10 sentyabr 2019 11:53
1269

Öz məşğulluğunu qur və ailə biznesinə yiyələn

Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Ölkə Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.

Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə,  kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır.

Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesi davam edir. İyul-avqust aylarında daha 420 ailəyə mal və materiallar formasında aktivlər təqdim olunub və onlar verilmiş aktivlər hesabına öz təsərrüfatlarını yaradıblar. Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatının - heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s. sahələrini əhatə edir. Bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.

Ümumilikdə cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar əsasən əlilliyi olanlardan, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir. 2019-cu il ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.

Qeyd etmək yerinə düşər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında  üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.

Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib.  Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq  aktivlər verilməsinə başlanıb.

Ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf  Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək verilir. Ötən il 1000 nəfərdən çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb.

“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də ölkəmizdə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün görülən işlərə mühüm dəstək məqsədi daşıyır. Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlil olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olanların seçimi prosesi davam edir. Nəticədə 700 nəfər seçilərək təlimlərə cəlb ediləcək. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək. Bundan sonrakı mərhələdə proqram iştirakçılarının müvafiq məsləhət xidmətləri ilə təmin olunması nəzərdə tutulur.

Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq  ailələrin sayı da artacaq.

Orxan Vahidoğlu,

“İki sahil”