21 may 2020 22:35
331

Pandemiya dövründə uşaqlar da yaddan çıxmayıb

Cahangir Hacıyev: Azərbaycanda könüllülük gənclərin inkişafında yeni bir yanaşmadır

ASAN könüllülük hərəkatı 2012-ci ildən başlayaraq şərəfli bir yol keçib. Bu hərəkat və ümumilikdə ASAN könüllüləri çox şanslıdırlar. Öncə ona görə ki, ilk addımlarının xeyir-duasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən alıblar. Əminəm ki, ASAN könüllülük hərəkatının bugünkü uğurlu və dinamik inkişaf yolu elə bununla bağlıdır.

Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev deyib.

C.Hacıyev bildirib ki, on beş nəfərlə başlayan ASAN könüllülük hərəkatı bu gün minlərlə gənci özündə birləşdirib:

"Eyni zamanda, ASAN xidməti aşaraq Azərbaycan Könüllülük hərəkatının yaranmasına təkan verib. Bu gün könüllülük gənclər siyasətinin ayrılmaz bir parçası olaraq gənclərin inkişafında yeni bir yanaşmadı. Səkkiz ilə yaxın olan fəaliyyətimiz tam əminliklə deməyə əsas verir ki, bu yanaşma çox effektivdir. ASAN Könüllülük hərəkatı iki əsas platformadan ibarətdir. Biri ASAN Könüllülük Məktəbi, digəri isə ASAN Könüllüləri Təşkilatıdır. Hər iki platformanın əsas qayəsi gənclərə təcrübə və bacarıqlar qazandırmaqdır. Amma bundan da vacib olan məsələ onlara milli mənəvi dəyərləri və xüsusən də könüllülük dəyərini aşılamaqdır. Eyni zamanda, bu dəyərləri yaşadaraq növbəti nəsillərə ötürməyin vacibliyini çatdırmağa çalışırıq. Təsadüfü deyil ki, qloballaşan dünyada özünəməxsusluğumuzu saxlamaq üçün milli-mənəvi dəyərlərimizi qorumaq gənclərin qarşısında cənab Prezident İlham Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi qoyulmuşdu. Düşünürəm ki, ASAN könüllüləri bu ruhda formalaşdırılır və inkişaf edirlər.

Bu gün rahatlıqla deyə bilərik ki, Azərbaycan gəncliyi ASAN könüllülərinin və digər könüllü hərəkatların könüllülərinin simasında bu dəyərlərə sahibdir və onları yaşatmağa çalışır. Bunun üçün sadəcə hazırda yaşadığımız pandemiya dövrünə nəzər salmaq kifayət edər. 16 mart 2020-ci il tarixində ilk dəfə ASAN könüllüləri koronavirus pandemiyası ilə mübarizəyə öz töhfələrini verməyə başladılar. Onlar bir çox insanın çəkindiyi və ehtiyat etdiyi vaxtda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyətə başladılar. O gün mənim çox yaxşı yadımdadır. Könüllülərimizə "Biz də bu mübarizəyə töhfə verməliyik və hava limanında dəstəyə ehtiyac var" deyəndə onlardan hər biri tərəddüd etmədən "bəli" dedi. İlk günü xatırlayıram. Hava limanına daxil olduq və xüsusi ayrılmış əraziyə doğru hərəkət edirdik. Baxmayaraq ki, onlar zəruri tibbi müdafiə ləvazimatları ilə təmin olunmuşdular, könüllülərimizin gözlərində bir həyəcan və eyni zamanda, cəsarət, sevgi də gördüm. Bu, vətənə, dövlətə və insanlara olan sevgi idi. Onlar minlərlə vətəndaşımızın müvafiq qaydada qəbul olunması prosesində iştirak etdilər və hazırda da edirlər.

Digər bir halı da qeyd etmək istərdim: 23 mart 2020-ci il tarixində xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar yaşı 65 olmuş vətəndaşlarımıza öz evlərini tərk etməmək kimi qadağa qoyulmuşdur. Bu halda da ASAN könüllüləri yaşlı insanlarımızın yanında oldular. Onlara həm mənəvi, həm də maddi dəstək göstərdilər. ASAN könüllülərinin bu davranışı onlarda böyüklərə hörmət və qayğı ilə yanaşmaq kimi dəyərin olduğunun bariz nümunəsidir. Bunun nəticəsində mindən artıq yaşlı vətəndaşımıza dəstək göstərildi".

C.Hacıyevin sözlərinə görə, pandemiya dövründə uşaqlar da yaddan çıxmayıb: "Xüsusi qayğıya ehtiyac duyan və həssas təbəqədən olan yüzlərlə uşağa və onların ailələrinə yardım göstərildi. Bunun üçün ASAN könüllülləri respublikamızın 30-dan artıq rayonunu və 400-ə qədər kəndinə getdilər. ASAN könüllüləri şəkər diabeti olan vətəndaşlarımızı da unutmadılar və tibbi heyətlə birlikdə 4000-ə yaxın vətəndaşımıza zəruri dərmanları çatdırdılar. Könüllülər "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində "Evdə qal, təbiəti qoru" kampaniyasına da başladılar. Onlarla maarifləndirici roliklər çəkdilər və sosial şəbəkələrdə yaydılar. Sadaladığım bütün bu fəaliyyətlər ASAN könüllülərinin bu işləri böyük həvəs və sevgi ilə gördüklərindən xəbər verir. Bu çətin günlərdə onlar bir dəfə də "yoruldum" demədilər. Gecə və gündüz çalışdılar və çalışırlar. Onlar bir fədakarlıq nümayiş etdirirlər. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birinci əsas şərt ölkə rəhbərliyinin böyük dəstəyi, könüllülərə inamı və "Biz birlikdə güclüyük" olan çağırışıdır. Digər səbəb isə könüllülüyün bir dəyər kimi onlar üçün böyük əhəmiyyət kəsb etməsidir. Pandemiya dövründə fəaliyyətdə olan ASAN könüllüləri və digər könüllülər Azərbaycan könüllülük tarixində yeni bir səhifə yazdılar".