19 sentyabr 2019 11:07
151

Nuhəli Kərimov: Əli Kərimli öz şərəf və ləyaqətini pula satır

“Əli Kərimlinin apardığı antimilli siyasəti Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti kimi qiymətləndirirəm. İstəyirəm ki, Əli Kərimli və onun havadarları Azərbaycan xalqının xoşbəxtliyinə təhlükə yarada biləcək məkrli siyasətlərindən əl çəksinlər. Hər kəs etiraf etməyi bacarmalıdır. Açıqlığı ilə etiraf edirəm ki, Əli Kərimlidən siyasi xadim, dövlət xadimi olmayıb və olmayacaq. O, həmişə məğlubiyyətə düçar olan bir şəxs olub. Azərbaycan xalqı onun bu Vətən üçün nə qədər yararsız olduğunu görür və bilir. Ona görə də onun çağırışına, müraciətinə əhəmiyyət verən yoxdur. Bu insanın öz şəxsi mənafeyi naminə erməniyə “dayı” dediyi artıq ortadadır”.

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında “Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov bildirdi.

Nuhəli Kərimov qeyd etdi ki, çox təəssüf ki, bu antimilli ünsür mənim əmim oğludur. Ə. Kərimli ilə bir kökdən yaranmağımıza baxmayaraq mən və mənim bütün əzizlərim Əli Kərimlinin apardığı iyrənc siyasətə “yox” deyirik. Çünki hamımız yaxşı bilirik ki, bu xain qrant şəklində aldığı çirkli pullar hesabına şəxsi maraqlarını reallaşdırır. Yüksək məbləğdə qrantları mənimsəmək üçün isə bacardığı qədər ermənipərəst qüvvələrlə əlaqə yaradır. Hesab edirəm ki, onun siyasəti uğursuzdur və o, davamlı olaraq uğursuzluq içərisində batır. AXCP deyilən partiyada bir zamanlar tanınmış simalar var idi. İndi isə onların heç biri yoxdur. Bütün bunlar Əli Kərimlinin uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Əli Kərimli böyük iddialardadır. Bu, çox gülməlidir. Kərimlilər nəslinin ağsaqqalı mənəm. Hər zaman Əli Kərimliyə bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Bildirmişəm ki,  onun fəaliyyəti heç klub müdiri olmağa yaramır, nəinki böyük iddialar ola.

N.Kərimov onu da bildirdi ki, Ə. Kərimli kimilərin   məqsədləri yalnız öz şəxsi mənafeləridir. Ölkəni şəxsi məqsədlərinə qurban vermək istəyirlər. Hesab edirəm ki, bu gün hər bir azərbaycanlı xalqımızın birliyinə çalışmalıdır.

N.Kərimov vurğuladı ki, çirkab içində olan Ə.Kərimli sosial şəbəkələrdə trolları vasitəsilə xalqın adət-ənənəsini, milli dəyərlərini təhqir edir. Bu gədə-güdələr sosial şəbəkələri söyüş məkanına çeviriblər: “Artıq sübuta yetirilib ki, Ə.Kərimlinin çoxsaylı saxta profilləri var. Bu saxta profillər vasitəsilə o, insanları təhqir edir. Qətiyyətlə demək olar ki, sosial şəbəkələrə saxta profillər ənənəsini Ə.Kərimli gətirib. Bu insan öz şərəfini və ləyaqətini pula satır. Artıq o AXCP adlı oyuncaq qurumu siyasi bir mübarizə metodu deyil, şəxsi obyekti kimi istifadə edir. Həm də siyasətə gəlir mənbəyi kimi baxır. Təbii ki, bu gün ölkəmizdə mövcud olan sabitliyin pozulması Azərbaycanın dağıdıcı müxalifətinə və xarici qüvvələrə lazımdır. Ə.Kərimli və onun kimi radikal müxalif partiya sədrləri xarici kəşfiyyatın əlaltısı olmağa üstünlük verir və müxtəlif iyrənc vasitələrlə mövcud ictimai-siyasi sabitliyi öz maddi maraqları naminə pozmağa cəhd edirlər.”

Nuhəli Kərimov xüsusi olaraq vurğuladı ki, Əli Kərimlinin yaramaz əməllərinin Kərimovlar nəslinə heç bir aidiyyəti yoxdur: “Bu gün Azərbaycanda xalqın partiyası olan Yeni Azərbaycan Partiyasından başqa bu gücə və imkana malik partiya yoxdur. Düşünmürəm ki, uzun illər bundan sonra da YAP-a alternativ ola biləcək təşkilat olsun. Azərbaycanın bu günü və sabahı, xoşbəxt və firavan həyatı ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan  müdrik siyasətlə bağlıdır.”

Şəmsiyyə Əliqızı,

“İki sahil”