24 fevral 2020 17:03
1486

"Paytaxtda elə bir avtobus xidməti olmalıdır ki..."

Xəbər verildiyi kimi, fevralın 18-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Ölkə başçısı qəbulda bildirib ki, paytaxtda prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər.

Qeyd edək ki, dünya təcrübəsində tez-tez rast gəlinən bu hal ictimai nəqliyyat sisteminin yüksək inkişaf etdiyi şəhərlər üçün xarakterikdir. Nəticədə belə halda ekoloji normanın gözlənilməsi ilə yanaşı, tıxacların da qarşısı alınmış olur.

Düzdür, paytaxt Bakı şəhərində bir çox hallarda tıxacların yaranma səbəblərindən biri kimi avtomobillərin sayının artması göstərilsə də, ekspertlər meqapolislərin misalında bunun o qədər də əhəmiyyət kəsb etmədiyini qeyd edirlər. Ancaq istənilən halda paytaxtın mövcud yol infrastukturunun da ötürmə qabiliyyəti var. Yəni hərəkət edən avtomobillərin sayı artdıqca, bu qabiliyyət də azalmağa doğru gedir.

Aydın məsələdir ki, əhalinin sayının artması, eyni zamanda, Bakı şəhərinin ətraf qəsəbələrində məskunlaşma səviyyəsinin yüksəlməsi avtobus xidmətinə tələbatı da artırır. Hərçənd ki, V. Kərimlinin qeyd etdiyi kimi, daşıyıcı şirkətlərin sayının 65-dən 37-yə endirilməsi marşrut xətlərinin bir daşıyıcıdan alınıb digərinə verilməsi ilə bərabər, xətlərin biri-birini təkrarlaması səbəbi ilə ləğvinin də göstəricisidir.

Belə ki, vaxtilə paytaxtda 300-ə yaxın marşrut xətti olsa da, hazırda bu göstərici demək olar ki, yarıbayarı azalıb. BNA-nın rəsmi saytında yerləşdirilmiş məlumata görə, fəaliyyətdə olan 150 marşrut xəttinin 43 faizini və ya 65-ni şəhərdaxili, 57 faizini və ya 85-ni isə şəhərətrafı xətlər təşkil edir. Rəqəmlərdən də aydın olduğu kimi, ümumi say üzrə şəhərətrafı marşrut xətləri üstünlük təşkil etsə də, avtobusların sayında bu heç də belə deyil. Bununla da paytaxtdakı 2046 avtobusun 1064-ü şəhərdaxili, 982-si isə şəhərətrafı xətlərdə fəaliyyətdədir. Orta hesabla hər şəhərdaxili marşrut xəttində 16 avtobus olsa da, şəhərətrafında bu rəqəm 11-dir.

Nəticə etibarilə buraya əhalinin yaşayış səviyyəsinin artması amilini də əlavə edəndə, bu, şəxsi avtomobillərdən istifadəni artırır. Bu, idxalda da özünü büruzə verir.  Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəyə idxal olunan əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2016-cı ildə 4991 olunduğu halda, 2017-ci ildə 11610, 2018-ci ildə 26147, 2019-cu ildə isə 43156 olub. Göründüyü kimi, avtomobillərin idxalına tətbiq edilən gömrük rüsumu və aksiz vergisinin son illərdə artırılmasına rəğmən, bu, ölkəyə gətirilmiş avtomobillərin sayına təsir etməyib. Bununla qeyd edilmiş illərdə avtomobil idxalında hər il əvvəlki illə müqayisədə 2 dəfədən çox, 2019-cu ildə isə 65 faizdən çox artım qeydə alınıb. Eyni zamanda, paytaxtda ölkədə yığılmış avtomobillərə də rast gəlinsə də bu, ümumi saya təsir göstərəcək səviyyədə deyil.

Bununla belə, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə yeni avtobusların gətirilməsi prosesinə başlanılıb. Elə 2018-ci ildən ictimai nəqliyyatda gediş haqları artırılarkən bunun özəl daşıyıcı şirkətlərin avtobus parklarını yeniləməyə imkan verəcəyi bildirilmişdi. Lakin V. Kərimlinin ölkə başçısının qəbulunda verdiyi məlumatdan belə məlum olur ki, 2019-cu ildə  ölkəyə gətirilmiş avtobusların yalnız 3-də 1-i özəl daşıyıcılara məxsus olub. Əsas hissəsi isə dövlət büdcəsi hesabına idxal edilib.

İstənilən halda dövlətimizin başçısının da vurğuladığı kimi, paytaxtda tıxacların olmaması BNA-nın əsas vəzifəsidir. Həmçinin o da məlumdur ki, son 10-12 ildə paytaxtda böyük yol infrastukturu layihələrinin icra edilməsi tıxacların qarşısını əhəmiyyətli şəkildə alıb. Söhbət həm də ondan gedir ki, 2008-ci ildə ölkədə 860 min 47 avtomobil qeydiyyatda olsa da, 2018-ci ildə bu rəqəm 1 milyon 370 min 574-a yüksəlib ki, bunun da əksəriyyəti Bakı yollarında hərəkətdədir. Başqa sözlə, avtomobillərin sayının artması fonunda sözügedən yol layihələri olmadan bugünki gündə paytaxtda hərəkətin tənzimlənməsi mümkünsüz olardı.      

Lakin məlum məsələdir ki, tıxacların qarşısının alınması təkcə infrastrukturun yaradılması ilə yekunlaşmır. Beləliklə, bu istiqamətdə görülməli əsas işlərdən biri də xidmətin keyfiyyətinin yüksəldilməsi ilə əhalinin ictimai nəqliyyatdan istifadə səviyyəsinin daha da yüksəldilməsinə nail olunmasıdır.  

Ceyhun Piriyev, “İki sahil”