Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir.
Ölkəmizdə milli və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində görülmüş işlər öz müsbət nəticələrini verməkdədir. Hazırda tətbiq edilən tədris proqramları müasir tələblərə cavab verməklə yanaşı, təhsilalanların bilik və bacarıqlarını, təfəkkür və düşüncə tərzini lazımi səviyyədə inkişaf etdirməyə imkan verir.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda əsl təhsil bumu yaşanır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək. İlk təməlin, bazanın məktəblərdə formalaşdığını nəzərə alsaq, bu sahədə atılan addımların davamlılığı göz qabağındadır. Məktəb tikintisinin geniş vüsət alması, təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən əsası kompyuterlə təminatı təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Son 16 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində minlərlə məktəb tikintisi və əsaslı təmiri həyata keçirilib. “Hər şagirdə bir kompyuter” günümüzün əsas tələbləri sırasındadır. Artıq şagirdlər məktəblərdə yeni texnologiyanın yeniliklərini dərindən mənimsəyir, illər keçdikcə ixtisas seçimlərində bu və ya digər məqamlara üstünlük verərək öz gələcəklərini dövrün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə qəbul edilmiş gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin tərəqqisinə öz töhfələrini verirlər.
Başa çatmaqda olan 2019-cu ildə Prezident İlham Əliyev imzaladığı Fərman və sərəncamlarla tələbələrə növbəti hədiyyəsini etmiş oldu. Dövlətimizin başçısı İlham Əliyevin son “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir. Bu sənədlər ümumilikdə 110 min tələbəni əhatə edir. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi təhsilin inkişafına öz müsbət təsirini göstərəcək. Təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə imzalanan Fərmana əsasən Prezident təqaüdünün həcmi 185 manatdan 210 manata artırıldı. 2019-cu ilin büdcə müzakirələri zamanı dövlət sifarişli yerlərin artırılması barədə qararın qəbulu da təhsilin inkişafına xidmət edən addımlardandır. Növbəti tədris ilindən təqaüd yerlərinin 12324-dən 20500-ə çatdırılması nəzərdə tutulub. Bu da öz növbəsində dövlət sifarişli yerlərin 42 faizə çatdırılması deməkdir. Magistratura yerlərinin 25 faiz artırılması barədə qəbul olunan qərar da xoş xəbərlər sırasındandır.
Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər önəmli olduğunu təsdiqləyir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təminatında müdafiə qüdrəti nə kimi böyük rol oynayırsa, inkişafında, tərəqqisində də təhsilin rolu elə dəyərləndirilir.
Prezident kimi fəaliyyətə başladığı gündən cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək, bu istiqamətdə davamlı addımlar atdı. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin prioritetliyi atılan addımlardan da aydın görünür. Bir faktı nəzərə alsaq ki, iqtisadiyyatla elm zəncirvari şəkildə bir-biri ilə sıx bağlıdır, bu halda dövlətin təhsilin və elmin inkişafına göstərdiyi diqqətin mahiyyəti daha qabarıq şəkildə özünü büruzə verər. İqtisadiyyatı inkişaf etdirən yeni texnologiyalardır.
Yaqut Ağaşahqızı, “İki sahil”