 km FSAP, 2889.8 km sonar planalma, 5424.8 km batimetriya, eləcə də hidrotexniki qurğuların və sualtı kommunikasiyaların texniki vəziyyətinin öyrənilməsi üzrə 2.4 km2 sahədə Multibeam, 9 ədəd quyu ətrafı dəniz dibində uzaqdan idarə olunan sualtı video çəkiliş (ROV) və 2 mövzu üzrə tədqiqat işləri yerinə yetirilib.
Kompleks mühəndisi-geoloji tədqiqat işləri dənizdə hidrotexniki qurğuların, kommunikasiyaların, neft, qaz boru və elektrik kabel xətlərinin çəkiləcəyi sahələrdə kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsi, qırılmaların, palçıq vulkanlarının aşkar olunması və onların yayılma hüdudlarının dəqiqləşdirilməsi, dənizdibi relyefin müəyyənləşdirilməsi, sahənin mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsi, götürülmüş süxur nümunələrinin kompleks fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi (o cümlədən quruda mülki obyektlərin tikintisi üçün) məqsədilə aparılıb. Mühəndisi-geoloji qazma işləri “Azneft” İB-nin sifarişi ilə “Bulla-dəniz”, “Neft Daşları”, “Darvin bankası”, Çilov sahələrində, “GeoEngineering” MMC-nin sifarişi ilə Pirşağı və Sosial İnkişaf İdarəsinin sifarişi ilə “Neftçi” MTK-nın tikəcəyi yüksək mərtəbəli binaların ərazilərində yerinə yetirilib. Dəniz akvatoriyasında qazma işləri “Zöhrab Vəliyev” gəmisi ilə, quru sahələrdə isə LBU-50, URB-2,5A və QBU-5 qazma qurğuları ilə həyata keçirilib.
Bu ilin 9 ayı ərzində “Neft Daşları”, “Bulla-dəniz”, “Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Abşeron bankası”, “Günəşli”, “Ələt-dəniz”, “Darvin bankası”, “Çilov” yataqlarında, Çilov adasındakı təzə qəsəbədəki yük körpüsü ətrafında, Bakı Buxtası Bayraq Meydanı ərazisində, “Zığ-2”, “Zığ-3”, “Zığ-4” ərazilərinin dəniz akvatoriyasında, eləcə də Səngəçal sahəsində genişmiqyaslı sonar və batimetriya işləri aparılıb. Yerinə yetirilən işlərin nəticələri sifarişçilər tərəfindən yüksək qiymətləndirilib.
Bundan başqa, “Azneft” İB-nin sifarişi ilə “Neft Daşları” və “Bulla-dəniz” yataqlarında 1305.6 metr fasiləsiz seysmoakustik profilləmə işləri yerinə yetirilib. Bunlardan 1280 metri plan, 25.6 metri isə müqavilə əsasında həyata keçirilib.
Bölüm tərəfindən aparılan ən maraqlı və məsuliyyətli tədqiqatlardan biri də multibimlə aparılan tədqiqatlardır. “Azneft” İB-nin sifarişi ilə “Günəşli” yatağının 0.12 km2 həcmində yerinə yetirilən bu tədqiqatlar dəniz dibinin relyefinin dəqiq planının alınmasında mühüm rol oynayıb.
Bundan əlavə “Bulla-dəniz” sahəsində 9 ədəd quyunun qazıldığı ərazidə gəmidən qazma işlərinin təhlükəsiz aparılması məqsədilə uzaqdan idarə olunan sualtı video çəkiliş (ROV) vasitəsilə dəniz dibinin çəkilişləri aparılıb. Çəkilişlər zamanı sualtı naməlum obyektlərın ölçüləri, kommunikasiya xətlərinin texniki vəziyyəti öyrənilib.
Qeyd edilən sonar planalma, batimetriya, FSAP və multibeam işləri “Məmməd Süleymanov”, “Orion-3”, “Orion-12” və “Orion-17” gəmiləri vasitəsilə yerinə yetirilib.
Mühəndisi-geoloji qazma zamanı götürülən süxur nümunələrinin qazgeokimyəvi, fiziki-mexaniki, petrofiziki, geokimyəvi, paleontoloji xüsusiyyətləri KMAİB-nin Mərkəzi mühəndisi laboratoriyasında tədqiq edilib və nəticələr sifarişçilərə müvafiq qaydalara uyğun müasir tərtibatda təhvil verilib.
“Kompleks Qazma İşləri” Trestinin sifarişi ilə Qaradağ, Pirallahı və Səadan sahələrində istismar quyularının dəqiq yerinin təyin edilməsi və bununla əlaqədar kartoqrafik işləri yerinə yetirilib. O cümlədən Sosial İnkişaf İdarəsinin sifarişi ilə Hövsan qəsəbəsində (E.Qasımov küçəsində), Buzovna-Maştağa yatağında fərdi yaşayış evləri tikiləcək ərazidə qazılacaq mühəndisi-geoloji quyular layihə vəziyyətindən naturaya keçirilməsi ilə əlaqədar kartoqrafik, Keşlə qəsəbəsində yerləşən ərazidə topoqrafik planalma, Bakıxanov qəsəbəsində, Şirvan şəhərində fərdi yaşayış evlərinin tikintisi üçün, Sumqayıt şəhəri (“Kimyaçılar” və “S.Vurğun” küçələrində) idman kompleksinin ərazisində ümumi 36.18 ha planalma işləri aparılıb. Bu işlərin hesabatları tərtib olunaraq müvafiq qaydalara uyğun sifarişçilərə təhvil verilib.
KMAİB-nin Geoloji kəşfiyyat ekspedisiyası 2 tematik mövzu üzərində çalışır və 2016-cı ilin 9 ayı üçün təqvim planına uyğun olaraq nəzərdə tutulan tədqiqat işləri yerinə yetirilib. İlin sonuna hesabat hazırlanıb sifarişçiyə təhvil veriləcək.
Orxan Vahidoğlu, “İki sahil”