05 sentyabr 2019 12:04
1515

Ölkəmiz ən yaxşı göstəricilərə malikdir

Müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi sosial ədalət prinsipinə ziddir

2019-cu ilin arxada qalan uğurlarından bəhs edərkən 10 milyonluq ölkə olduğumuzu xüsusi qeyd edirik. Atdığı addımları ilə hər bir vətəndaşının Prezidenti olduğunu təsdiqləyən dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasında dayanır.

Cari ilin ötən dövründə atılan addımlara diqqət yetirsək, sosial müdafiənin prioritetliyini daha aydın görərik. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması minlərlə insana sevincin bəxş olunması ilə nəticələnir. Bu isə özlüyündə vətəndaş məmnunluğunu artırır, yeni-yeni təşəbbüslərin gündəmə gətirilməsinə və uğurlu icrasına yol açır. Məhz bu məqamlara söykənərək dövlətimizin başçısı bildirir ki, təşəbbüslərin dəstəklənməsi cəmiyyətdə xoş əhval-ruhiyyə yaradır.

İslahatlar daha da dərinləşir, müsbət dinamika davam edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardan biri yeni iş yerlərinin yaradılmasıdır.  Ümumilikdə son 15 ildən artıq dövrdə 1 milyon 900 min yeni iş yeri açılıb. İşsizlik və yoxsulluq səviyyəsi 5 faizdir. Bu əminlik beynəlxalq maliyyə qurumlarının proqnozlarında da öz əksini tapıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrindən dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olacaq, ən əsası inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda yoxsulluq həddi heçə enəcək. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi müsbət göstərici olmaqla yanaşı, bu reallığın da təsdiqidir ki, həyata keçirilən siyasətin önündə insan amili dayanır. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST və s. kimi biri-birindən önəmli layihələr əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcəsinin real göstəriciləri və artım səviyyəsi də hər bir  dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Cənab İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Ölkəmizin son illərdə davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin uğurlu icrası və s. kimi mühüm amillər  makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir. Bu kimi addımlar təsdiqləyir ki, qarşıdakı illərdə ölkəmiz bütün sahələrdə dinamik inkişafa malik olacaq. Enerji sektorundan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi prioritet vəzifələrdəndir.

Daim vurğulandığı kimi, Azərbaycan son illərdə özünü dünyaya sosial dövlət kimi təqdim edib. Özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi öz növbəsində işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri də məhz işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirməkdir. 2019-cu il üçün yaşayış minimumu dövlətimizin sosialyönümlü büdcəsini əks etdirir. Bu ildə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.

İnsan amilinə verilən dəyər davamlı inkişafı stimullaşdırır. “Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, maliyyə imkanları artdıqca ilk olaraq sosial müdafiənin gücləndirilməsinə yönəldilir.

Son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi ətrafında aparılan müzakirələrdə bu kimi uğurların təhlili bir zərurət kimi ortaya qoyulur. Nəzərə almaq lazımdır ki, həm müavinət, həm ünvanlı sosial yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz. “Uşaq pulu” yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirir. Yəni, ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hissolunacaq dərəcədə təsirli olmayacaq. Halbuki həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha məqsədyönlüdür.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu il Azərbaycanda 10 milyonuncu sakin dünyaya gəldi. Ölkəmiz yalnız Cənubi Qafqazda deyil, bütövlükdə postsovet ölkələri arasında ən yaxşı demoqrafik göstəricilərə malikdir. Əhali artımı, eləcə də əhalinin demoqrafik balansında uşaq, yeniyetmə və gənclərin faizləri yüksəkdir. Son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib.

Sosial müavinətlər verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür. Bu ilin ötən dövründə iki sosial paketin təsdiqlənməsi əməkhaqqının və minimum pensiya məbləğinin artımı ilə müşayiət olunub. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin iyunun 18-də  imzaladığı 17 Sərəncamın əhatə dairəsi belədir: minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılır. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40 faiz artırılır.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, artan büdcə imkanları əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunur. Eyni zamanda, insan kapitalının inkişaf etdirilməsi məqsədilə əlavə resurslar təhsilə, elmə yönəldilir. Azərbaycanda ötən illər ərzində insan resurslarının, insan kapitalının inkişafı naminə ciddi layihə və proqramlar həyata keçirilmiş, minlərlə gənc dövlət hesabına xaricdə bakalavr, magistr və doktorant təhsili almışlar.

Sosial siyasətin tərkib hissəsi olaraq Azərbaycanın bütün yaşayış məntəqələri, bölgələri müasir uşaq bağçaları, məktəblər, xəstəxanalarla təmin edilib və təmin edilməkdədir. Ölkənin bütün yaşayış məntəqələri içməli su, elektrik enerji ilə fasiləsiz təmin edilir. Qazlaşdırma 98 faiz səviyyəsindədir. Avtomobil yolları şəbəkəsi yenilənib və əhatə dairəsi genişlənib.

Atılan bu addımlar fonunda ötən əsrin 70-80-ci illərində ailələrin 11 manat uşaq pulu ilə dolanması, daha doğrusu, dolanışıq xatirinə ailə üzvlərinin sayının fiziki artımına gedilməsi haqqında bəzi müxalifətçilərin sovet nostalgiyası ilə çıxış etmələri ciddilikdən uzaqdır. Bu formada təkliflər verilərkən maliyyə yükü amili, bütövlükdə ailələrin sosial müdafiəsində hansı proqramların (ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları) daha çox fayda verdiyi önə çıxarıla bilər.

Yeganə Əliyeva,

“İki sahil”