06 noyabr 2019 15:44
199

Pirallahıda vətəndaşlar YAP-ın namizədləri üçün imza verirlər - FOTO

Dekabrın 23-də bələdiyyələrə  keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası  (YAP) yüksək səviyyədə hazırlaşır.

Hazırda isə seçki kampaniyası çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Pirallahı rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov seçki kampaniyasına hazır olduqlarını bildirib: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi yaradılıb. Qərargahın rayon şöbəsinin 11 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir.”

O qeyd edib ki, Pirallahı  rayonu üzrə 1 seçki dairəsi mövcuddur. 13 saylı Xəzər-Pirallahı  Dairə Seçki Komissiyasından rayonda 10 məntəqə üzrə  10 min 793 seçici qeydiyyatdadır.

H.Şikarovun sözlərinə görə, artıq namizədlərin qeydə alınması üçün noyabrın 5-dən  imza toplanılması prosesinə başlanılıb: “Bu prosesi 13 nəfər partiya fəalı həyata keçirir. Onlar evlərə gedərək imza toplayırlar. Hər bir irəli sürülən namizədin qeydə alınması üçün minimum 150 seçici imzası tələb olunur. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imza verirlər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir.”

Təşkilat sədri onu da deyib ki, imzatoplama prosesi qısa müddət ərzində başa çatacaq.

Orxan Vahidoğlu, “İki sahil”