04 dekabr 2019 14:22
103

Polis əməkdaşı iş yoldaşlarına atəş açaraq 6 nəfəri öldürüb

Hindistanın mərkəzi hissəsindəki Çhattisqarh ştatında yerləşən Narayanpur dairəsində polis əməkdaşının iş yoldaşlarını atəşə tutması nəticəsində azı altı nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hazırda yaralıların həyatı üçün təhlükə yoxdur, həkimlər onların vəziyyətini stabil qiymətləndirir.

AZƏRTAC Hindistan mətbuatına istinadla xəbər verir ki, insident dekabrın 4-də səhər saatlarında qeydə alınıb. Hücum edən şəxsin motivləri bəlli deyil.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, həlak olanlardan ikisi yüksək rütbəli polis zabitidir. Hücumdan sonra cinayətkarın özünü güllə ilə vurduğu bildirilir.

Qeyd edək ki, Çhattisqarh ştatı da daxil olmaqla, ölkənin mərkəzi hissəsində uzun illərdir maoçularla – siyasi elitanı devirməyə çalışan sol siyasi görüşlü silahlılarla mübarizə aparılır. Maoçular son illər regionda baş verən terror hadisələrinin, o cümlədən yüksək vəzifəli məmurlara və polislərə qarşı hücumların əksəriyyətinin məsuliyyətini öz üzərinə götürüb. Hindistanın mərkəzinin xeyli hissəsinin cəngəlliklə örtülməsi təhlükəsizlik qüvvələrinin maoçulara qarşı mübarizəsini çətinləşdirir.