Naxçıvan Dövlət Televiziyası ingilis dilində xəbər buraxılışlarının yayımına başlayıb. İlk xəbər buraxılışı noyabrın 27-də saat 21:00-da yayımlanıb.
AZƏRTAC xəbər verir ki, buraxılışda muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən həftəlik yeniliklər xronoloji ardıcıllıqla izləyicilərə təqdim edilir. Naxçıvan televiziyasının əməkdaşları Firuzə Nuriyevanın və Zülfiyyə Əhmədovanın hazırladıqları xəbər buraxılışı naxcivantv.az saytında yerləşdirilməklə bərabər, televiziyanın sosial şəbəkələrdəki səhifələrində də paylaşılır.
İngilis dilində xəbərlərin təqdimatı Naxçıvanla bağlı dəqiq və operativ informasiyaların daha geniş auditoriyada yayılmasına və muxtar respublikanın turizm potensialının xarici ölkələrdə təbliğinə yeni imkanlar açacaq. Xəbər buraxılışlarında həmçinin Naxçıvanın tarix və mədəniyyət abidələri barədə ingilis dilində süjetlər də yayımlanacaq.
Xəbər buraxılışı hər həftənin bazar ertəsi günü saat 21:00-da efirə çıxacaq.
2018-ci ildən isə xəbərlərin rus dilində yayımı da nəzərdə tutulur.
Qeyd edək ki, bu gün dünyanın istənilən yerindən Naxçıvan Dövlət Televiziyasını internet vasitəsilə izləmək mümkündür. Belə ki, 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində televiziya internet üzərindən yayıma başlayıb. Bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib.