23 avqust 2017 21:27
8025

Kompleks Qazma İşləri Trestində müşavirə keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestində SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə Kompleks Qazma İşləri Trestinin 7 aylıq əsas fəaliyyət göstəriciləri üzrə hesabatı dinlənilib, “Günəşli” yatağındakı  5 saylı dərin dəniz özülündən qazılması nəzərdə tutulan 330 nömrəli quyunun qazma proqramının müzakirəsi aparılıb və “Haliburton” şirkətinin Landmark Lerninq kursunu müvəffəqiyətlə bitirmiş gənc mütəxəssislərə sertifikatlarlar təqdim olunub. Müşavirədə Kompleks Qazma İşləri Trestinin baş mütəxəssisləri ilə yanaşı, SOCAR-ın Baş ofisinin, “Azneft” İstehsalat Birliyinin, «Neftqazelmitədqiqatlayihə » İnstitutunun, Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissənin nümayəndələri də iştirak ediblər.

SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov qeyd edib ki, ölkəmizin iqtisadi yüksəlişini təmin edən, artıq transmilli şirkətə çevrilmiş SOCAR-ın ən qabaqcıl strukturlarından olan Kompleks Qazma İşləri Trestinin fəaliyyəti həmişə diqqət mərkəzindədir. SOCAR rəhbərliyi yeni yataqların açılmasında, neft-qaz hasilatının yüksəldilməsi üçün qazma işlərinin daim artırılması istiqəmətində işlər aparır.

Müzakirələr maraqlı və işgüzar şəraitdə keçib. Qeyd edilib ki qazmaçılar bu ilin 7 ayı ərzində əzmlə çalışıb, 66181 metr əvəzinə  70212 metr dağ süxuru qazaraq tapşırığa 106,1 faiz əməl ediblər. Plana uyğun olaraq 44 quyuda qazmaya başlanılıb, sifarişçiyə 39 əvəzinə 41 quyu təhvil verilib. Bununla bağlı və qazma işlərinin ümumi gedişi haqqında Trestin baş mühəndisi Fazil Ramazanov geniş məlumat verib.

Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli isə bildirib ki, müasir tipli qazma qurğularının tətbiqi, mütəxəssis hazırlığının yüksəldilməsi, meydança və özüllərdə stasionar sementləmə avadanlığının quraşdırılması, quyudibi mühərriklərindən, MWD, LWD telemetrik sistemlərindən istifadə qazmanın kommersiya sürətinin artmasına səbəb olub, nəticədə digər texniki-iqtisadi göstəricilər yaxşılaşıb.

SOCAR-ın Yataqların İşlənməsi  üzrə vitse-prezidenti Yaşar Lətifov  7 aylıq qazma tapşırıqları müvəffəqiyyətlə yerinə yetirildiyinə, qazmanın texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşdığına, beynəlxalq standartlara və götəricilərə uyğun fəaliyyət göstərdiyinə görə Trestin kollektivini təbrik edib və qazanılmış uğurların davamlı olması arzusunda olduğunu bildirib. Qeyd edib ki, artıq Kompleks Qazma İşləri Trestinin fəaliyyətini, istehsal potensialını beynəlxalq səviyyəli qazma şirkətləri ilə müqayisə   etmək olar.                                                 

Ölkəmizin neft-qaz potensialının artırılması məqsədi ilə “Günəşli” yatağında 5 saylı dərin dəniz özülündə əlavə olaraq layihə horizontu fasilə lay dəstəsi olmaqla strateji əhəmiyyətli  8 quyunun qazılması nəzərdə tutulur. Müşavirədə 5 saylı dərin dəniz özülündə 330 nömrəli istismar quyusunun qazılması üçün hazırlanmış qazma proqramının təqdimatı olub.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, Qazma şöbəsinin rəisi Əliş Həsənov, Kompleks Qazma İşləri Tresti müdirinin müşaviri Ədalət İmaməliyev, “Azneft” İstehsalat Birliyinin Neft və qaz yataqlarının işlənməsi şöbəsinin rəisi Elmir Qaragözov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Quyu tikintilərinin Layihələndirilməsi  şöbəsinin  rəisi Fəxrəddin Cavadov çıxış edərək qazmanın keyfiyyətlə aparılması məqsədilə hazırlıq-köməkçı işlər, özülün qazmaya hazırlanması üçün suayrıcı boruların keyfiyyətlə endirilməsi, təchizatla bağlı risklər, qazma prosesində baş verə biləcək çətinliklər və mürəkkəbləşmələr haqqında öz fikirlərini bildiriblər.

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov hazırlanmış qazma proqramını yüksək dəyərləndirib, gələcəkdə belə sənədlər hazırlandıqda sifarişçi və layihəçi təşkilatın nümayəndələrinin də fəallıq göstərmələrini tövsiyə edib.

Kompleks Qazma İşləri Trestinin qazma üzrə müşaviri, Qazma Departamentinin nəzdində yaradılmış “Well Plan” analitik layihə qrupunun  rəhbəri Anar Abdullayev qrupun məqsəd və fəalliyətindən söz açaraq qeyd edib ki, bu ildən etibarən Trest Land Mark PT8  modulunu əldə edərək hazırda SOCAR-ın tərkibində olan qurumlar arasında ən çox modullar sayının istifadəçisidir. Modullar sırasına Compass advanced, Casing seat/Stress check, WELLPLAN/Hydraulics,  WELLPLAN/Cementing, WELLPLAN/T&D, WELLPLAN/Surge, WELLPLAN/BHA, OpenWells  aiddir.

Yaradılmış “Well Plan” analitik layihə qrupu vasitəsilə müasir standartlara uyğun qazılan və qazılması nəzərdə tutulan quyuların daha keyfiyyətli və dərin analizdən keçirilərək əvvəlcədən yarana biləcək risklərin qiymətləndirilməsi, onların qarşısının alınması və yaranmış çətinliklərdən öyrənilmiş dərslərin çıxarılması əsas məqsəddir. Tərtib edilmiş iş planlarının fakt üzrə istehsalatda icrasının monitorinqi və supervayzingi həyata keçirilir. Mövcud mühəndis hesabatlarını və ümumi quyu tikintisinə aid edilən bütün hesabatların daha mükəmməl şəkildə təqdim edilməsi üçün və yüksək analitik nəticələr əldə etmək imkanı yaradır. Qrupda qazma proqramına yiyələnmiş gənc mütəxəssislər çalışır, mütəxəssis hazırlığına, gənclərin ən proqressiv elmi biliklərə yiyələnməsinə xüsusi diqqət verilir. Təsadüfi deyil ki, bu il 12 nəfər mühəndis həmin modullar üzrə “Landmark Learning” proqramına yiyələnib.

Müşavirədə həmin gənclərə “Halliburton” şirkətində “Landmak Learning” proqramına yiyələnmək haqqında sertifikatlar təqdim olunub.

Sonda SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov belə işgüzar və faydalı müşavirələrin mütəzəm sürətdə keçirilməsinin zəruriliyini qeyd edib, Trestinin kollektivinə bundan sonra da SOCAR rəhbərliyi tərəfindən dəstək olacağını, qazanılmış nəticələri artırmaq üçün hər zaman köməklik göstəriləcəyini  bildirib.

Nail Rəhimzadə, “İki sahil”