14 yanvar 2020 20:42
219

Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiyadakı səfiri ilə görüşüb

Yanvarın 14-də Azərbaycanın Rusiyadakı səfiri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Debora Bronnerti ilə görüşüb.

Həmkarını Rusiyaya təyinat alması münasibətilə təbrik edən Azərbaycanın səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb, Rusiyada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumundan söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvasından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən diplomat, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə, o, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının əhəmiyyətini qeyd edib, dünya birliyini işğal faktına biganə qalmamağa çağıraraq, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini önə çəkib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.