11 oktyabr 2019 19:25
3271

Paşinyanın növbəti rüsvayçılığı: Ermənistan Kim(lər)in ümidinə qalıb...?

Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı sərsəm və naşı bəyanatları ilə gündəmə gəlməsi azmış kimi, bu yaxınlarda  daha bir rüsvayçı hərəkəti ilə qınaq obyekti olub. İşğalçı ölkənin mətbuatında baş nazirin bu yaxınlarda Ermənistana səfərə gələn  erməniəsilli amerikalı ulduz Kim Kardaşyanla  sevincək görüşüb hətta səmimi selfilər çəkdirməsi geniş tirajlandı. Erməni cəmiyyətinin böyük əksəriyyəti Paşinyanın bu davranışını, eləcə də Kim Kardaşyanı az qala rəsmi şəxs kimi qəbul edib  bununla fəxr etməsini yüngülməcazlıq və rüsvayçılıq kimi dəyərləndiriblər.

Ermənistanın “armenianreport.com” saytının şərhçisi Tevos Arşakyan yazısında xeyli sərt  ifadələrlə  baş naziri hədəfə alıb: “ “Paşinyan “Kardaşyanın Ermənistanı  tanıtmaq səylərini yüksək qiymətləndirirəm” fikri ilə özü də bilmədən nəinki təkcə öz şəxsi reytinqinə, eləcə  ölkənin imicinə güclü zərbə endirdi.

Erməni əsilli amerikalı ulduz Kim Kardaşyan həmişə Ermənistanda ona geniş qucaq açılmasına adət edib. Üstəlik, ölkədə ən yüksək səviyyədə diqqət yetirilir. Bu həftə də ölkəmizə gələn  ulduz ailənin gəlişi ilə bağlı baş verənlər istisna olmadı. Kim Kardaşyan  nəinki cılız və tamamilə aciz prezident Armen Sarkisyan, eləcə də hakimiyyətin bütün gücünü əlində cəmləşdirmiş şəxs - baş nazir Nikol Paşinyan tərəfindən də qəbul edildi. Buna görə hökumət başçısı güclü ictimai tənqidə məruz qaldı”.

Müəllif  ölkənin birinci rəsmi şəxslərinin məlum səfərlə bağlı bu dərəcədə sevinməsini yersiz və rüsvayçı hesab etdiyini açıq şəkildə dilə gətirib:  “Axı, əslində burada sevinmək üçün xüsusi bir səbəb  yoxdur.  Kim Kardaşyan elmdə, tibbdə, yaxud  siyasətdə hansısa bir xüsusi nailiyyətinə görə tanınmayıb ki,  məhz porno ulduzu kimi dünyada  “şöhrət” qazanıb...”

Şərhçi  ümumiyyətlə, Ermənistanın adının məhz bu cür isimlərlə anılmasından və tanınmasından məyus olduğunu ifadə edib: “Kim Kardaşyan  erməni xalqının üz qarasıdır. Axı, o, erməni gəncliyinə, məhz elə gənc erməni qızlarına hansı nümunə göstərə bilər? Yüz oyundan çıxın və bu yolla məşhurlaşın? Doğrudanmı, hansısa valideyn qızına belə populyarlıq arzulayar? Hərçənd ki, Ermənistanda Kimə ibadət edənlərin sayının  kifayət qədər olduğuni etiraf etməliyik.  Sən demə, onların arasında şəxsən baş nazir Nikol Paşinyan da varmış”.

T. Arşakyan təəssüflə qeyd edir ki, Kim Kardaşyanı qəbul etməklə, onunla rəsmi səviyyədə danışmaqla, ortaq selfi çəkməklə, baş nazir səhvən inanır ki, bu addımları  ona yaxşı xidmət edəcək, reytinqini artıracaq, məşhur ermənilərə qayğı və diqqətinin göstəricisi kimi qəbul ediləcək. Ancaq Nikol Paşinyan bunu dərk etmədən nəinki reytinqinə, həm də ölkəmizin imicinə güclü zərbə vurduğunu anlamayaraq “Ermənistanın tanınmasını yüksəltmək yolunda Kardaşyanın səylərini yüksək qiymətləndirir” və dünya arenasında ölkəyə marağın artmasını Kimlərə borclu olduğunu dilə gətirir”.

Müəllif əslində ölkəsinin belə bir imiclə tanınmasından o qədər utanır ki, yazıda hiddətini gizlədə bilmir: “Bağışlayın,  dünyada ölkə iqtisadi uğurlarına, elmdəki nailiyyətlərinə, demokratiya səviyyəsinə görə tanınmalıdır, Kim Kardaşyana görə deyil. Əgər Paşinyan Kimə qarşı belə mehribandırsa və onun “məşğuliyyətinin” Ermənistanın dünyada tanıdılmasına kömək etdiyinə inanırsa, daha  mənim sözüm yoxdur. Doğrudanmı , Paşinyan istəyər ki, qızları pərəstiş etdiyi Kim Kardaşyanın yolu ilə getsin? Cavab müsbət olarsa, onda Paşinyana da daha sualım yoxdur. Əgər qızları üçün belə bir karyera istəmirsə, o zaman niyə cəmiyyətimizə mənəvi, əxlaqi və əqli baxımdan belə bir iyrənc nümunə göstərir?”

Müəllif  Ermənistandakı ağır sosial durumu, çətin iqtisadi vəziyyəti və siyasi xaosu da xatırladaraq belə bir şəraitdə baş nazirin boş-boş şoularla gündəm yaratmaq cəhdlərini pisləyib: “Kimi kraliça kimi qarşılamaqdansa, yaxşı olardı ki, ondansa övladları qeyri-döyüş şəraitində ölən hərbçilərin valideynlərini qəbul edib onları dinləsin, bərbad vəziyyətdə olan erməni ordusunun problemlərinin həlli ilə məşğul olsun...”

Beləliklə, səfil duruma düşən Ermənistanın hər cəhətdən acınacaqlı vəziyyətin i təsəvvür etmək üçün elə öz mətbuatına nəzər yetirmək kifayətdir... Bu rakursda Paşinyanın rüsvayşı davranışları “hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir” məsəlimizə tam uyğundur. Bunları biz demirik, artıq özləri ürək ağrısı və məyusluqla etiraf edirlər ki, ölkələri başda Paşinyan olmaqla Kim(lər)in ümidinə qalıb- Ermənistanı Kim(lər) tanıdır...

Sevinc Abdullayeva, “İki sahil”