17 mart 2020 17:05
1421

Nur-Sultan və Almatı şəhərlərində karantin tətbiq olunur

Martın 19-dan etibarən Nur-Sultan və Almatı şəhərlərində karantin tətbiq olunur. Müvafiq qərar Qazaxıstan Prezidenti yanında fövqəladə vəziyyət rejimini təmin etmək üçün dövlət komissiyası tərəfindən qəbul edilib.

Karantin cari il martın 19-dan saat 00: 00-dan etibarən tətbiq edilir. Karantin ərazisinin perimetri qurulacaq, oradan giriş-çıxış nöqtələri müəyyənləşdiriləcək. İnsanların hərəkəti, nəqliyyat vasitələrinin şəhərə girişi və çıxışı məhdudlaşdırılacaq.

Gün ərzində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq və yaxud da məhdudlaşdırılacaq. Ərzaq mağazalarında və apteklərdən başqa, qeyri-ərzaq ticarət bazarlarının, böyük ticarət mərkəzlərinin və ticarət evlərinin fəaliyyəti dayandırılır. Yeməkxanalar "müştərilərə çatdırılma" prinsipi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu günə qədər Qazaxıstanda koronavirusun yeni növü ilə 32 nəfər yoluxub, onlardan 17-i paytaxtda, 15-i Almatıda qeydə alınıb. Yoluxanlar arasında 2 yaşlı uşaq da var. //AZƏRTAC